AZ

“Özümü millidə oynamağa hazır hiss edirəm”

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının XXVI turunda “Neftçi” ilə heç-heçə edib – 1:1.

Tovuz təmsilçisinin futbolçusu İsmayıl Zülfüqarlı “Futbolpress.az“a açıqlamasında görüşlə bağlı fikirlərini bölüşdü:

“Neftçi” ilə matça yaxşı hazırlaşmışdıq. Ancaq oyun istədiyimiz kimi başlamadı. Matçın əvvəlindəki qırmızı vərəqə çətinlik yaratdı. Buna baxmayaraq, xarakter göstərdik. Oyunun sonlarına yaxın qol buraxsaq da, sınmadıq və sona qədər mübarizə apararaq, bir xal qazandıq”.

Cinah oyunçusu son dəqiqələrdə buraxılan qoldan sonra ruhdan düşmədiklərini bildirdi:

“Ruhdan düşmədik, yaxşı kollektivimiz var. Futbolda səhvlər qaçılmazdır və istər mən, istər digər bir oyunçumuzun oyunu alınmaya, səhv edə bilər. Lakin komanda olaraq bir-birimiz üçün sona qədər oynayırıq və bunun nəticəsini görürük”.

“Turan Tovuz” növbəti turda “Sumqayıt”ı qəbul edəcək. İsmayıl matçdan gözləntilərini bölüşdü:

“Hər oyun vacibdir. “Sumqayıt” yaxşı komandadır. Matça hazırlaşıb, qələbə qazanmağa çalışacağıq”.

Müdafiəçi komandanın avrokuboklara vəsiqə şansını dəyərləndirdi:

“Sona 10 tur qalıb və “beşlik”dəki hər komandanın avrokuboklara vəsiqə şansı var. Rahatlaşmalı deyilik və bizimçün vacib oyunlar başlayır. Maksimum xal qazanmağa və yerimizi yaxşılaşdırmağa çalışacağıq”.

Azərbaycan yığması martın 22-də Haiti ilə, üç gün sonra Belarusla üz-üzə gələcək. İsmayıl millidə oynamağa hazır olduğunu qeyd etdi:

“Millidə oynamaq futbolçu kimi arzumdur və böyük fəxr olar. Dəvət gəlsə, çox sevinərəm. Özümü millidə oynamağa hazır hiss edirəm”.

Şahin Cəfərov

Seçilən
14
futbolpress.az

1Mənbələr