Şərqi Aralıq dənizi bölgəsində flaminqoların sayı 1 ildə 2 dəfə artıb
Qardaş Türkiyənin təbiəti, flora və faunası çox gözəl, əsrarəngiz və bənzərsizdir. Ölkə əhalisi isə canlı aləmə, çeşidli bitki, heyvan və quşlara xüsusi diqqət və qayğısı ilə seçilir. Sakinlərin qızıl qazlara, elmi ədəbiyyatda flaminqo kimi tanınan nadir quşlara da sayğısı dünyada rəğbətlə qarşılanır.
Qeyd etmək lazımdır ki, Şərqi Aralıq dənizi bölgəsində flaminqolar üçün əhəmiyyətli su-bataqlıq ərazilər çoxdur. Bu son dərəcə gözəl məkanlara flaminqolar “ev sahibliyi” edirlər. Xoşbəxtlikdən onların sayı son illər azalmır, əksinə, çoxalır. Məsələn, təkcə son bir ildə qızıl qazların sayı ərazidə 2 dəfə artaraq 23 min 303-ə çatıb.
“Anadolu” agentliyinin müxbiri yazır ki, Adana, Mersin, Hatay, Osmaniyə ellərində aparılan qışortası sayımın nəticələrinə görə, bu ərazilərdə 70 növdə 311 min 945 flaminqo aşkar edilib.
Düzdür, bu sahədə dəqiq rəqəm söyləmək çətindir, amma hesablamalar kifayət qədər dürüst və mötəbərdir. Qızıl qazların baş sayı Türkiyənin 7-ci Təbiəti Mühafizə və Milli Parklar Region Müdirliyi adından Təbiət Araşdırmaları Dərnəyinin əməkdaşları tərəfindən aparılıb.
Təbiəti Mühafizə və Milli Parklar 7-ci Region Müdirliyinin müdir müavini Hilmi Çatal bildirib ki, Şərqi Aralıq dənizində su quşlarının siyahıyaalınması yanvarın 17-də başlayıb və 22-də başa çatıb. Onun sözlərinə görə, ornitoloqlar Adana, Mersin, Hatay və Osmaniyədə, ümumilikdə, 311 min 945 su quşu qeydə alıblar.
Hilmi Çatal agentliyin yazarına Çukurova deltasında aparılan işlərdən də danışıb. O, populyasiyanın artmasına ən mühüm səbəb kimi bu növlərin mühafizəsi və yaşayış mühitinin yaxşılaşdırılmasını göstərib. Bundan başqa, brakonyerliyə qarşı mübarizə də gücləndirilib.
Qızıl qazlar nadir, sayı azalmaqda olan, qışlayan və köçəri quş növüdür. Afrikadan tutmuş, Orta Şərq, Qafqaz, Avropanın Aralıq dənizi sahillərində yayılmışlar. Xəzərdə və bütün iri daxili su hövzələrində qışlayırlar. Ən stabil qışlama yerlərinə ölkəmizin ərazisindəki Qızılağac körfəzi, Abşeron yarımadasındakı Şıx sahilləri, Dəvəçi limanı, Ağgöl, Sarısu və Kür-Araz düzənliyinin digər iri göllərini aid etmək olar.
Məlumat üçün bildirək ki, qızıl qazların yuvaları vulkan şəklindədir. Yuva quran qızılqazlar palçıq, kiçik daş parçaları və tökülmüş lələklərdən istifadə edirlər. Maraqlısı odur ki, quşun istifadə etdiyi bu qarışıq çox tez quruyur. Yuva 30 santimetr hündürlüyündə olur. Yuvanın hündür olmasının xeyri odur ki, su yüksələrkən yumurta sudan qorunur. Bu məqamda deməmək olmur: Quşların başı yaxşı işləyir!
Yeri gəlmişkən, qızıl qazların pərdəli ayaqları üzmələrini asanlaşdırır. Ayaqların yastı və geniş olması sayəsində qızıl qazlar yumşaq palçıq üzərində belə batmadan asanlıqla gəzirlər.
Yəqin ki, fotolarda təkayaqlı qızılqazlara rast gəlmisiniz. Alimlərin qənaətinə görə, qızıl qazların təkayaqlı duruşu onlara daha az güc sərf etməyə imkan verir. Belə ki, təkayaqlı duruş zamanı quşun sərf etdiyi enerji ikiayaqlı duruşa sərf edilən enerjidən daha azdır.
ABŞ ornitoloqlar qrupunun gəldiyi nəticəyə əsasən, tək ayaq üstə duran qızıl qazın əzələləri, demək olar ki, heç bir gərginliyə düşmür – əksinə, quşun əzələləri dincəlir. Bu səbəbdən qızılqazlar tək ayaq üstündə durarkən, hətta mürgüləyə də bilirlər. Digər elmi qrupların fərziyyələrinə görə isə, təkayaqlı duruş quşlara bədən temperaturunu qoruyub saxlamağa imkan verir.
Bir sözlə, Allah Yer üzünü insanlara onun əzəli və əbədi gözəlliklərindən zövq almaq üçün yaradıb. Biz insanlar isə bu qənirsiz və əvəzsiz sərvətin qədrini bilməliyik.
Məsaim ABDULLAYEV
XQ