AZ

Hay sərsəmliyi və İsrail amilinin qabardılması

Rəsmi İrəvanın məqsədi nədir?

Qüds (Yerusəlim) Bələdiyyəsi şəhərdəki erməni patriarxlığından milyonlarla dollar vergi tələb edir. Ermənistanda bununla bağlı ajiotaj yaranıb. Bildirilir ki, bu tələb Qüdsdə erməni patriarxlığının tarixi statusunu, o cümlədən erməni icmasının mövcudluğunu və ümumilikdə, xristian irsini təhdid edir.

Əlbəttə, məsələnin bu cür qoyuluşu hay düşüncə tərzinin zay məhsuludur. Mövcud fonda erməni başbilənlərin qaldırdıqları və dramatik səciyyə daşıyan məsələ isə Azərbaycanın İsrailin köməyi ilə Ermənistanda işğalçılığı reallaşdırmağa çalışmasına dair sərsəm iddiadır.

Məlum olduğu kimi, etibarlı mənbələrə istinadən Ermənistanın apreldə Azərbaycana qarşı müharibəyə başlayacağı ilə əlaqədar xəbər yayılıb. Qarşı tərəf bunun əksini, guya, Azərbaycanın Ermənistana qarşı hücuma keçəcəyini iddia edərək səs-küy qoparmaqdadır. Haqqında söz açdığımız “İsrailin işğal üçün Azərbaycana dəstəyi” məntiqi bundan irəli gəlir və “dramatizmi” dərinləşdirməyə hesablanıb. İstər rəsmi İrəvanın, istərsə də onun təbliğatçılarının əsl məqsədini isə sonda diqqətə çatdıracağıq.

Beləliklə, Ermənistan baş naziri Nikol Paşinyana yaxın ekspert və politoloq cameəsi bildirir ki, Azərbaycan, guya, İsraillə yaxşı münasibətlərindən istifadə edərək, Ermənistana qarşı hərbi hücum həyata keçirmək naminə ABŞ Prezidenti Donald Trampdan icazə almağa çalışır, hətta icazənin alına biləcəyi riski var. Onların qondardıqlarına görə, rəsmi Tel-Əviv Bakı və Vaşinqton arasında üçtərəfli əməkdaşlıq üçün güclü təməl yaratmaq məqsədilə danışıqlar aparır.

Heç şübhəsiz, belə ritorikanın gündəmə gətirilməsi Azərbaycanla Rusiya arasındakı hazırda sönük məcrada olan gərginliyi artırmaq məqsədi də daşıyır. Nəzərə alaq ki, erməni iqtidarı son günlər Moskva ilə yaxınlaşmaq istiqamətində müəyyən addımlar atmaqdadır və heç şübhəsiz, bu addımlarda Azərbaycanı Moskvanın gözündən salmaq amili də var.

Birbaşa mövzuya gəlincə, erməni dairələri israilli siyasilərin ölkəmizə önəm verilməsinə dair fikirlərini tirajlayırlar. Məsələn, onlar İsrailin “Şas” partiyasının üzvü Simon Moşiaşvilinin Knessetdə “İsrail və Azərbaycan arasında strateji müttəfiqlik” mövzusundakı müzakirələr zamanı dediklərini yada salırlar. Cənab Moşiaşvili bildirmişdi ki, Azərbaycan İsrailin Qafqazda təhlükəsizlik, ticarət, texnologiya və enerji sahələrində strateji müttəfiqidir. Hesab edirik ki, onun dediklərində fövqəladə nə isə yoxdur. Çünki İsrail dövlətinin ölkəmizə münasibəti hər zaman yüksək səviyyədə olub və bu amil ölkənin siyasi çevrələrinə də sirayət edib və etməkdədir.

Qeyd edək ki, İsrailin Milli missiyalar naziri Orit Strookun İsrail – Azərbaycan münasibətlərinin unikal tərəfdaşlıq, qarşılıqlı maraqlar və uzunmüddətli dostluq üzərində qurulduğunu dilə gətirməsinə də təəccüblənmək lazım deyil. Eləcə də onun “İsrail Azərbaycan və ABŞ ilə əməkdaşlığı gücləndirməyə davam edəcək və bu münasibətləri korlamaq cəhdlərinə qarşı duracaq” şəklində fikir bildirməsinə. Ancaq “təəccüblənənlər” var. Mövcud fonda onu da deyək ki, fikirlərini diqqətə çatdırdığımız cənab Moşiaşvili, həmçinin Cənubi Qafqazda regional təhlükəsizlik arxitekturasının əsas hissəsi olan Azərbaycanın ABŞ-ın sanksiyaları ilə üzləşməsinin yolverilməzliyini vurğulayıb. Bu fikrin erməni siyasilər tərəfindən qabardılmasını təsadüfi saymırıq.

Məsələ ondadır ki, hazırda rəsmi İrəvan bir tərəfdən Rusiya ilə münasibətləri qaydaya salmağa çalışsa da, digər yandan ABŞ-ın yeni rəhbərliyinin özünün avantürasında sipərə çevirmək arzusundadır. Bu məqsədlə erməni diplomatiyası aktiv şəkildə ölkəmizi Vaşinqtonun nəzərindən salmaq xətti götürüb. Bütün bunlar Paşinyan iqtidarının sülh müqaviləsi müstəvisindəki manipulyasiyaları ilə müşayiət olunmaqdadır. Azərbaycan dövləti isə hər zaman ABŞ-la münasibətlərə önəm verib. Ancaq bu önəm, heç bir halda, ölkəmizin balanslı siyasət xəttinə kölgə salmayıb.

Bakının Vaşinqton ilə strateji tərəfdaşlığının arzulandığını dilə gətirən Prezident İlham Əliyev bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Birləşmiş Ştatların əvvəlki administrasiyasının ikitərəfli əlaqələrə vurduğu ziyanı diqqətə çatdırıb. Yəni, dövlətimizin başçısı strateji tərəfdaşlıq məsələsini ABŞ-la münasibətlərin yeni düzəni timsalında vurğulayıb. Erməni politoloqlar isə mövcud məqamı, az qala, Azərbaycanın tamamilə Birləşmiş Ştatlara yaxınlaşmaq cəhdi kimi qiymətləndirməyə çalışır və bu baxımdan qondardıqlar İsrail vasitəçiliyi üzərində dayanırlar. Əlbəttə, necə deyərlər, hər şeyi, öz arşınları ilə ölçürlər. Axı erməni siyasi düşüncə tərzi üçün siyasət anlayışı yarınmaqdan başqa bir şey deyil.

Bəli, Bayden administrasiyası ölkəmizə qarşı qərəz motivlərinə köklənmişdi və bu, onun aşkar ermənipərəstliyində özünü göstərirdi. Yəni, Birləşmiş Ştatların əvvəlki hakimiyyəti ölkənin vaxtilə müşahidə edilmiş klassik ermənipərəstliyinə üstünlük vermişdi. Bu baxımdan Azadlığa Dəstək Aktına 907-ci düzəlişin gündəmə gətirilməsini vurğulamaq mümkündür. Məlum olduğu kimi, sənəd Azərbaycan torpaqlarının işğala məruz qaldığı bir dövrdə qəbul edilmiş və ölkəmizə hərbi yardımın dayandırılmasını nəzərdə tutan sanksiya mahiyyəti daşımışdı.

Lakin sonradan ABŞ Konqresi ölkə Prezidentinə 907-ci düzəlişin qüvvəsini dayandırmaq hüququ vermiş və Birləşmiş Ştatların bəzi dövlət başçıları bu hüquqdan yararlanmışdılar. Bayden isə sənədi qüvvədə saxlamışdı. Deməli, ABŞ-Azərbaycan münasibətlərinin rəvanlığı baxımından 907-ci düzəlişin tamamilə ləğvi və rəsmi Bakının öz növbəsində mövcud istiqamətdə çalışması vacibdir. Ermənistan hakimiyyətinə yaxın siyasi dairələr isə iddia edirlər ki, İsrail məsələdə Azərbaycana kömək edəcək. Onların sözlərinə görə, Bayden administrasiyası sözügedən düzəlişi qüvvədə saxlamaqla, Bakının təcavüzkarlığının qarşısını alırdı.

İddia, həqiqətən, çox gülüncdür. Ən azı ona görə ki, Azərbaycan böyük ölçüdə Amerikanın hərbi yardımına ehtiyac duymur, istədiyi ölkədən öz vəsaiti ilə silah ala bilir. İkincisi, Birləşmiş Ştatların hərbi yardımı olsa belə, onun miqyası işğal gerçəkləşdirməyə imkan yaratmır. Azərbaycan üçün 907-ci düzəlişin ləğvi yalnız mənəvi məsələdir. Yəni, rəsmi Bakının hesablaması tarixi ədalətsizliyi aradan qaldırmağa yönəlib ki, dərindən yanaşılsa, bu, Vaşinqtonun özü üçün də vacibdir. Vacib olmayan isə erməni hakim dairələrinə yaxın şəxslərin Baydeni, bir növ, haqq-ədalət mücəssiməsi kimi göstərmələridir. Sən demə, qoca Co hər şeyi öz adı ilə çağırır, Azərbaycanın Ermənistanı “işğalını”, bu azmış kimi “Qarabağın işğalını”, ermənilərin bölgədən “qovulmalarını” pisləyirmiş.

Birincisi, Bayden administrasiyası erməni düşüncə industriyasının iddia etdiyi kimi, heç də açıq danışmağa üstünlük vermir, öz anti-Azərbaycan fəaliyyətini necə deyərlər, altdan-altdan gerçəkləşdirirdi. Yəni, məlum idi ki, “fəaliyyətin” konturları Ağ evdə hazırlanıb. İkincisi, Baydenin şəninə təriflər yağdırılması fonunda elə təəssürat yaranır ki, Tramp ermənilərə qarşı ədalətsiz mövqe tutur, yaxud tutmağa çalışır. Yəni, belə yanaşmanın özü absurddur. Ən böyük absurdu isə əvvəldə diqqətə çatdırdıq. Söhbət Trampın Ermənistanın işğalına icazə vermək iddiasından gedir.

Sonda əvvəldə dediyimiz kimi, Azərbaycanın Ermənistanı işğalı və bu işdə İsrailin köməyi kimi sərsəm ritorikanın gündəmə gətirilməsinin hansı “məqsədə” hesablanmasından söz açaq. Bəli, Ermənistan hakimiyyətindəkilər çox yaxşı bilirlər ki, hərəkətləri, ümumən tutduqları yol Cənubi Qafqazda sülh mühitinin formalaşmasının qarşısını kəsmək, qlobal siyasi oyunlarda iştirak və beləliklə, Cənubi Qafqaz regionunun inkişafına sədd çəkməkdir. Onlar yanaşmalarının əsəbləri tarıma çəkdiyini gözəl anlayırlar.

Digər yandan isə Paşinyan hakimiyyətinin xaricdəki havadarlarının, xüsusən Fransanın qoyduğu tələblər var. Hazırda erməni iqtidarı həmin tələb və sifarişlərin yerinə yetirilməsinə səy göstərir. Hər halda, Ermənistanın Azərbaycana qarşı apreldə müharibəyə başlayacağına dair məsələ heç də elə-belədən yaranmayıb. Rəsmi İrəvan və ona yaxın çevrələr məhz özlərinin işğalçılıq niyyətlərini ört-basdır etməyə çalışırlar. Bu baxımdan isə İsrail amili üzərində dayanmaq, vay-şivən qoparmaq onlar üçün mühüm vasitədir. Ancaq belə mənasız gedişlər heç nəyə yaramayacaq. Çünki kimlərin hansı niyyətlə ortaya düşdükləri gün kimi aydındır.

Ə.RÜSTƏMOV
XQ

Seçilən
2
xalqqazeti.az

1Mənbələr