AZ

Xronika: Ərməniyyə, Armeniya, Ermənistan ifadəsi sonralara qədim xəritələrə əlavə edilib

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Ermənilər yəhudi və ərəblərin əcdadlarını öz adına çıxdı" adlı veriliş hazırlanıb.

"Report" xəbər verir ki, verilişdə tarixçi-tədqiqatçı Ramin Əlizadə alban mənbələrində ermənilərin işğalçı yaddilli kimi göstərilməsindən, hayların yəhudi irsinə iddia etməsindən danışıb.

O deyib ki, tarixçi Musa Kalankatlunun əsərinə erməni əhvalatları çox sonralar yamaq edilib: "Albaniya tarixi"nə bu əlavələr edilib ki, ərazilərə sahib çıxsınlar. Məşhur ermənişünas alim ermənilərin əfsanələrini ifşa edib. Albanlarda ermənilər haqqında əfsanə olmayıb. Erməni keşişləri albanlar haqqında əfsanələr uydururdular. Heç bir albandilli mənbədə ermənilərdən, qohumluqdan bəhs olunmur. Alban mənbələrində ermənilər işğalçı yaddilli kimi göstərilib. Bütün mənbələr Qərbi Azərbaycanın sahibi müasir Azərbaycan xalqı olduğunu sübut edir. Qafqazda Ərməniyyə, Armeniya, Ermənistan ifadələri tarixən olmayıb. Ərməniyyə, Armeniya, Ermənistan ifadəsi sonralar qədim xəritələrə əlavə edilib. Bu ifadələrin haylara heç bir aidiyyəti yoxdur. Haylar Aramina ölkəsində məskunlaşıb, oranın adına, tarixinə sahib çıxıblar. Tarixçi şərqşünas İqor Dyakonov sübut edir ki, haylar Şərqi Anadoluya gələndən sonra, o ərazidə Armeniya ifadəsi ortaya çıxır".

Onun sözlərinə görə, ermənilər Armina yunan mənbələrinə Armeniya kimi daxil olandan sonra iddialar qaldırdılar: "Yunanlar Arminanı Armeniya kimi qeyd edəndən sonra ermənilərin bu ada iştahı yarandı. Ermənilər yəhudi irsinə iddia edirlər. Ermənilər yəhudi və ərəblərin əcdadlarını öz adına çıxıblar. Ermənilər Süryani kilsəsinə iddia həyasızlığı ediblər. Kilsəni mənimsəyən ermənilər, eyni əməli Qafqazda alban məbədlərinə də qarşı ediblər. Haylar özlərinə erməni adını götürüb, başqa toplumun tarixini mənimsəyilər. İlk dəfə Armeniya adı Armina kimi e.ə 522-ci ildə Bisütun kitabəsində qeyd olunub. Armina arameylərin Fərat çayının yuxarı hövzəsində saldıqları koloniya adıdır. I Daranın Armin ölkəsindən götürdüyü əsgərlər erməni yox, arameylər idi. Bisütun yazılarında Mada, İskit və Turan ölkələrinin adı qeyd olunub. Üç min əvvəl Zərdüşt kəbəsində Turan ölkəsi və sakinlərinin adı qeyd olunub. Qədim yunan tarixçiləri Armina ilə Frakiyadan gələn arminoslarla qarşıdırmamağı qeyd ediblər".

R.Əlizadə bildirib ki, qədim yunan tarixçisi və coğrafiyaşünası Miletli Hekatey 2 500 il əvvəl yazdığı erməni tarixçilərinin yalanını ifşa edib: "Herodot arminosların Anadoluya Balkan yarımadasından gəldiyini yazıb. Haylar Şimali Hindistandan Balkanlara, oradan frakiyalılarla birgə Anadoluya köçüblər. Hind-avropa miqrasiyası zamanı haylar Hindistandan Balkan ərazisinə gediblər. Avropa və ABŞ-də olan erməni tarixçiləri gerçək yalanları ifşa etdikləri üçün İrəvana buraxılmırlar. Erməni alimi Qarsoyan Xorenlinin, Buzandın yazdıqlarının cəfəngiyyat olduğunu sübut edib. Erməni tarixçisi tarixdə Ermənistan adlı dövlətin adı olmadığını dediyinə görə İrəvandan qovulub. Tanınmış erməni alimi Süni İrəvanın yerli sakinlərinin türklər olduğunu dediyinə görə İrəvandan qovulub".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Seçilən
26
2
report.az

3Mənbələr