Ötən müddətdə bu imkandan 52 mindən çox sahibkar faydalanıb
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit mexanizmlərindən indiyədək ölkə üzrə 52 mindən çox sahibkar faydalanıb. Bu fikri fondun İdarə Heyəti sədrinin müavini Eldar Həmidov Bakıda keçirilən 1-ci Milli Maliyyə Əlçatanlığı Forumunda səsləndirib. O deyib ki, ötən müddətdə iqtisadiyyatın müxtəlif sahələrində və fərqli iqtisadi rayonlarda fəaliyyət göstərən sahibkarlara 3,3 milyard manatdan çox güzəştli kredit verilib. “Biz hər il daha çox sahibkarın dövlət güzəştli kreditlərindən yararlanması üçün çalışırıq. Təsadüfi deyil ki, 2024-cü ildə fond tərəfindən güzəştli kredit alan sahibkarlıq subyektlərinin sayı 2023-cü illə müqayisədə 74,7 faiz artaraq 7 min 222-yə çatıb. Verilmiş kreditlərin məbləği isə 28 faiz artaraq 248 milyon manat olub”, – deyə o əlavə edib.
Qeyd olunub ki, 2024-cü ilin fevral ayından etibarən fond zəmanət subsidiya mexanizminin icrasına başlayıb. Bu mexanizm çərçivəsində işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəallığın bərpası və investisiya qoyuluşlarının sürətləndirilməsinə dəstək məqsədilə həmin ərazilərdə investisiya layihəsi həyata keçirən sahibkarların, bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərə zəmanət və subsidiyalar təmin olunur. E.Həmidov deyib ki, işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən sahibkarlar tərəfindən indiyədək zəmanət, subsidiya mexanizmi üzrə 22 layihə ilə bağlı fonda müraciət daxil olub. Həmin layihələr üzrə sahibkarlara 32,3 milyon manat güzəştli kredit ayrılıb. Fond tərəfindən bu mexanizmlə maliyyələşdirilən layihələr sənaye, xidmət, turizm və kənd təsərrüfatı sahələrini əhatə edib. Şuşa, Xankəndi, Ağdam, Cəbrayıl və Xocalıda həyata keçirilmiş bu layihələrin ölkə iqtisadiyyatına töhfəsi getdikcə artır.
Hər il fondun müşahidə şurası tərəfindən prioritet istiqamətlərin müəyyənləşdirildiyini diqqətə çatdıran E.Həmidovun sözlərinə görə, 2025-ci il üçün təsdiqlənmiş prioritet istiqamətlərə sənaye məhsulları istehsalı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, logistik xidmətlər, anbar komplekslərinin yaradılması, balıqçılıq, rəqəmsal inkişaf və innovasiyaya yönümlü layihələr, eləcə də “yaşıl” layihələr, kütləvi informasiya vasitələrinin inkişafı yönümlü layihələr, turizm, təhsil, tibb sahəsi daxildir. O deyib ki, bu ildən xidmət, mədəniyyət və yaradıcı sahələr də fondun güzəştli kreditlərindən faydalana biləcək.