AZ

 Buraxılış imtahanları təhsilin acı gerçəklərini necə üzə çıxarır? - ARAŞDIRMA

Buraxılış imtahanlarının barometr funksiyası

Buraxılış imtahanları təkcə ali təhsil müəssisələrinə qəbul prosesinin bir mərhələsi deyil, həm də təhsil reallıqlarını üzə çıxaran barometr rolunu oynayır. İstər 11, istərsə də 9 illik təhsil bazası üzrə təşkil edilən buraxılış imtahanlarının nəticələri əslində kurikulum əsaslı tədrisin necə təşkil olunduğunu, kurikulum məzmun standartlarının hansı səviyyədə həyata keçirilməsinin ən real göstəricisidir. Təsadüfi deyil ki, hazırda orta ümumtəhsil müəssisələrinin ölkə miqyasında reytinq göstəriciləri buraxılış imtahanlarının nəticələrinə görə müəyyən edilir.

Buraxılış imtahanlarına daxil edilən sualların əsas missiyası 2014-cü ildə Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən hazırlanan Fənn Kurikulumlarının məzmun xətlərini əhatə etmək və şagirdlərin onları nə dərəcədə mənimsəmə meyarlarını üzə çıxarmaqdır. 

Buraxılış imtahanlarındakı 3 fənnin-Azərbaycan dili, Riyaziyyat və Xarici dil-əsas funksiyası məzunların bu predmetlərlə bağlı təkcə nəzəri biliklərə deyil, onlara aid olan  məzmun xətlərinə nə dərəcədə yiyələnmələrini üzə çıxarmaqdır. Çünki kurikulumun əsas mahiyyəti–şəxsiyyətyönümlü  təhsilin başlıca xüsusiyyətləri məhz bu üç predmetin məzmun xətlərində özünü tam şəkildə doğruldur.

Məsələn, Azərbaycan dili üzrə təsdiq olunan I-XI siniflər üzrə kurikulum proqramında fənnin məzmun xətləri bu cür  kimi təyin olunub: dinləyib-anlama və  danışma; oxu; yazı; və dil qaydaları.

Bu məzmun xətləri ümumi təlim nəticələrinin reallaşdırılması üçün müəyyən olunan fənn kurikulumunun zəruri hissəsi olub, şagirdlərin əldə edəcəyi bilik və bacarıqları daha aydın təsvir etmək və onu sistemləşdirmək məqsədi daşıyır.

Nümunə üçün deyək ki, təkcə dinləyib-anlama və danışma məzmun xəttinin şagird üçün həyati tətbiq əhəmiyyəti, şəxsiyyət kimi formalaşması üçün müsbət meyarları həddindən artıq çoxdur. Bu məzmun xəttinin  vasitəsilə ilə Azərbaycan dili fənnindən hər hansı qrammatik qaydanı əzbərləməyi deyil, oxuduğu və ya dinlədiyi mətndəki informasiyanı çevik qəbul edib onun əsasında aydın və dəqiq mühakimə yürütmək, qoyulmuş məqsədə və auditoriyanın səviyyəsinə müvafiq məntiqi, rabitəli və inandırıcı çıxışlar etmək, müxtəlif əyani və texniki vasitələrlə təqdimatlar keçirmək imkanı yaradır.

Eyni yanaşma buraxılış imtahanındakı digər fənn -Riyaziyyat üçün də keçərlidir. Şagird buraxılış imtahanında hər hansı riyazi sualları cavablaya bilmirsə, bu, onun hər hansı teorem və  düsturu yaxşı yadda saxlaya bilmədiyi üçün deyil. Əslində, Riyaziyyat fənninin məzmun xəttinə görə şagirdin xəbərsiz qaldığı müsbət həyati tətbiq məsələləri daha çoxdur:

“Riyazi təhsilin əsas məqsədi əməllərin mexaniki icrası və biliklərin əzbərlənməsi deyil, balanslaşdırılmış prosedural və konseptual riyazi bilik və bacarıqların fərdi və ya qrup fəaliyyəti vasitəsilə qazanılmasıdır. Digər bir məqsəd isə şagirdin hər hansı bir problemi həll etmək üçün formal riyazi yanaşma və həll üsulları mövzusunda püxtələşməsi və bu yanaşma və üsulları tətbiq etməsidir. Bu məqsədlər şagirdləri riyazi təfəkkürü inkişaf etmiş və problem həllində səriştəsi olan bir fərd kimi yetişdirməyə xidmət edir. Bunu təmin etmək üçün isə riyazi təhsildə mühüm anlayışların və əsas ideyaların öyrənilməsinə xüsusi əhəmiyyət verilməlidir. Əlavə olaraq, bu anlayışların həm gündəlik həyatla, həm də bir-biri ilə əlaqəli şəkildə öyrənilməsi çox vacibdir”. (Mənbə: ARTİ: Təkmilləşdirilmiş Riyaziyyat fənn kurikulumu-2024”)

Göstərilən nümunələrə əsasən deyə bilərik ki,  buraxılış imtahanlarında əldə olunan zəif nəticələr, bir çox şagirdin nisbi bal məhdudiyyətini aşa  bilməməsi, bir qisim abituriyentin isə ümumiyyətlə 0 ballıq səddi keçməməsi orta təhsilin, məktəbin gələcək üçün effektiv düşünə bilmə vərdişlərinin formalaşdırmamasına bir sübutdur. Həmçinin, məktəb bu müddət ərzində  kurikulumun əsasını təşkil edən dolğun mühakimə bacarığı, biliyin həyati tətbiq mexanizmini, eləcə də bir çox aktual meyarları öyrədə bilməyibsə, deməli o öz funksiyasından tamamilə kənardır. Sadə dildə desək, məktəb 11 illik müddət ərzində həyat üçün normal düşüncə qabiliyyətinə  malik insanları yetişdirməli idi ki, bunu da bacarmayıb. Buraxılış imtahanlarının nəticələri məhz bu cür ağır gerçəkliyi etiraf etməyimizi ən azından bizdən tələb edir.

“Abituriyent” jurnalının 2023/2024-cü il üçün buraxılış imtahanlarının elmi-statistik təhlilinin əks olunduğu xüsusi sayında təqdim olunan rəqəmlər acı gerçəkliyin əsl üzünü bizə bir daha göstərmiş olur:

11-ci sinif üzrə buraxılış imtahanında şagirdlərin nəticələri hər bir fənn üzrə 100 ballıq şkalada qiymətləndirilib. İmtahanda iştirak edən ortastatistik şagird tədris dili fənni üzrə 39.87, riyaziyyat fənni üzrə 27.46, xarici dil fənni üzrə 39.97 bal toplayıb və ümumi balı 107.11-ə bərabər olub. Rəqəmlərdən də göründüyü kimi, şagirdlərin imtahanda əldə etdikləri nəticələr qənaətbəxş deyil. 9-cu sinfin buraxılış imtahanında olduğu kimi, 11-ci siniflər üzrə buraxılış imtahanında da şagirdlərin bacarıq və vərdişlərinin inkişaf etdirilməsinə xidmət edən tapşırıqları yerinə yetirməkdə çətinlik çəkdikləri görünür. Fənlər üzrə qapalı və açıq tipli tapşırıqların nəticələrini müqayisə etdikdə müəyyən olur ki, bu göstəricilər arasında böyük fərq var. Xüsusilə riyaziyyat fənni üzrə bu fərq daha böyükdür. Belə ki, ortastatistik şagirdin yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli test tapşırıqları üzrə balı  tədris dili fənnindən 34.11, riyaziyyat fənnindən 10.65, xarici dil fənnindən 22.32-dir. Qapalı tipli test tapşırıqları üzrə isə bu göstərici tədris dili fənnindən 45.63-ə, riyaziyyat fənnindən 48.53-ə və xarici dil fənnindən 50.73-ə bərabərdir.

Riyaziyyat fənnindən cavabların kodlaşdırılması tələb olunan açıq tipli test tapşırıqları üzrə orta bal (faizlə) 19.66-dır.

Bütün bu təhlillərdən belə qənaətə gəlmək olar ki, ümumtəhsil məktəblərində kurikulumun tətbiqi çox zəifdir və şagirdlərə aşılanan bacarıq və vərdişlər lazımi səviyyədə deyil”.

Rəqəmlərdəki acı reallıq

Elmi-statistik təhlil sənədinə istinadən təqdim olunan nümunənin sonuncu cümləsi  “kurikulumun tətbiqinin çox zəifliyi və şagirdlərə lazımı səviyyədə aşılanmaması” hazırda təhsilimizdəki ən böyük problemlərdən biridir. Təqdim olunacaq rəsmi dataların əsas səbəbi məhz məktəblərdə kurikulum tətbiqinin çox aşağı səviyyədə həyata keçirilməsidir. Məhz bu səbəbə görə buraxılış və blok imtahanları şagirdlər tərəfindən həddindən artıq çətin, sanki fərqli dünyanın mövzuları kimi qavranılır. Repetitorluq institutunun bu dərəcədə inkişafı, artıq ən güclü şagirdin belə repetitor xidmətindən istifadə etmədən tələbə adını qazana bilməməsinin əsas səbəbi də məhz bu amildir. Çünki Dövlət İmtahan Mərkəzi buraxılış və blok imtahanları üçün sualları hazırlayan zaman məhz Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunan kurikulum proqramı və onun məzmun xətlərindən yararlanır. Abituriyentə təqdim olunan bütün suallar məzmun xətlərinin tələb və prinsipləri əsasında hazırlanır. Lakin məktəb həmin məzmun xətlərini şagirdə çox aşağı şəkildə (bəlkə də ümumiyyətlə) aşılayırsa, burada 11 ilini itirən yalnız şagird, pulunu itirən isə valideyn olur.

Buraxılış imtahanlarında şagirdlərə təqdim olunan sualların məzmunu elə qruplaşdırılır ki, burada abituriyentlərin aşağı və orta qabiliyyətlərin ölçülməsində (sualların çətinlik səviyyəsinə uyğun olaraq)  maksimal dəqiqlik təmin edilə bilinir. Cavabların qiymətləndirilməsi zamanı istifadə olunan xüsusi metodlar, bilik və bacarıq səviyyələrinə görə dəyərləndirilmələr, hər test tapşırığına düşən informasiya əyrisi və histoqramı ümumi mənzərə ilə tanış olmaq üçün bizlərə böyük imkanlar yaratmış olur.

Adıçəkilən sənəddən sitat: “Qeyd olunan xüsusiyyətlər riyaziyyat fənni üzrə testlərdə müşahidə edilmir. Kurikulumun tələbləri səviyyəsində tərtib edilmiş bu testlər 0.75 loqitdə yerləşən şagirdlərin bilik və bacarıqları haqqında maksimal informasiya əldə etməyə imkan verir. Histoqrama nəzər saldıqda isə, demək olar ki, şagirdlərin yarısının qabiliyyət səviyyələrinin -1.00 loqitdən aşağıda yerləşdiyinin şahidi oluruq. Bunun başlıca səbəbi ümumtəhsil məktəblərində kurikulum üzrə dərslərin hələ də qənaətbəxş şəkildə tədris olunmamasıdır”.

 

Qeydlərimizi tam surətdə əsaslandırmaq üçün bəzi statistik göstəriciləri cədvəl və diaqram (qrafik) formasında da təqdim etməli olacağıq. Təqdim olunan ilk diaqramda 2023-2024-cü il buraxılış imtahanlarında (11 illik təhsil bazası üçün) riyaziyyat fənni ilə bağlı göstəricilər öz əksini tapıb:

 

Diaqrama izah olaraq əlavə edə bilərik ki, buraxılış imtahanlarında riyaziyyat fənni üzrə ən populyar göstərici 0-20 bal aralığı olub. İmtahan verən hər iki abituriyentdən biri maksimal 100 baldan  yalnız bu qədər nəticə əldə edə bilib. Yalnız 5,51% abituriyent isə 80-100 bal aralıqlı yüksək göstəriciyə imza atıb.

 

İkinci diaqramda buraxılış imtahanlarındakı bütün fənlər üzrə 0 bal toplayanların qrafik göstəricilərini təqdim edəcəyik. Burada da ən böyük pay riyaziyyat fənninin üzərinə düşür.

 

 

Bir faktı da diqqətə çatdıraq ki, yuxarıdakı statistikaların aid olduqları abituriyentlər imtahan verdikləri zaman onlarla həmyaşıd olanlar arasında təəssüf ki, nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxuyub-yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar da aşkar olunub.

Belələri 9-cu sinif şagirdləri arasında 5 nəfər, 11-ci sinif şagirdləri arasında isə 2 nəfər olub. Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən faktların, əslində, daha çox olduğunu ehtimal etmək olar.

Rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9- cu sinif şagirdlərinin sayı belədir: Qazax, Şuşa, Ağstafa, Şahbuz rayonlarının və Bakı şəhərinin hərəsində 1 nəfər. 11-ci sinif şagirdlərindən oxumağı və yazmağı bacarmayanlar isə Cəlilabad və Qobustan rayonlarından olub.

 

Daha bir neqativ hal

 

Buraxılış imtahanlarında üzə çıxan bir başqa gerçəklik isə (həm 9, həm də 11 illik bazada ) açıq tipli suallara verilən cavablarda vəziyyətin heç də ürəkaçan olmamasıdır. Xüsusən də riyaziyyat fənni üzrə təqdim olunan suallarda  bir çox abituriyentlər açıq tipli sualların heç birisini cavablaya bilmir. Bu göstərici artıq bir neçə ildir ki,  dəyişməz qalır. Məsələn, 2011-ci ildəki bu istiqamətdə olan göstəricilərlə ötənilki göstəricilər arasında çox cüzi fərqlər vardır.

2021-ci il 9-cu sinif buraxılış imtahanlarında təqribən 67 faiz şagird açıq kodlaşan suallardan sıfır bal toplayıb. Ana dilindən şagirdlərim 34 faizi , Xarici dildən isə 30 faizi açıq suallarda sıfır bal yığıb. Açıq suallar şagirdlərimizdə mühakimə yürütmək, daha çox analiz etmək qabiliyyətləri ölçməyə imkan verir və burada çətinliklərimiz görünməkdədir. Ana dilindən şagirdlərin ən böyük çətinliyi oxuyub anlamaqla bağlı olub.

 

Bu əslində, o deməkdir ki, şagirdlər mətni oxuyub, əsas fikri başa düşərək, ona uyğun mülahizələr yürüdüb, müvafiq tapşırıqlara cavab verə bilməyiblər. Oxuyaraq anlamaq uşaq yaşlarından və ibtidai siniflərdən formalaşmalıdır ki, bu da olmayıb.

Maraqlıdır, buraxılış imtahanları bizə  başqa hansı acı gerçəklikləri təqdim edəcək?

(ardı var)

 

Elmin Nuri

Təhsil məsələləri üzrə tədqiqatçı

Seçilən
2
azedu.az

1Mənbələr