Bakıda minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib.
Futbolpress.az xəbər verir ki, tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra dünya çempionatı ilə bağlı videoçarx nümayiş olunub. Milli komandamızın sabiq kapitanı Seymur Məmmədov dünya çempionatının xüsusi dizaynla hazırlanmış kubokunu nümayiş etdirib.
Püşkatma mərasimində ilk olaraq çıxış edən Dünya Minifutbol Federasiyasının preziddenti Filip Yuda ölkəmizə püşkatma mərasiminin möhtəşəm təşkilatçılığına görə öz minnətdarlığını bildirib. O, mundialın da yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə etdi.
Gənclər və İdman Naziri Fərid Qayıbov Azərbaycanda idmanın bütün növlərinin sevildiyini və minifutbolun çox populyar olduğunu açıqladı. Ölkəmizin böyük idman yarışlarına ev sahibliyi etdiyini deyən nazir minifutbol üzrə dünya çempionatının Azərbaycana həvalə olunmasının təsadüfi olmadığını diqqətə çatdırdı.
AFFA-nın prezidenti Rövşən Nəcəf isə ölkəmizdə böyük futbolla bərabər minifutbola da marağın getdikcə artdığını xüsusi olaraq qeyd etdi. Onun fikrincə dünya çempionatının Bakıda keçirilməsi bu idman növünü daha da populyarlaşdıracaq.
Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov dünya çempionatının ölkəmizə həvalə edilməsinə görə dünya minifutbol federasiyasının rəhbərliyinə minnətdarlığını bildirdi. O, minifutbol üzrə yığma komandamızın Avropa çempionu olduqdan sonra bu idman növünə marağın xeyli artdığını bildirdi. Orxan Məmmədov prezident İlham Əliyevin Avropa çempionatından sonra millimizin üzvlərini qəbul etməsini onlara əlavə stimul verdiyini diqqətə çatdıraraq bu amilin dünya çempionatının təşkilatçılığında ciddi rol oynadığını açıqladı.
Daha sonra püşkatma mərasimi başladı. Püşkü çıxaranlar arasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, millimizin keçmiş kapitanı Rəşad Sadıqov, minifutbol üzrə Azərbaycan millisinin keçmiş kapitanı Seymur Məmmədov, ölkəmizə xüsusi olaraq dəvət olunan ulduz futbolçu Luiş Nani də var idi.
Qeyd edək ki, püşkün nəticələrinə əsasən milli komandamız A qrupunda mübarizə aparacaq. Buradakı rəqiblərimiz Mavritaniya, Sloveniya və Bəhreyn milliləri olacaq.
Minifutbol üzrə dünya çempionatı mayın 21-dən iyunun 1-nə qədər Milli Gimnastika arenasında keçiriləcək. Mundialın eksklüziv yayım hüququ İDMAN TV-yə məxsusdur.