AZ

Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vuruldu

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün 1/8 final mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutub.

Madrid “Atletiko”su doğma meydanda İspaniyanın digər təmsilçisi “Real”la üz-üzə gəlib. Bu komandalar arasında keçirilmiş ilk oyun “Real”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı. Cavab görüşündə də “Atletiko” 1:0 qalib gəldiyi üçün əlavə vaxta ehtiyac duyulub. Amma əlavə yarım saatda tarazlıq yenə pozulmayıb. Belədə cütün taleyinə penaltilər seriyasında aydınlıq gəlib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş “Real” 1/4 finala yüksəlib.

Fransa təmsilçisi “Lill” səfərdə heç-heçə oynadığı Dortmund “Borussiya”sı (Almaniya) ilə bu dəfə doğma meydanda üz-üzə gəlib. Səfərdə qələbə qazanmış Almaniya təmsilçisi növbəti mərhələyə vəsiqəni təmin edib.

Niderlandın PSV komandası İngiltərədə “Arsenal”ın qonağı olub. London klubu ilk oyunda darmadağına imza atdığı üçün bu oyunun formal xarakter daşıdığı şübhə doğurmurdu. Dörd qolun qeydə alındığı cavab qarşılaşmasında heç-heçə qeydə alınıb.

Belçika təmsilçisi “Brügge” isə “Aston Villa”nın (İngiltərə) qonağı olub. Premyer Liqa təmsilçisi ilk oyunda inamlı qələbə qazandığı üçün mərhələ adlamağa daha yaxın idi. Cavab görüşündə də darmadağına sevinmiş “Aston Villa” sürprizə imkan verməyib.

Xatırladaq ki, daha öncə “Bayern” (Almaniya), “Barselona” (İspaniya), PSJ (Fransa) və “İnter” (İtaliya) də 1/4 finala vəsiqəni təmin etmişdilər.

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları aprelin 8-9-da, cavab görüşləri isə 15-16-da keçiriləcək.

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
12 mart

“Lill” (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) 1:2
Qollar: C.David, 5 – E.Can, 54-pen. Beyer, 65.
İlk oyun – 1:1.

“Atletiko” (İspaniya) – “Real” (İspaniya) 1:0 (penaltilər 2:4)
Qol: Qallaxer, 1.
İlk oyun – 1:2.

“Arsenal” (İngiltərə) – PSV (Niderland) 2:2
Qollar: Zinçenko, 6. Rays, 37 – Perişiç, 18. Drioş, 70.
İlk oyun – 7:1.

“Aston Villa” (İngiltərə) – “Brügge” (Belçika) 3:0
Qollar: Asensio, 50; 61. Maatsen, 57.
İlk oyun – 3:1.

Seçilən
67
18
arena.az

10Mənbələr