AZ

Suriyada son hadisələr: Siyasi və geosiyasi analiz

Son vaxtlar Suriyada baş verən hadisələr yenidən dünya KİV-lərinin diqqət mərkəzindədir. Əsəd hakimiyyətinin tərəfdarları olan ələvilərin etirazları, Colaniyə tabe təhlükəsizlik qüvvələrinin bu etirazları yatırarkən sərgilədiyi amansızlıq və qanunsuz hərəkətlər göstərir ki, Suriyada sabitliyin təmin olunacağı ilə bağlı rəsmi Dəməşqin mövqeyi ölkənin gerçək siyasi reallıqlarını əks etdirmir.

????????????????????????????????????

Tribunainfo.az-a müsahibə verən politoloq Elşən Manafov bu hadisələrin səbəbləri və mümkün nəticələri barədə danışıb.

Müsahibəni təqdim edirik:

– Elşən bəy, Suriyada sabitlik təmin olunduğu düşünülən bir vaxtda ələvilərin etirazları nə ilə bağlıdır? Onların narazılığına səbəb olan məqamlar varmı?

– Əslində, Suriyada qısa müddətdə sabitliyin tam bərpa olunacağı gözlənilən deyildi. Colani hakimiyyəti legitim sayılmır, çünki o, xalqın azad seçimi və siyasi iradəsi ilə deyil, Əsəd hakimiyyətinə qarşı hərbi qiyam yolu ilə hakimiyyətə gəlib. Əsədin devrilməsində maraqlı olan geosiyasi güc mərkəzləri və bəzi region dövlətləri Colaninin təmsil olunduğu beynəlxalq terror şəbəkəsinə ciddi maliyyə və hərbi dəstək veriblər.
Burada maraqlı məqam odur ki, Colanini maliyyələşdirən tərəflərin regionun təhlükəsizliyi ilə bağlı baxışları həmişə üst-üstə düşməyib. Məsələn, Türkiyə və İsrailin yanaşmaları bu məsələdə xeyli fərqlənib. İsrail Livandan sonra növbəti hədəfinin Suriya olduğunu dəfələrlə bəyan edib. Türkiyə isə Suriyanı İsrailin genişlənməsinin qarşısını alan sonuncu müdafiə səddi kimi qəbul edib. Rəsmi Ankara bütün mümkün vasitələrdən istifadə edərək Dəməşqdə məhz ona loyallıq göstərən qüvvənin hakimiyyətə gəlməsini təmin etdi.

– Rəsmi Ankaranın dəstəyinə baxmayaraq, Colani hakimiyyəti niyə ölkədə sabitliyi təmin edə bilmədi?

– Unutmayaq ki, hələ Əsəd hakimiyyəti dövründə belə Suriya hökuməti ölkənin bütün ərazilərinə tam nəzarət edə bilmirdi. Bunun əsas səbəbi Qərb dövlətlərinin, İsrailin və Türkiyənin Suriya siyasəti ilə bağlı idi. Türkiyə müdaxiləsini əsaslandırmaq üçün PKK-nın Suriya ərazisindəki fəaliyyətini göstərirdi. Digər tərəfdən, Qərb dövlətləri və İsrail Suriyaya legitim Əsəd hökumətinin razılığı olmadan daxil olmuşdular ki, bu da beynəlxalq hüquq baxımından açıq-aşkar təcavüz hesab olunur.
Suriyaya beynəlxalq hüquq normalarına uyğun şəkildə yalnız Rusiya və İran müdaxilə etmişdi. Rusiya 2015-ci ildə Əsədin dəvəti ilə ölkəyə daxil olmuş və beynəlxalq terror şəbəkəsinə qarşı mübarizə aparacağını bildirmişdi. İran isə əvvəllər imzalanmış ikitərəfli müqavilələrə əsasən Suriyada mövcudluğunu qoruyub saxlamışdı.

– Ələvilərin etirazları gözlənilən idimi? Bu etirazlar nə ilə bağlıdır?

– Ələvilər Suriyada prezident Bəşər Əsədin də mənsub olduğu dini qrupdur. Onlar İslamın şiə cərəyanına yaxın olan, amma daha mötədil mövqedə dayanan bir icmadır. Ələvilərin Suriyada nüfuzu İranın bu ölkə ilə bağlı maraqları ilə birbaşa əlaqəlidir.
Əsədin devrilməsi İranın Suriyadakı maraqlarına ciddi ziyan vurdu. İran 1979-cu il inqilabından sonra “şiə hilalı” konsepsiyasını təbliğ edərək, şiələrin üstünlük təşkil etdiyi ərəb ölkələrində nüfuzunu artırmağa çalışırdı. Bu isə sünni ərəb elitalarının ciddi narazılığına səbəb olub.

– Belə çıxır ki, ələvilərin etirazlarının arxasında rəsmi Tehranın maraqları dayanır?

– Birmənalı şəkildə demək çətindir, amma İranın ələviləri Colani hökumətinə qarşı çıxışlara təşviq etməsi mümkündür. Çünki Colani Dəməşqdə məhz Türkiyənin dəstəyi ilə hakimiyyətə gəlib. Bu amili nəzərə alsaq, ələvilərin etirazlarını İranın Türkiyəyə Suriyada yönəlmiş bir cavabı kimi də qiymətləndirmək olar.
Bundan başqa, Colani hökumətinin tərkibi ilə bağlı müzakirələrin getdiyi vaxtda bəzi etnik qrupların, hətta druzların belə adı çəkildiyi halda, ələvilərin yeni hökumətdə təmsil olunmaması onların narazılığına səbəb olub.

– Druzlarla bağlı İsrailin mövqeyi nədir? Netanyahunun Colani hökumətini açıq şəkildə hədələməsi nədən qaynaqlanır?

– Druzlar etnik mənşəcə ərəblərdir, lakin digər ərəb qruplarından fərqli olaraq, İsrail dövlətinə münasibətdə daha tolerant mövqe sərgiləyirlər. Hazırda İsrail əhalisinin təxminən 12%-ni druzlar təşkil edir və onlar İsrail ordusunda xidmət etmək hüququna malik yeganə ərəb icmasıdır.
Bu səbəbdən İsrail druzları ərəb dünyasında özünün strateji “beşinci kolonu” kimi görür və onları qorumağa çalışır. Netanyahunun Colani hökumətini açıq şəkildə hədələməsi də bu kontekstdə başa düşülməlidir.

– Colani hökumətinin ələvi etirazlarını yatırarkən sərgilədiyi amansız münasibəti bəzi ekspertlər dini dözümsüzlüklə izah edirlər. Hətta bunun vəhabi-şiə qarşıdurması olduğunu deyənlər də var. Bu fikirlə razısınızmı?

– Colaniyə tabe təhlükəsizlik qüvvələrinin ələvilərə, xüsusilə silahsız mülki əhaliyə qarşı qəddarlığını heç bir halda əsaslandırmaq olmaz. Bu, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasıdır. Eyni zamanda, bu cür zorakılıq İslam dünyasında dini zəmində daha genişmiqyaslı qarşıdurmalara səbəb ola bilər ki, bu da yalnız bölgədə imperialist maraqları olan dairələrin işinə yarayır.
Türkiyənin özündə də iqtidarın ələvi etirazlarını qınayan siyasi aksiyalar təşkil etməsi yolverilməzdir. Rəsmi Ankara bununla Colani iqtidarına dəstəyini nümayiş etdirir, amma bu, İran və Türkiyə arasında münasibətlərin gərginləşməsinə səbəb ola bilər.

– Ələvilərin etirazlarının Latakiyada, Rusiyanın hərbi bazalarına yaxın ərazilərdə baş verməsi, bu etirazların Rusiya tərəfindən təşkil edildiyi ilə bağlı fərziyyələrə yol açır. Bu ehtimal nə dərəcədə realdır?

– Ələvilər tarixən Suriyanın dəniz sahili boyu ərazilərində məskunlaşıblar. Latakiyada Colani qüvvələrinin ələvilərə hücum etdiyi vaxt, onların Rusiyanın hərbi bazalarına sığınması anlaşılan haldır.
Bəşər Əsəd özü hazırda Moskvaya sığınıb və Rusiya onun təhlükəsizliyinə zəmanət verib. Ələvilərlə Suriya pravoslav kilsəsi arasında tarixən etibarlı münasibətlər mövcuddur. Bu baxımdan, Rusiya ələvilərin simasında Suriyada öz müttəfiqlərini qorumağa çalışır.

Dəniz

Seçilən
3
tribunainfo.az

1Mənbələr