İranda hicri-şəmsi təqvimlə ilin axır çərşənbə gecəsi keçirilən çərşənbə şənlikləri zamanı baş verən qəzalarda 5 nəfər həyatını itirib, 220 nəfər isə yaralanıb.
"Cebheinfo.az"-ın İranın rəsmi xəbər agentliyi İRNA-ya istinadən məlumatına görə, Fövqəladə Hallar Xidmətinin sözçüsü Babək Yektaperest məsələ ilə bağlı açıqlama verib. Yektaperest qeyd edib ki, fevralın 19-dan martın 11-nə kimi ölkə daxilində çərşənbəyə hazırlıq prosesində 5 nəfər həyatını itirib, 220 nəfər yaralanıb. Yektaperest ötən illə müqayisədə yaralıların sayında 47 faiz azalma olduğunu, ən çox yaralananların isə Tehranda (59 nəfər) olduğunu bildirib.
İranda yeni il (Novruz) qabağı ilin axır çərşənbə gecəsində keçirilən şənliklərdə, xüsusilə uşaq və gənclər odun üstündən tullanır, atəşfəşanlıq, evdə hazırlanmış partlayıcılar partladırlar. Bu bayramlar zamanı baş verən qəzalar və onlara hazırlıq işləri hər il ölkədə onlarla insanın ölümünə, yüzlərlə insanın yaralanmasına səbəb olur. Hicri Şəmsi təqviminin tətbiq olunduğu İranda Novruz martın 21-də başlayır.