AZ

“Konstitusiya və Suverenlik İli”...

Azad və qalib Azərbaycanın təntənəsi

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan edilməsi, ölkəmizdə hüquqi dövlət quruculuğu prosesinin daha da inkişaf etdirilməsi, suverenliyin möhkəmləndirilməsi istiqamətində atılan addımların davamı kimi mühüm əhəmiyyət daşıyır. Bu Sərəncam olduqca mühüm bir dövrə təsadüf etdi: 2025-ci il müstəqil Azərbaycan Respublikasınının ilk milli Konstitusiyasının qəbul edilməsinin 30-cu, eləcə də Vətən müharibəsində Ermənistan ordusu üzrədinə qazanılan böyük Qələbəmizin 5-ci ildönümündə imzalandı.

Bəli, 30 il əvvəl, 1995-ci il noyabr ayının 12-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası hazırlanaraq ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edildi. Azərbaycan Respublikasının Konstitusiya layihəsinin hazırlanması barədə danışarkən, heç bir mübaliğəyə yol vermədən, qeyd etmək olar ki, bu, müstəqil dövlətçiliyimizin qurucusu, Ümummilli Lider Heydər Əliyevin şah əsərlərindən biridir. 1995-ci il iyunun 5-də Heydər Əliyevin Sədrliyi ilə Konstitusiya Komissiyasının ilk iclasından başlayaraq, 12 noyabr referendumunadək Ümummilli Lider Azərbaycanın Əsas Qanununun hazırlanmasına, onun bütün prinsipial müddəalarının geniş ictimaiyyət tərəfindən müzakirəsinə şəxsən nəzarət edib, məsələlərlə yaxından maraqlanıb. Heydər Əliyev bu sənədin təkcə dövrün tarixi və siyasi reallıqlarının deyil, bütövlükdə, xalqın milli-mənəvi dəyərlərinin süzgəcindən keçərək qəbul olunmasına çalışırdı və buna da nail oldu. Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən, hər il noyabrın 12-si ölkədə Konstitusiya Günü kimi qeyd edilir.

Azərbaycan Konstitusiyasının mühüm cəhətlərindən biri Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyinin Azərbaycan xalqı olmasını, Azərbaycan xalqının vahidliyini və bunun Azərbaycan dövlətinin təməlini təşkil etməsini, Azərbaycan Respublikasının bütün vətəndaşlarının ümumi və bölünməz vətəni olmasını bəyan etməsidir. Ulu öndər Heydər Əliyevin də dediyi kimi: “Azərbaycan Azərbaycanda yaşayan bütün millətlərin doğma vətənidir. Azərbaycan vətəndaşları, Azərbaycan xalqı deyəndə biz Azərbaycanda yaşayan bütün millətlərin birliyini dərk edirik”.

Azərbaycan xalqı artıq beşinci ildir ki, qalib xalq olmağın qürurunu yaşayır. 27 sentyabr 2020-ci ildə başlayan və qırx dörd gün davam edən, Azərbaycan Ordusunun qalibiyyəti ilə bitən müharibə otuz ilə yaxın Ermənistanın işğalında qalmış ərazilərimizi bizə qaytardı. Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi bütöv və suveren Azərbaycanda bərqərar oldu. Azərbaycan özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqlədi.

Vətən müharibəsində ağır məğlubiyyətə uğrayan işğalçı Ermənistan isə yenə də xarici havadarlarına güvənirdi. Azərbaycan dövlətinin və xalqının qətiyyəti bədxahların niyyətini puça çıxardı. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu işğalçılara Qarabağda son zərbəni 2023-cü ilin sentyabrında endirdi. Sentyabrın 19-20-də keçirilən bir günlük lokal xarakterli antiterror əməliyyatları nəticəsində torpaqlarımızda təxribat və terror əməllərini davam etdirən Ermənistan silahlı qüvvələrinin qalıqları və separatçılar məğlub olaraq ağ bayraq qaldırdılar. Azərbaycan bu qalibiyyətlə suverenliyinin tam bərpasına nail oldu.

Əsrlər boyu başına bəlalar gətirilmiş, yadelli işqalçıların hücumlarına məruz qalmış Azərbaycan xalqı indi ən ali məqsədinə, ən uca amalına və ən böyük arzusuna çataraq tarixinin ən xoş çağlarını yaşayır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncamında bildirildiyi kimi: “Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüz illər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz idellarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir”.

Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Qeyd edildiyi kimi, 2025-ci il Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümüdür. Dövlətimiz və xalqımızın bu bayramı təntənə ilə qeyd etməyə haqqı çatır.

Bu Sərəncam Azərbaycan tarixində dövlətçilik ənənələrinin daha da möhkəmləndirilməsi, hüquqi dövlətin daha da inkişaf etdirilməsi və xalqın milli birlik ruhunun gücləndirilməsi istiqamətində mühüm addımlardan biridir. Bu, həm də Azərbaycanın beynəlxalq arenada müstəqil və suveren dövlət kimi mövqeyini daha da möhkəmləndirəcək.

Rəfael Əliyev

Seçilən
1
yeniazerbaycan.com

1Mənbələr