AZ

Bayramqabağı BAHALAŞMA: ...onsuz da alacaqlar

Baharın ətri duyulur. Artıq üçüncü çərşənbəni də qeyd etdik. Demək, bayram bazarlıqları da başlayıb. Amma...

Hər bayramöncəsi olduğu kimi bu dəfə də bazarlarda bahalaşma müşahidə olunur.

Bəs bu qiymət artımı nə ilə bağlıdır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, bütövlükdə Azərbaycanda qiymət artımı davam edir. Bu, həm dünyada gedən , həm də daxili proseslərdən asılıdır:

"Bayram ərəfəsində əhali daha çox ərzaq, hədiyyə və digər məhsulları almağa meyilli olur. Tələb artdıqca, təklif eyni sürətlə artmadığı üçün qiymətlər də yüksəlir. Bəzi sahibkarlar və topdansatışçılar bayramqabağı alıcılıq qabiliyyətinin yüksəlməsindən istifadə edərək, qiymətləri bilərəkdən artırırlar. Bu, xüsusilə tənzimlənməyən bazarlarda və monopoliya şəraitində baş verir".

Müsahibimiz qeyd edib ki, bəzi ölkələrdə bunun əksi olur, yəni sahibkarlar daha çox satış etmək üçün qiyməti minimuma endirir:

“Təəssüflər olsun ki, bizdə “onsuz da alacaqlar” düşünərək hər zaman qiymət artımı edilir".

Əkrəm Həsənov: Süni bahalaşma uzunmüddətli perspektivdə bazar üçün də risk yaradır

Ə.Həsənov xaricdən gələn məhsulların qiymət artımı haqqında da bəhs edib:

Ekspert bildirib ki, xaricdən gətirilən məhsulların qiyməti valyuta məzənnəsinə bağlıdır. Bayramqabağı bəzi idxalçılar yüksək tələbatı nəzərə alaraq qiymətləri artırırlar.

Müsahibimizin sözlərinə görə, bu cür süni bahalaşma istehlakçılara ziyan vurmaqla yanaşı, uzunmüddətli perspektivdə bazar üçün də risk yaradır. Dövlət qurumları tərəfindən monitorinqin gücləndirilməsi və inzibati tədbirlərin görülməsi təklif edilir. Süni qiymət artımına yol verən sahibkarlara qarşı cərimələr tətbiq olunmalı, ictimai şəkildə ifşa edilməlidirlər. Effektiv tədbirlər görüldüyü təqdirdə, süni bahalaşmanın qarşısını almaq və bazarı balansda saxlamaq mümkündür:

"Burda vətəndaşların da rolu önəmlidir. Alıcılar qiymət artımına qarşı etiraz olaraq bahalaşan məhsullardan imtina edə və alternativ mənbələrdən alış-veriş edə bilərlər. Sosial şəbəkələrdə və mediada süni qiymət artımı ilə bağlı məlumat yaymaqla ictimai təzyiq yaratmaq mümkündür. Qanunsuz qiymət artımı ilə bağlı dövlət qurumlarına şikayət etmək sahibkarların məsuliyyətini artırır", - deyə Əkrəm Həsənov vurğulayıb.

Nuriyyə Musayeva

Seçilən
0
bakivaxti.az

1Mənbələr