AZ

İnflyasiya riski gözlənilmir

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Mərkəzi Bankın (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,25 faiz, eyni zamanda, müvafiq olaraq, faiz dəhlizinin aşağı həddi 6,25, yuxarı həddi isə 8,25 faiz səviyyəsində dəyişməz saxlanılıb. Yəni MB 2024-cü il dekabrın 18-də açıqladığı sonuncu qərarından sonra uçot siyasətində yenə də dəyişiklik etməyib. Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2 faiz) olması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub.

Xarici sektor göstəriciləri əlverişlidir

Mərkəzi Bankın açıqlamasından aydın olur ki, ötən iclasdan bəri (yanvar iclası) inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyib. Potensial inflyasiya təzyiqləri yarada biləcək qlobal risklərə mövcud geosiyasi gərginlik və ticarət müharibələri fonunda beynəlxalq əmtəə bazarlarında qiymətlərin mümkün dəyişkənliyi aiddir. Yüksək qlobal qeyri-müəyyənlik, xüsusən də bəzi ölkələrdə milli valyutaların məzənnələrindəki dəyişikliklərin və tarif artımlarının inflyasiya proseslərinə təsirlərinin qiymətləndirilməsi üçün faiz dəhlizi parametrlərinin dəyişdirilməsində pauzanın götürülməsi zərurəti yaranır. İnflyasiyanı artıra biləcək daxili risk faktorları kimi isə xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı qeyd oluna bilər. Həmçinin kredit aktivliyinin qiymət sabitliyinə mümkün təsirləri daim izlənilir.

Xarici sektor göstəriciləri də əlverişli olaraq qalır. 2024-cü ildə tədiyə balansının cari əməliyyatlar balansının profisiti 4,7 milyard dollar və ya ÜDM-in 6,3 faizini təşkil edib. 2025-ci ilin yanvar ayında xarici ticarət balansında 1 milyard dollar məbləğində müsbət saldo qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40,5 çoxdur. Həmçinin pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq olunur. Cari ildə pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi işləri də davam etdirilir.

Qlobal geosiyasi və iqtisadi proseslər qiymətlərə təsir edir

İnflyasiya proqnozları ilə bağlı fərz edilən dəhliz bir sıra xarici və daxili inflyasiya amillərinin dəyişməsindən asılı olaraq formalaşır. Burada əsas amillər kimi manatın nominal effektiv məzənnəsi, tərəfdaş ölkələrdə inflyasiya prosesləri və qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin tarifləri rol oynayır. Qiymət indeksində başlıca risk balansı isə tərəfdaş ölkələrdə inflyasiyanın və dünya bazarında əmtəə qiymətlərinin dəyişkənliyindən asılıdır. Aparıcı iqtisadiyyatlarda monetar şəraitin sərt olaraq qalması qlobal inflyasiyanı azaldacaq amillərdən biridir. İnflyasiyanı artıra biləcək başlıca daxili risk isə yerli xərc amilləri, eləcə də məcmu tələbin izafi artımı ilə əlaqədardır. Bu səbəbdən ortamüddətli dövrdə büdcə xərclərinin genişlənməsi və kredit aktivliyinin artması inflyasiyaya təsirlərini artıra bilər. Eyni zamanda, iqlim dəyişiklikləri və istehsal xərclərinin artımı kənd təsərrüfatı istehsal qiymətləri indeksi vasitəsilə inflyasiyaya təsir edə bilər.

Beynəlxalq institutlar nə deyir?

İnflyasiya ilə bağlı beynəlxalq institutların gözləntiləri də sabit dəhliz çərçivəsinin qorunub saxlanılacağından xəbər verir. “S&P Global” (S&P) beynəlxalq reytinq agentliyi 2025-ci ildə Azərbaycanda orta illik inflyasiyanın 4 faiz səviyyəsində olacağını proqnozlaşdırır. Təşkilatın dünya ölkələrində qiymət indeksi ilə bağlı yeni hesabat sənədində qlobal inflyasiya göstəricisinin cüzi artacağına dair ehtimallar əksini tapıb. “S&P”nin proqnozlarına görə, ölkəmizdə inflyasiya cari ilin sonunda azalmağa doğru istiqamətlənəcək, 2026-cı ildə isə bu rəqəm 3 faizə düşəcək.

Digər beynəlxalq maliyyə institutlarının gözləntiləri də təxminən eynidir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanla bağlı inflyasiya gözləntiləri cari il üzrə 3,6 faiz, 2026-cı il üzrə isə 3,1 faizə bərabərdir. Niderlandın “ING Group”unun apardığı qiymətləndirmədə isə ölkəmizdə istehlak qiymətlərinin 2025-ci ildə 4,8 faiz, 2026-cı ildə isə 4,7 faiz olacağına dair ehtimallar yer alıb.

İqtisadiyyat Nazirliyinin proqnozlarında isə ölkəmizdə illik inflyasiyanı 2025-ci ildə 4,6 faiz, 2026-cı ildə 4 faiz səviyyəsində olacağı fərz edilir.

Anti-inflyasiya tədbirləri diqqətdə saxlanılacaq

Mövcud pul siyasəti inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır. Bütün bu sabit gözləntilərə baxmayaraq, inflyasiya ilə mübarizə tədbirləri prioritet faktor kimi diqqətdə saxlanılacaq və iqtisadi siyasətin əsas çərçivə hədəflərinə uyğun olaraq bütün iqtisadi qurumlar bu prosesə cəlb ediləcək.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqd. Mərkəzi Bank öz mandatına uyğun olaraq qarşıdakı aylarda  da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcək. Faktiki və proqnozlaşdırılan inflyasiyanın azalacağı təqdirdə faiz dəhlizi parametrlərinin azaldılması imkanları nəzərdən keçirilə bilər. Bununla yanaşı, MB inflyasiya risklərinin reallaşması halında adekvat reaksiya verəcək. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat aprel ayının 23-də ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.

E.CƏFƏRLİ

Seçilən
0
yeniazerbaycan.com

1Mənbələr