AZ

Qədir Rüstəmov kimdir?

Kulis.az Qədir Rüstəmov haqqında materialı təqdim edir.

Qədir Rüstəmov 1935-ci ildə Ağdamda anadan olub və Ağdam rayonu Güllücə kənd orta məktəbində təhsil alıb.

Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri alıb.

Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları – "Rast", "Çahargah" lentə alınaraq radionun fondunda saxlanılır. Onun ifasında "Sona bülbüllər" mahnısı xüsusilə sevilib.

14 dekabr 2011-ci ildə Türkiyənin İstanbul şəhərində vəfat etmiş və Bakı şəhərində dəfn olunub.

Mükafatları:

21 mart 1989-cu ildə"Azərbaycan SSR əməkdar artisti" fəxri adı

30 dekabr 1992-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı

14 fevral 1997-ci ildə "Şöhrət" ordeni

11 iyun 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

Həyatı haqqında:

Xanəndə ilk dəfə 11 yaşından ifa etməyə başlayıb. O, həmin illərdə ilk müəllimi Bahadur Mehrəliyev ilə toylara gedirmiş. Qədir Xan Şuşinski ilə də elə həmin toylardan birində rastlaşıb. O, Qədirə, - "Ay qara oğlan, oxu görək. Səsini yaman tərifləyirlər, görək nə qüdrətə maliksən",- deyir. Qədir "Qarabağ Şikəstəsi"ni ifa edir və Xan Şuşinski onu çox bəyənir. Həmin toyda Seyid Şuşinksi də Qədirin ifasında

"Çahargah"a qulaq asır. Beləcə onu çox bəyənir və Bakıya dəvət edirlər. Bakıda musiqi məktəbində oxuyan Qədir imtahandan kəsilir və məktəbdən uzaqlaşdırılır. Lakin o, daha sonra Ağdama qayıdır və Konservatoriyada oxuyur.

Deyilənə görə, ilk qadın bəstəkarlarımızdan Ağabacı Rzayeva bir dəfə onun "Sona bülbüllər" ifasını eşidərkən ürəkdən ağlayıb və huşunu itirib. Xanəndənin "Sona bülbüllər" ifasından sonra bu mövzuya 300-ə yaxın şeir həsr edilir.

Qədir Rüstəmov "Üzeyir ömrü" filmində Cabbar Qaryağdıoğlunun obrazını canlandırıb. Yazıçı Anar onu buna görə güclə razı salır. Lakin çəkiliş meydançasında bir nəfərin, - "Qədiri necə razı sala bildin?"- sualını eşidən xanəndə buna çox əsəbiləşir və oranı tərk edir.

Xalq artisti Arif Babayev onun haqqında xatirələrini bölüşərkən deyib ki, "Sona bülbüllər"i ondan əvvəl də ifa edənlər olub, lakin Qədir kimi yanıqlı oxuyan olmayıb. Bu ifa təkcə Azərbaycanda yox, bütün Şərq dünyasında sevilib. Qədir Rüstəmovun bu ifası Qızıl Fondda saxlanılır.

Qədir Rüstəmov haqqında maraqlı faktlardan biri isə budur ki, ona Bakıdan ev də verilib, amma o, heç vaxt paytaxta köçmək fikrində olmayıb. Sənətkar Qəbələdə yaşayıb.

Yoldaşı Fatma Rüstəmova onun haqqında xatirələrini bölüşərkən deyib ki, Qədirə zəng edib hansısa nazir toya çağıranda, oxumağını istəyəndə, - getmirəm, -deyirmiş. Rayona hanısa yüksək vəzifəli şəxs gələndə onu oxumaq üçün dəvət edirmişsə, balıq tutmağa getdiyini söyləyib imtina edirmiş.

Xanəndənin dostları, incəsənət adamları onunla bağlı xatirələrində qeyd edirlər ki, Qədir Rüstəmov Ağdamın azad olunacağı, orada oxuyacağı günü xəyal edir, arzulayırmış. Ağdam işğal ediləndə o, şəhəri ən sonda tərk edənlərdən olub. Deyilənə görə, ömrünün son günlərində Türkiyədə müalicə olunarkən vəziyyəti ağırlaşır, komaya düşür. Həkimlər vəziyyətini müəyyənləşdirmək üçün dostu Aqil Abbasdan onun qulağına nəsə pıçıldamağı xahiş edirlər.

Aqil Abbas sənətkarın qulağına, - "Ay Qədir, Ağdamı alıblar. Dur gedək", - deyir. Can üstə olan xanəndə bu xəbərdən sonra əllərini tərpətsə də, komadan ayılmır.

Seçilən
1
kulis.az

1Mənbələr