AZ

Amorim: “Bizə Bruno Fernandes kimi çoxlu oyunçu gərəkdir”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim öz rəhbərliyi altında “qırmızı şeytanlar”ın gələcəyi ilə bağlı nikbin fikirdədir.

Arena.az portuqal mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Komandada çox şey dəyişir, amma hələ bu, görünmür. Mən futbolçuları tanıyıram və bizim gələcəyimizi görürəm”.

Amorim “qırmızı şeytanlar”a komandanın kapitanı, 30 yaşlı portuqal hücumameyilli yarımmüdafiəçisi Bruno Fernandes kimi futbolçular gərək olduğunu da vurğulayıb:

“Bizə Fernandes kimi çoxlu oyunçu gərəkdir. O, həmişə əlçatandır. Qol vurmaq və ya məhsuldar ötürmə vermək gərək olanda, o, həmişə yerindədir”, deyə Amorim fikrini əsaslandırıb.

Xatırladaq ki, baş məşqçisi Bruno Fernandesdən razılığını dilə gətirsə də, “qırmızı şeytanlar”ın azarkeşləri komandanın uğursuz çıxışı mənzərəsində portuqal futbolçudan da narazıdırlar.

Bruno Fernandes “Mançester Yunayted”ə 2020-ci ilin yanvarında 65 milyon avro məbləğ müqabilində Lissabon “Sportinq”indən keçib. Fernandesin İngiltərə klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Fernandes “qırmzı şeytanlar”ın heyətində 42 oyun keçirib, 12 qol vurub, 13 məhsuldar ötürmə verib.

Fernandesin “Mançester Yunayted” karyerası ümumilikdə 275 oyun, 91 qol və 79 məhsuldar ötürmədən ibarətdir.

Portuqaliyalı futbolçu daha öncə “Novara”, “Udineze”, “Sampdoriya”, “Sportinq” kimi klubların da formasını geyinib.

Bruno Fernandes 2017-ci ilin noyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 76 oyuna çıxıb. Təcrübəli futbolçu bu oyunlarda 25 qol vurub, 22 məhsuldar ötürmə verib.

Bruno Fernandesin peşəkar karyerasındakı əsas uğurları da məhz “Mançester Yunayted”, “Sportinq” və Portuqaliya yığmaları ilə bağlıdır.

“Transfermarkt” internet-portalı 30 yaşlı portuqal hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
4
arena.az

1Mənbələr