Rusiya və Ukrayna arasında son günlərdə hərbi toqquşmaların şiddətlənməsinin bir çox səbəbləri var
Səudiyyə Ərəbistanında, Ciddədə ABŞ-Ukrayna danışıqları baş tutdu və tərəflər birgə bəyanat qəbul etdilər. Danışıqlar məhsuldar keçdiyi üçün 12 martda müzakirələrin davam etdirilməsinə ehtiyac olmadı. Danışıqlardan sonra ABŞ Prezidenti Donald Tramp Kiyev hakimiyyətinə hərbi və kəşfiyyat yardımını dərhal bərpa etmək qərarına gəldi. Həmçinin, Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etdi.
Xatırladaq ki, Ukraynaya hərbi yardımın dayandırılması barədə qərarı Donald Tramp 4 martda vermişdi. Ukrayna XİN başçısı Andrey Sibiqa bildirib ki, Rusiyanın razılaşacağı halda Ukraynanın qəbul etdiyi 30 günlük dərhal müvəqqəti atəşkəs heç bir halda münaqişənin dondurulması demək deyil: "Bu müvəqqəti atəşkəs nə üçün vacibdir? Burada söhbət dondurulmuş münaqişədən getmir. Söhbət yalnız müharibəni ədalətli şəkildə bitirmək üçün yol axtarmağa çalışmaqdan gedir. Bu həm də sülhdə kimin həqiqətən maraqlı olduğunu nümayiş etdirən bir addımdır".
Sibiqa həmçinin Ciddə danışıqlarının yekunu ilə bağlı ABŞ-Ukrayna birgə bəyanatında ABŞ-nin kəşfiyyat məlumatlarının ötürülməsi və hərbi yardımın bərpasının xüsusi qeyd edilməsinə diqqət çəkib: “Bundan başqa, bəyanat mineral ehtiyatlar üzrə sazişin imzalanması ilə bağlı birbaşa Ukrayna və ABŞ liderlərindən müsbət siqnalları əks etdirir. Üstəlik, bəyanata əsasən, bu razılaşma Ukraynanın uzunmüddətli rifahını və təhlükəsizliyini birbaşa ABŞ-nin təmin etməsi ilə əlaqələndirilir. Ukrayna tərəfi elə məhz buna çalışırdı”. ABŞ Prezidenti Donald Tramp bildirib ki, bu həftə Putinlə telefon danışığı aparmaq niyyətindədir: "Mən Vladimir Putinlə danışacam. Dediyim kimi, tanqo üçün iki nəfər lazımdır". Tramp həmçinin Rusiyanın Ukraynada atəşkəslə bağlı Ciddədə müzakirə edilən təklifləri qəbul edəcəyinə ümid etdiyini deyib: "Ümid edək ki, o da razılaşacaq. Mən hesab edirəm ki, bu razılıq işin 75 faizini təşkil edəcək, işin qalanını isə razılaşmaları sənəd şəklinə salmaq, ərazi mövqeləri üzrə danışıqlar aparmaq və sair təşkil edir".
Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, ABŞ tərəfi Kiyevin arqumentlərini başa düşür, təkliflərini qəbul edir: "Komandalarımız arasında konstruktiv söhbətə görə Prezident Donald Trampa təşəkkür etmək istəyirəm". Zelenski həmçinin bildirib ki, ABŞ Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda Rusiyanı Vaşinqton tərəfindən irəli sürülən 30 günlük atəşkəs təklifini qəbul etməyə inandırmalıdır: "ABŞ tərəfdən təklif gəldi ki, Rusiya dərhal ilk addımı atsın. Bu, təkcə raket, pilotsuz təyyarə və bombalarla bağlı deyil. Həmçinin təkcə Qara dənizdə deyil, bütün cəbhə xətti boyunca 30 gün ərzində tam atəşkəs yaratmağa çalışaq". O həmçinin deyib ki, Ukrayna sülhə hazırdır: "Rusiya müharibəni bitirməyə və ya davam etdirməyə hazır olduğunu nümayiş etdirməlidir". ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Ukrayna ilə ərazi güzəştlərini müzakirə edib: “Səudiyyə Ərəbistanında biz ərazi güzəştlərindən danışdıq”. Rubio qeyd edib ki, Amerika Birləşmiş Ştatları Rusiyanı hərbi əməliyyatları dayandırmaq barədə düşünməyə çağırır: “ABŞ Rusiyanı Ukraynada hərbi əməliyyatların dayandırılması məsələsini nəzərdən keçirməyə çağırır və Moskvadan cavab gözləyir”. ABŞ Dövlət katibi Rusiya ilə Ukrayna arasında münaqişənin hərbi yolla həllinin olmadığını vurğulayıb: “Ukraynadakı vəziyyəti həll etməyin yeganə yolu danışıqlardır”. Böyük Britaniyanın Baş naziri Kir Starmer də bildirib ki, Rusiya atəşkəsə razı olmalı və döyüşlərə son qoymalıdır: “Ciddədə ABŞ-Ukrayna arasında əldə edilən razılaşmanı səmimiyyətlə alqışlayıram. Həm ABŞ, həm də Ukrayna nümayəndə heyətlərinin dediyi kimi, top indi Rusiya meydançasındadır”. O həmçinin vurğulayıb ki, növbəti addımları müzakirə etmək üçün martın 15-i liderləri toplayacaq. Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə ABŞ rəhbəri Donald Tramp arasında telefon danışığını istisna etməyib: "Amerikalılarla dialoq üçün mövcud kanallar bunu kifayət qədər qısa müddət ərzində etməyə imkan verir. Lakin hələlik Moskva ilə Vaşinqton arasında belə bir razılaşma yoxdur və Ağ Evdən danışıq tələbi olmayıb". Peskov Ukraynada 30 günlük atəşkəs təklifi ilə bağlı suala isə belə cavab verib: “Rusiya təklif olunan atəşkəs məsələsində irəli qaçmaq istəmir. Əvvəlcə ABŞ-dən məlumat almaq lazımdır. ABŞ-Ukrayna danışıqlarının nəticələri ilə bağlı bəyanatları diqqətlə öyrənirik". Peskov nadir torpaq metallarının hasilatı sahəsində Rusiya və ABŞ arasında mümkün əməkdaşlıq məsələsinə də münasibət bildirib. O, bu barədə hələ ki heç bir danışığın aparılmadığını əlavə edib.
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Ukrayna ABŞ-nin Ciddə danışıqları zamanı irəli sürdüyü 30 günlük müvəqqəti atəşkəsin dərhal tətbiq edilməsinə razılıq verməyə hazır olduğunu bildirməklə Rusiyanı çətin vəziyyətə saldı. İndi top Kremlin meydanındadır. Ekspert bildirib ki, Rusiya Prezidenti Vladimir Putin atəşkəsə razılaşmasa, amerikalı həmkarı Donald Trampı məyus edəcək:

“Halbuki Tramp son aylarda Ukrayna Prezidenti Volodimir Zelenskini tənqid edir, Rusiya Prezidenti Vladimir Putini isə tərifləyirdi. Kreml sahibinin özü və ətrafı da Trampın ünvanına müsbət fikirlər söyləyirdilər. Ona görə də Putin atəşkəsə razılaşmasa, Trampı çətin vəziyyətə salacaq. Bu halda Trampın Ukraynanı hansısa formada dəstəkləməkdən başqa alternativi qalmayacaq. Vladimir Putin müvəqqəti atəşkəsə razılaşıb tələblərini səsləndirməkdə davam edə də bilər. Onsuz da Tramp Putinin Ukrayna ilə bağlı əsas tələblərini qəbul edib. Ukrayna NATO üzvü olmayacaq və Krım və Ukraynanın şərq bölgələri Rusiyanın nəzarətində qalacaq. Ancaq Putin bunlarla yanaşı Ukraynanın şərqindəki tam işğal edə bilmədiyi əraziləri də (Donetsk və Luqansk vilayətlərinin tamamını) tələb edir. Əgər Putin atəşkəsə razılaşarsa, bu tələbindən bir müddət imtina etməli olacaq”.
E.Şahinoğlunun fikrincə, atəşkəs heç bir halda problemin həlli deyil:
“Əlbəttə, Putin razılaşarsa, Tramp atəşkəsi qələbəsi kimi qələmə verəcək. Ancaq keçmişdə Azərbaycan-Ermənistan qarşıdurmasında olduğu kimi, Rusiya-Ukrayna qarşıdurmasında da atəşkəsin pozulması ehtimalları yüksəkdir. Ukraynaya isə başda ABŞ olmaqla, heç bir Qərb ölkəsi təhlükəsizlik təminatı vermək istəmir. Təhlükə bundadır”.
Politoloq İlqar Vəlizadə də deyib ki, dəqiq proqnozlar söyləmək çox çətindir. Ekspertə görə, Rusiya və Ukrayna arasında son günlərdə hərbi toqquşmaların şiddətlənməsinin səbəbi var:

"Hər hansı atəşkəs öncəsi iki tərəfin də istəkləri var. Rusiya aydın görür ki, son günlərdə Ukraynanın mövqeləri zəifləyib. Ona görə də Kursk istiqamətində hücuma keçərək müəyyən üstünlüklər əldə edib. Ukrayna tərəfi də son mərhələdə üstünlük əldə etmək üçün Moskvaya PUA-lardan hücumlar təşkil edir. Göstərir ki, ABŞ prezidentinin yanaşmasına rəğmən, Ukraynanın hərbi gücü, imkanları yerindədir. Yəni Ukrayna zəif bənd olmaq fikrində deyil. Əslində, bu, onun göstəricisidir ki, tərəflər, xüsusən Rusiya sülhə hazır deyil. Həm də ABŞ rəsmiləri açıq bəyan edirlər ki, Ukrayna nəinki 2014-cü ilin, hətta 2022-ci ilin sərhədlərinə qayıda bilməz. Donetsk, Zaporejye və Xerson vilayətləri qismən Ukraynanın nəzarətindədir. Ancaq Rusiya birmənalı tələb edir ki, həmin bölgələr Moskvanın nəzarətinə keçməlidir. Bu məsələdə də ziddiyyətlər var. Çox güman ki, ABŞ də bu ideyanı dəstəkləyir. Ona görə də Ukrayna qarantiya, zəmanət tələb edir. Hələlik nadir metallarla bağlı da saziş imzalanmayıb. Düzdür, ABŞ sülh istəyir, çalışır ki, tərəfləri sülhə yaxınlaşdırsın və daha çox Moskvanın mövqeyini nəzərə alır. Lakin sülh yaxın görünmür".