İsveçrə əczaçılıq şirkəti Roche, sürətlə böyüyən arıqlama məhsulları xəttini genişləndirmək üçün Danimarkanın biotexnologiya şirkəti Zealand Pharma ilə 5,3 milyard dollarlıq əməkdaşlıq müqaviləsi imzalayıb.
Marja xəbər verir ki, Roche yaydığı açıqlamada Zealand Pharma-nın piylənmə dərmanının hüquqlarını satın aldığını bildirib.
Müqaviləyə əsasən, Roche və Zealand Pharma "Petrelintide" adlı dərmanın təkmilləşdirilməsi və kommersiyalaşdırmaq üçün birlikdə çalışacaqlar.
Əməkdaşlıq və lisenziya müqaviləsinə əsasən, Zealand Pharma Roche-dən 1,65 milyard dollar ilkin ödəniş alacaq. Performans və satışlara əsaslanan əlavə ödənişlər də daxil olmaqla, Roche ilə müqavilənin yekun dəyərinin 5,3 milyard dollara qədər olacağı gözlənilir.
2-ci tip diabet və piylənmənin müalicəsi üçün Zealand Pharma tərəfindən hazırlanmış "Petrelintide", klinik sınaqlarının ikinci mərhələsindədir.
Roche və Zealand Pharma, mənfəət və zərərləri bölüşərək dərmanı ABŞ və Avropada birgə satmağı planlaşdırır. Roche, ABŞ və Avropadan kənarda dərman üçün marketinq hüquqlarına sahib olacaq.
Müqavilənin lazımi icazələrin alınmasından sonra 2025-ci ilin ikinci rübündə başa çatdırılması gözlənilir.
Zealand Pharma-nın səhmləri sövdələşmənin elanından sonra 37 faiz dəyər qazanıb.