AZ

“Göygöl”dən ucalan səda

Rövşən Behcət – 80

Mənası şadlıq, sevinc, gözəllik anlamına gələn “Behcət” soyadlı Rövşən (işıqlı, aydın) özünün səs möcüzələri ilə könüllərə işıq salan, sevinc bəxş edən sənətkar olub. Səhnəni vaxtsız tərk etsə də, 14 ildən bəri aramızda olmasa da, yaddaşlarda özünə “taxt-tac” quranlardandır.

Əslən Güney Azərbaycan kökənli Rövşən Behcətin atasıgil 1938-ci ilə qədər Gəncədə yaşayıb. Amansız repressiya ucbatından Təbrizə köçmək zorunda qalıblar və Rövşən də 1945-ci il martın 13-də orada anadan olub. Ailə bir də 23 illik ayrılıqdan sonra, onun 16 yaşı olanda Gəncəyə köçə bilib. Dayıları, bibiləri burada yaşadıqları üçün köçkünlük əziyyəti çəkənlərə həyan olublar. Rövşən gündüzlər alüminium zavodunda fəhlə işləyib, orta təhsilini isə axşam məktəbində alıb. Bir gün gənclərin yığışdığı məclisdə o zamanın məşhur mahnılarından olan “Ya Mustafa”nı oxuyub və zavodun bədii özfəaliyyət kollektivinə üzv qəbul edilib.

Rövşənin burada bənzərsiz ifaları bütün şəhərə səs salıb. Sonra Gəncədə yaranan “Göy göl” mahnı və rəqs ansamblının solisti olub. 25 ilə qədər bu kollektivlə çalışıb. Təsadüfi deyil ki, Rövşən Behcət deyəndə dərhal bəstəkar Fikrət Əmirovun adını daşıyan “Göy göl” ansamblı, “Göy göl” deyəndə isə onun yaradıcısı, Əməkdar artist Fikrət Verdiyevlə bərabər, Rövşən Behcət yada düşür. Özünəməxsus səs tembri olan müğənninin ifasında bir çox mahnılar, muğamlar, təsniflər və s. “Qızıl fond”da saxlanılır.

İlk konsertində səhnəyə çıxınca tamaşa salonunun bütünlüklə dolu olduğunu, tanınmış müğənnilərin də onu maraqla süzdüyünü görərək çaşıb. Amma özünü tez toparlayıb və səsi ilə, zəngulələri ilə, eləcə də yaraşıqlı görkəmi ilə heyranlıq yaradıb. Tezliklə daha bir konsert anşlaqla keçib, ardınca 3 gün dalbadal onun ifaları “Göy göl”ü alqış dalğalarına qərq edib. 1968-ci ildə Rövşən Behcət Ümumdünya Gənclər Festivalının ilk onluğuna düşüb.

Görkəmli bəstəkar Cahangir Cahangirov məxsusi onun üçün “Göygöl” mahnısını yazıb. Bu mahnıya, eləcə də “Çahargah” və “Dəşti”yə özünəməxsus ifa tərzini, “Gəl, inad etmə”, “O yana döndər məni”, “Dözə bilmirəm”, “Cavab gözləyirəm”, “Hacıkəndə gedən yollar”, “Dalğalar”, “Vətən qızları” mahnılarına şirin səsini, xoş avazını qatan sənətçini xiridarlar ürəkdən təqdir ediblər. Tez bir zamanda sorağı aləmə yayılıb. Bu məşhurluqdan istifadə edib asanlıqla Bakıya gələ, böyük şəhərin zəngin mədəni həyatında özünə yer tapa bilərdi. Amma “Göy göl”ü, şöhrət tapdığı, ailə qurub xoşbəxtliyə qovuşduğu Gəncəni, qayğıkeşi Fikrət müəllimi tərk etməyib. Doğma ansamblla dəfələrlə xarici qastrollarda olub, rövnəqləndirdiyi məclislər, konsertlər ara verməyib.

Ey gül sənə dünyada bərabər yenə varmı,
Səndən də gözəl sevgili-dilbər yenə varmı?..

Necə deyərlər, gözünü yumub səsini “dara çəkməsi”, özəl zəngulələri, zil-bəm qalxıb-enmələri, təsnifə özünəxas keçidi ifa boyunca dönə-dönə alqışlandığı xatirimizdədir. O oxuduqca salondan izləyən Dədə Süleyman, Niyaməddin Musayev və Tələt Qasımov bir-birinin üzünə baxıb “Gör, neylədi!”, “Halal olsun!” deməkdən özlərini saxlaya bilmirdilər.

Rövşən Behcət dəvət olunduğu el məclislərindən də imtina etməyib. Toyları qonaqların ayaq üstə dinlədiyi konsertlərə çevirməyi çox olub. Ömrünün son dövrlərində də ifaları ilə heyrət doğurub.

Bilirsənmi heç necə,
Qəmim dönüb sevincə.
Yuxumdasan hər gecə
Mən gecələr yatanda.

Musiqisi Şahid Əbdülkərimova, sözləri Ofelya Hacıyevaya məxsus olan, İslam Rzayevin və Səxavət Məmmədovun möhürünü vurduğu “Şirin yuxun olaydım” mahnısını Rövşən Behcət 3-cü möhürlə daha da şərəfləndirib. Səsindəki Təbrizdən gəlmə izaholunmaz yanğı, qeyri-adi boğazlar, xalq ruhunda şirinlik ona əl çalanların ovuclarının içini qıpqırmızı qızardıb. Məşhur qarmon ifaçısı Xanlar Cəfərov oğlunun toyunda həmin mahnını oxumuş müğənniyə ünvanlanan sürəkli alqışlar səngiyincə fəxrlə deyib ki, görürsünüzmü, Rövşən həmin Rövşəndir!

Gözəl sənətçinin öz nəvəsinin toyu da elə konsertə dönüb. Həmin məclisə çox sayda musiqiçilər təşrif buyuraraq, baba sevincinə ürəkdən şərik olublar. Rövşən Behcət özü isə toyu “Ana Kür”lə elə başlayıb, sənətçi dostları üçün elə müqəddimə edib ki, əsl möcüzə yaradıb .

Təəssüf ki, “Xatirəsən, yar” adlı məşhur mahnısında oxuduğu kimi, Behcət özü də çox erkən xatirəyə dönür. Xəstəlik üzündən cəh-cəhini dayandırmalı olur. Bu yerdə “Sən saydığını say…” məsəli yada düşür. 1993-cü ildə ünlü sənətçi iflic keçirir və məcburən sənət fəaliyyətini dayandırmalı olur. Vaxtilə televiziyada birgə çalışdığım rejissor Miri Rzayev şair-jurnalist Camal Yusifzadənin ssenarisi ilə onun həyat və yaradıcılığından bəhs edən “Yorulmamışam” adlı təsirli bir film ekranlaşdırıb – baxanda kövrəlməmək olmur.

Bir ara Bakıda “Neftçi” adlı ansamblda çalışsa da, can ağrısı müğənnidən əl çəkməyib və Rövşən Behcət uzun sürən xəstəlikdən sonra 2011-ci il avqustun 19-da dünyasını dəyişib. Gəncədəki “İmamzadə” qəbiristanlığında torpağa tapşırılıb.

Ə.DOSTƏLİ
XQ

Seçilən
18
xalqqazeti.az

1Mənbələr