AZ

"Zelenskinin ABŞ ilə saziş imzalamaqdan başqa şansı yoxdur" - AÇIQLAMA

"ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında keçirilən görüş birinci mərhələ idi".

Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, tərəflər arasında bundan sonra da danışıqlar davam etdiriləcək:

"Hələ ki, ortada faydalı qazıntılarla bağlı da imzalanmış hər hansısa saziş yoxdur. Düzdür, görüşdən sonra yayılan bəyanatda tərəflərin qısa zaman ərzində müvafiq sazişi imzalamağa hazır olduqları qeyd olundu. Lakin hələlik konkret saziş mövcud deyil".

Ekspert qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski sözügedən sənədi imzalayacaq: "Çünki bu, təkcə ABŞ-nin istəyi deyil. Qərbin ayrı-ayrı ölkələrinin də faydalı qazıntılarla çıxış imkanlarının yaradılmasının müqabilində Ukraynaya dəstək verilməsi və infrastrukturun qurulması kimi təklif ötən il elə Zelenskinin özü tərəfindən irəli sürülüb.

Zelenski özünün sülh planında Ukraynada olan təbii ehtiyatlardan birgə istifadəni şərtləndirən təkliflərlə çıxış edib. Yəni onsuz da Ukrayna tərəfi gec-tez o sazişi imzalayacaq. Sadəcə olaraq, rəsmi Kiyev o sazişi imzalamaqla əlavə zəmanətlər əldə etmək istəyir". 

Politoloqun sözlərinə görə, hazırda tərəflərin hər hansısa birinin qələbəsindən və ya məğlubiyyətindən söhbət getmir:

"Faktiki olaraq, Ukrayna üçün başqa çıxış yolu yoxdur. Ukrayna ABŞ olmadan Avropanın hansı dərəcədə dəstək verə biləcəyini gördü. Üstəlik, böyük dövlətlərin əksəriyyəti Zelenskiyə ABŞ Prezidenti Donald Tramp ilə münasibətlərin normallaşması istiqamətində addımlar atmağı tövsiyə etdilər. Ona görə də Zelenskinin indiki mərhələdə müvafiq sazişi imzalamaqdan başqa çıxış yolu yoxdur".

369311

Lakin Rəşad Bayramov bunu məğlubiyyət hesab etmir:

"Çünki Ukraynanın digər ərazilərinin işğal olunmaması və Rusiyanın dayandırılması üçün bu addım atılmalıdır. Eyni zamanda, Ukraynanın bundan sonrakı inkişafı və dağılan ərazilərinin bərpası üçün külli miqdarda maliyyəyə ehtiyacı var. O maliyyəni isə təbii sərvətlərin satışını etmədən əldə etmək mümkün olmayacaq. 

Bu səbəbdən indiki mərhələdə ABŞ ilə faydalı qazıntılara dair sazişi imzalamaq ən doğru variantdır. Əks təqdirdə, ABŞ kimi hegemon ölkələr Ukraynadan uzaqlaşar. Bu isə Ukraynanın işğal altında olan ərazilərinin daha da artmasına səbəb ola bilər".

Pərviz

Seçilən
1
hit.az

1Mənbələr