AZ

Göydəniz Qəhrəmanov: “Azərbaycan Balkanlarda mövqelərini gücləndirir”



“Bu gün Cənub-Şərqi Avropa və Balkan yarımadası ölkələri ilə əməkdaşlığın genişləndirilməsi məsələsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. O cümlədən Azərbaycan ilə Şimali Makedoniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkələrimizin və xalqlarımızın maraqlarına tam uyğundur. Bu baxımdan mart ayının 11-də Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkovanın ölkəmizə etdiyi rəsmi səfər xüsusi əhəmiyyət kəsb edən bir hadisədir. Qeyd edək ki, Şimali Makedoniya 25 iyun 1995-ci il tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 28 iyun 1995-ci ildə qurulmuşdur. 2023-cü ildə Azərbaycan Respublikasının Serbiyadakı səfiri eyni zamanda Şimali Makedoniyaya təyin olunmuşdur. Hazırda Şimali Makedoniyanın Azərbaycanda akkreditə olunmuş səfirliyi fəaliyyət göstərir. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. 19.04.2013-cü il tarixində “Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” saziş imzalanmışdır və hazırda qüvvədədir. Elə həmin tarixdə daha bir mühüm sənəd “Gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Saziş imzalanmış və 12.08.2013-cü il tarixində qüvvəyə minmişdir. Hazırda AR Milli Məclisində Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu mövcuddur. Həmçinin Şimali Makedoniya Məclisində müvafiq parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov səsləndirib.

Deputat fikirlərini davam etdirərək bu gün Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində artan rolunun vacib faktora çevrildiyini bir daha diqqət mərkəzinə gətirib: “Ölkə Prezidenti cənab İlham Əliyevin Şimali Makedoniya Prezidentinin ölkəmizə rəsmi səfəri ilə bağlı martın 11-də mətbuata verdiyi bəyantında da qeyd olundu ki, ölkələrimiz arasında siyasi dialoq getdikcə daha dinamik xarakter alır. Təbii ki, əlaqələrin inkişafı üçün müvafiq dövlət qurumları tərəfindən sıx təmasda olmaqla çalışmalar aparılmalı, əlavə tədbirlər görülməlidir. Təəssüflər olsun ki, indiyə qədər Azərbaycan ilə Şimali Makedoniya arasında ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib. Lakin hazırda bu boşluğun doldurulması üçün geniş imkanlar, böyük potensial və ən əsası möhkəm siyasi iradə var. Dövlət başçımızın dediyi kimi, keçən ilin sonlarından iki ölkənin energetika sahəsində əməkdaşlığa başlamaları son ayların mühüm müsbət əlamətidir. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu il artıq müntəzəm olaraq Azərbaycan bu Avropa ölkəsinin də istehlak bazarını təbii qazla təmin edəcək. Bu gün Avropa Azərbaycan qazına ehtiyac duyur. Eyni zamanda da energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq ölkəmiz üçün çox önəmlidir və bu praktiki əməkdaşlığın digər sahələrdə də əməkdaşlıq əlaqələrinin formalaşmasına və inkişafına zəmin yaradacağına dair böyük gözləntilər vardır. O cümlədən Şimali Makedoniya Prezidentinin bəyanatında ölkələrinin Azərbaycan ilə mədəniyyət, elm və təhsil və əlbəttə ki, turizm sahəsində də əməkdaşlıqda son dərəcə maraqlı olduğu xüsusi vurğulanmışdır. Bütün bunlar Azərbaycan-Şimali Makedoniya münasibətlərinin sürətlə yeni mərhələyə keçid etdiyini deməyə əsas verir” – deyə, millət vəkili fikirlərini başa çatdırıb.



Seçilən
0
1
aia.az

2Mənbələr