İngiltərənin “Arsenal” klubunun 23 yaşlı fransalı mərkəz müdafiəçisi Vilyam Saliba gələcəyi ilə bağlı sualı cavablayıb.
Arena.az fransalı futbolçunun bu barədə cavabını təqdim edir:
“Mən burada, “Arsenal”da həqiqətən xoşbəxtəm. Mən burada oynamağa davam etmək istəyirəm”, deyə Saliba vurğulayıb.
Xatırladaq ki, Vilyam Salibanın valideynləri əslən Kamerundandırlar. Saliba İl-de-Frans bölgəsinin Sen-Sen-Deni departamentinin Bondi kommunasında dünyaya gəlib. Vilyam elə, yerli “Bondi”də də futbolda ilk addımlarını atıb. Buradan “Monfermey”, ardında isə “Sent Etyen”ə keçmiş Saliba böyük futbolda debüt edib. 2019-cu ilin iyulunda “Arsenal” 30 milyon avro müqabilində Salibanı “topçular”ın düşərgəsinə qatıb və futbolçusunu bir müddət elə, “Sent Etyen”ə, ardınca “Nitsa” və Marsel “Olimpik”inə icarələrə göndərib. 2022-ci ilin iyununda “Arsenal” artıq püxtələşmiş futbolçusunu heyətinə geri qaytarıb. Fransalı müdafiəçinin London klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Vilyam Saliba 2024/2025 mövsümündə “topçular”ın heyətində 38 oyuna çıxıb, 2 qol vurub. Salibanın “Arsenal”ın heəytində çıxışının ümumi mənzərəsi isə rəqəmlərin gözü ilə belə təsvir yaradır: 121 oyun, 7 qol, 2 məhsuldar ötürmə.
Saliba Fransanın Olimpiya yığması da (U-23) daxil olmaqla, U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarından keçməklə uzun bir yol gəlib və 2022-ci ilin martında “xoruzlar”ın əsas yığmasında debüt edib. Saliba Fransa yığmasında 26 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Vilyam Salibanın qənimətlər muzeyində “Arsenal”la qazandığı 2 İngiltərə Super Kuboku (2020/2021, 2023/2024) var. “Xoruzlar”la isə Saliba DÇ-2022-nin gümüş mükafatçısı olub.
Fərdi mükafatlara gəlincə, Vilyam Saliba 2022-ci ildə Fransa Liqa 1-in ən yaxşı gənc oyunçusu seçilib.
“Transfermarkt” internet-portalı 23 yaşlı fransalı mərkəz müdafiəçisi Vilyam Salibanın transfer dəyətini 80 milyon avro məbləğində qiymətləndirir.