6.3.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
Müasir dövrümüzdə insanların həyat tərzində özünəməxsus yerə sahib olan informasiya və kommunikasiya texnologiyaları artıq cəmiyyətin inkişafında xüsusi rola da malikdir. Demək olar ki, informasiya və kommunikasiya texnologiyalarının təsir dairəsi artıq bütün sahələri əhatə edir.
Bakıvaxtı.az-ın məlumatına görə, ölkəmizdə də bu sahə üzrə ciddi islahatlar aparılıb, informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi qarşıya bir hədəf kimi qoyulub. Məqsəd innovasiya yönümlü fəaliyyətin daha da inkişaf etdirilməsi, gücləndirilməsi və daha informativ cəmiyyətin qurulmasıdır. Bu baxımdan elektron xidmətlərin yaradılması istiqamətində ən parlaq nümunələrdən sayılan "Elektron Hökumət", eləcə də "ASAN xidmət2 layihələrinin Azərbaycanda tətbiq olunması təsadüfi deyil. Bu kimi elektron xidmətlər dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılmasıvə sürətləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.
Bundan başqa, bir sıra hərbi münaqişələrin hökm sürdüyü dövrümüzdə informasiyanın və yüksək texnologiyaların tətbiqinin rolu hər kəsə məlumdur. Elə 44 günlük müharibə dönəmində yüksək texnologiyaların tətbiqi sayəsində qələbənin ən qısa zamanda əldə edkilməsi də sirr deyil. Müharibə başa çatsa da, informasiya müharibəsi hələ də davam etməkdədir. Bu informasiya savaşı yalnız Azərbaycan-Ermənistan arasında deyil, dünyanın bir çox ölkələri arasında davam edir.
Ümumilikdə maraqlıdır ki, bu gün ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi istiqamətində atılan addımları qənaətbəxş saymaq olarmı? Bu sahə üzrə hansı boşluqlar var və qarşısı necə alınmalıdır?
Bakıvaxtı.az-ın bu suallarını İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev cavablandırıb.
Onun sözlərinə görə, ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı son illərdə ciddi şəkildə sürətlənib. Bu sahədə bir sıra mühüm addımlar atılıb ki, bu da həm dövlətin, həm də özəl sektorun diqqətini cəlb edib və onların inkişafına təkan verir:
"Hökumət tərəfindən texnologiyaların inkişafı ilə bağlı müxtəlif proqramlar və strategiyalar həyata keçirilir. Bununla yanaşı, yeni startapların yaranması və innovasiya ekosisteminin böyüməsi, həmçinin yüksək texnologiya məhsullarının istehsalı və ixracının təşviqi müsbət irəliləyişlərdəndir. Son illərdə bu sahəyə dövlət səviyyəsində ciddi diqqət ayrılmaqda, həmçinin dövlətin müxtəlif proqramları və təşəbbüsləri İKT sektorunun inkişafına təkan verməkdədir. Müxtəlif layihələr, strategiyalar və təşəbbüslər həyata keçirilir. Azərbaycanda internetin əlçatanlığı getdikcə genişlənir və bu sahədə dünya səviyyəsində rəqabətədavamlı xidmətlər təklif olunmağa başlayıb. Dövlət tərəfindən təşviq edilən startap mərkəzləri və inkubatorlar (məsələn, "High Tech Park" və "Barama İnnovasiya Mərkəzi") yerli startapların inkişafına şərait yaradır. Bu, həmçinin xarici investorları cəlb etməklə, Azərbaycanın texnologiya bazarını daha geniş bir platformaya çevirməyə imkan yaradır. Kibertəhlükəsizlik sahəsində dövlətin atdığı addımlar da əhəmiyyətlidir. Bu sahədə mövcud olan hüquqi tənzimləmə və strateji planlar, xüsusilə dövlət orqanlarının və özəl sektorda kibertəhlükəsizliyin möhkəmləndirilməsi üçün nəzərdə tutulub".
Bəhruz Əliyev: İKT sahəsində bacarıqlı mütəxəssislərin sayının artırılmasına ehtiyac var
AKTA eksperti vurğulayıb ki, Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı son illərdə əhəmiyyətli irəliləyişlər əldə edib. Dövlətin bu sahəyə verdiyi dəstək, beynəlxalq əməkdaşlıq və yerli təşəbbüslər nəticəsində İKT sektoru ölkə iqtisadiyyatının mühüm sahəsinə çevrilib. Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyayası imzalandı. İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ölkədə internet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsini təhlil edib. Bu təhlil beynəlxalq reytinq cədvəllərinin indikatorları əsasında aparılıb və ölkənin rəqəmsal inkişafı üçün vacib göstəricilər müəyyən edilib.
Azərbaycanda "İnformasiya Texnologiyaları və Onların Tətbiqi (ITTA 2024)" adlı II beynəlxalq konfrans keçirilib. Yerli və beynəlxalq mütəxəssislərin təcrübə mübadiləsi aparması, yeni texnologiyaların tətbiqi və təhsil sahəsindəki yenilikləri müzakirə etməsi üçün platforma yaradılıb. Qadınların İKT sahəsinə cəlb edilməsi iqtisadiyyatın inkişafı üçün vacibdir. Bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir və gender bərabərliyinin təmin edilməsi məqsədilə tədbirlər görülür.
İKT sahəsində əhəmiyyətli irəliləyişlərin əldə olunduğunu bildirən B.Əliyev qeyd edib ki, bəzi sahələrin daha çox inkişaf etməsinə ehtiyac var:
"Xüsusilə kənd yerlərində rəqəmsal biliklərin artırılması üçün təlim proqramları və maarifləndirmə tədbirləri daha geniş təşkil edilə bilər. İnformasiya təhlükəsizliyi sahəsində beynəlxalq standartlara uyğun tədbirlərin görülməsi və mütəxəssis hazırlığının gücləndirilməsi, beyin axınının qarşısının alınması üçün müvafiq stimullaşdırıcı tədbirlərin genişləndirilməsinə ehtiyac var. İnnovasiya ekosisteminin inkişafı zəruridir. İKT sahəsində bacarıqlı mütəxəssislərin sayının artırılmasına ehtiyac var. Həm ali, həm də orta ixtisas təhsil müəssisələrində İKT yönümlü tədris proqramlarının daha da genişləndirilməsi, müasir texnologiyalar üzrə təhsil və təlimlərin təşkili vacibdir. Həmçinin, mövcud işçilərin peşə hazırlığı və biliklərini artırmaq üçün davamlı təhsil proqramları və sertifikasiya proqramları, müasir sillabusların da hazırlanması önəmlidir. İKT sahəsində daha çox innovasiya və araşdırma mərkəzlərinin yaradılması və onların dəstəklənməsinə ehtiyac var. İKT və kibertəhlükəsizlik sahəsində qanunvericiliyin daimi müasirləşdirilməsi zəruridir".
Müsahibimiz son olaraq əlavə edib ki, ölkəmiz çox qısa zamanda həm milli kibertəhlükəsizlik indeksində, həm də qlobal kibertəhlükəsizlik indeksində kifayət qədər yaxşı səviyyəyə gəlib və bir çox Avropa ölkələrini arxada qoyub. Buna baxmayaraq, biz dayanmadan, daim inkişaf etməliyik. İnkişafdan başqa yolumuz yoxdur.
Gülşən Şərif
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb