Rusiya Şimal donanmasının qarışıq qüvvələrinin Kolski flotiliyasının “Rassvet” kiçik raket gəmisi planlaşdırılmış döyüş hazırlığı tapşırıqlarını yerinə yetirmək üçün Barents dənizinə çıxıb.
Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir.
Məlumata görə, kiçik raket gəmisinin ekipajı kurs tapşırığının elementləri çərçivəsində bir sıra gəmidaxili təlimlər keçirməli olacaq.
Bir neçə gün əvvəl “Rassvet”in heyəti raket gəmisinin dənizə buraxılmasını təsdiqləmək üçün bazada gəmi üçün hazırlıq işlərini tamamlayıb. Bu tip kiçik raket gəmiləri qapalı dənizlərdə və okeana yaxın zonada potensial düşmənin döyüş gəmiləri ilə döyüşmək üçün nəzərdə tutulub.
Gəminin uzunluğu 59,3 metr, eni 11,8 metrdir. Ekipaj 64 nəfərdən ibarətdir. Silahlanmaya 76 mm və 30 mm-lik artilleriya sistemləri, iki KT-120 buraxılış qurğusunda altı P-120 “Malaxit” gəmi əleyhinə qanadlı raketlər və “Osa-M” özünümüdafiə zenit-raket kompleksi daxildir.
Bəxtiyar CƏFƏRLİ