AZ

Aİ-nin “durbin missiyası”: Ermənistan təxribata gedərsə, nəticəsi ağır olacaq

Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, Aİ müşahidəçilər martın 10-da növbəti dəfə Qubadlı rayonu ilə həmsərhəd əraziyə gəlib, binoklla müşahidə aparıblar.

Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparmasının səbəbləri nədir? Bu müşahidələrin ölkəmiz üçün hər hansısa təhlükəsi varmı?

Mövzu ilə bağlı hərbi ekspert Azər Bayramov öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, son günlər Azərbaycanla Ermənistanın həmsərhəd ərazilərində məhz Ermənistan tərəfindən Avropa İttifaqının dırnaqarası mülki missiyasının aktivliyi artırması növbəti təxribatın olacağından xəbər verir:

"Bu “müşahidə missiyası” öz fəaliyyətini nə vaxt intensiv şəkildə aparıbsa, daha sonra ciddi təxribat halları qeydə alınıb. Paralel olaraq, missiyanın tərkibinə keçmiş polislər və hərbçilər daxildir. Xüsusilə də üzvlər arasında Fransa jandarmasının nümayəndələri var. Hansı ki, bu jandarmanın bir qolu anti-terror və xüsusi əməliyyat qruplarıdır. Bu qrupun nümayəndələrinin missiyanın daxilində olması mülki ilə heç bir əlaqənin olmadığını göstərir”.

Müsahibimiz qeyd edib ki, Aİ Ermənistandakı müşahidə missiyasının üzvlərinin mütəmadi olaraq Azərbaycanı müşahidə etməsi xoş niyyətlərinin olmamasının göstəricisidir.

A.Bayramov hesab edir ki, bugünədək sözügedən müşahidə missiyası sülhün əldə olunması və eyni zamanda mövcud vəziyyətin müsbətə doğru dəyişdirilməsi üçün bir addım atmayıb:

"Əksinə vəziyyətin gərginləşdirilməsi Ermənistanın revanşa daha rahat hazırlaşması və Ermənistan ordusuna dəstək maliyyə vəsaitinin çatdırılması üçün əlverişli sayılır. Bu. onu göstərir ki, missiya sülhün əldə olunması üçün fəaliyyət göstərmir. Hətta mövcud vəziyyəti gərginləşdirməkdə daha da maraqlıdır”.

Azər Bayramov: Missiya mövcud vəziyyəti gərginləşdirməkdə daha maraqlıdır

Ekspert deyir ki, Azərbaycan tərəfi baş verən bütün prosesləri çox ciddi şəkildə nəzarətdə saxlayır.

“Bu missiyanın riyakar fəaliyyəti heç bir halda Ermənistan üçün müsbət nəticələr verməyəcək. Çünki ölkəmiz əvvəllər də bu missiyanın dırnaqarası fəaliyyəti ilə bağlı bütün prosesləri görüb və Azərbaycanın bununla bağlı yetərincə çox təcrübəsi var", - deyə Azər Bayramov vurğulayıb.

Hərbi ekspert onu da bildirib ki, hər hansısa təhlükə və təhdid fonunda Azərbaycan tərəfi lazımi addımları atacaq. Ermənistan havadarlarına arxayın olaraq, planlaşdırdığı təxribata gedərsə, məhz özü üçün ağır nəticələrə səbəb olacaq.

Gülşən Şərif

Seçilən
1
bakivaxti.az

1Mənbələr