AZ

 Suriyadakı qanlı hadisələrin arxasında kim dayanır? 

Yazını böyüt
Yazını kiçilt

Bu günlərdə Suriyada dövlətə qarşı silahlı qiyam edərək sahilboyu bölgələri bir gün içində ələ keçirən Bəşər Əsədə bağlı silahlılar Prezident Şaranın vacib qərarlar almalı olduğunu isbatladı. Heç kimə sirr deyil ki, hadisələrin məhz Rusiya hərbi bazalarının hələ də mövcud olduğu bu ərazidə yaşanması təsadüfi deyil – onlar məhz Əsədin hamiləri olan Moskva və İran tərəfindən idarə olunub. Düzdür, qiyam uğursuz oldu, yatırıldı, ancaq bunun Şara hökumətinə, sadəcə, ismarış olduğunu, sabah daha mütəşəkkil üsyanın baş verməyəcəyinə kimsə təminat vermir.

Misirli siyasi analitik Sabir Məşhur da bu fikirdədir ki, Lazkiyə, Tartus və digər sahilyanı qonşu şəhərlərdə qiyam edən qüvvələr Əsədə bağlı olsalar da, birbaşa Rusiya və İran tərəfindən idarə olunublar:

“Mən Suriya xalqına üz tutaraq deyirəm: “Qiyamı ələvilər etdi” deyənlər yanılır, onların bu prosesdə qətiyyən rolu yoxdur. Baxmayaraq ki, ələ keçirilmiş silahlıların əksəriyyəti ələvilərdir. Bu çevrilişə cəhdi planlayan və həyata keçirən birbaşa Vladimir Putin və Əli Xamnei – yəni Rusiya və İrandır. Onlar Bəşər Əsədin əsgərlərinə “Hərəkətə keçin və Suriyaya nəzarəti bərpa edin”, – deyirlər. Rusiya və İranın maliyyəsi, silahlandırması, logistikası və sair olmadan hər hansı silahlı qrupun belə ani və şiddətli hücum həyata keçirməsi mümkün deyil”, – Sabir Məşhur deyib.

Politoloqun fikrincə, Suriya hazırda xərçəng yarasını xatırladır: “Məhz xərçəng ağırlaşdıqca hərarət qalxır. Təəssüf ki, efirləri zəbt edən politoloqlar ələvilərin adını hallandırır, amma Suriyanın xərçəng olduğunu və bu xərçəngin məhz Rusiya və İran olduğunu dilə gətirmir”.

Ümumiyyətlə, bu çevrilişə cəhd necə hazırlandı, planlar necə quruldu? Əsəd tərəfdarları necə oldu ki, uğursuz da olsa, belə ani hərbi əməliyyat keçirdi, amma kimsənin xəbəri olmadı? Bu, vaxtilə Suriya ərazisində İŞİD-in qəfil əməliyyatlara başlayaraq, Suriyanın böyük hissəsini və İraqın, az qala, yarısını işğal etməsinə bənzəyir. O vaxt da belə bir təşkilatın Suriyada necə yarandığından, az qala, dövlət ordusu qədər qoşun toplamasından, ağır texnika, hücum silahları yığmasından və Hitlerin ildırımsürətli hücumundan daha sürətli hücuma keçəcəyindən guya kimsənin xəbəri olmamışdı. Nəticəsi də bu olmuşdu ki, İŞİD-lə mübarizəni bəhanə edən ABŞ və koalisiyası bölgəyə ordu yeritdi, yüzilin proqramında göstərildiyi kimi, Suriya və İraqda kürdlər təpədən-dırnağadək silahlandırıldı və defakto dövlətə çevrildi. ABŞ isə hələ də bölgədədir...

İndi də İŞİD ssenarisinə bənzər başqa bir plan Suriyada tətbiq edilmək üzrədir. Güneydə duzilər, sahilyanı bölgədə ələviləri ayaqlandırmaqla xaos yaratmaq, ölkədə “milli və dini azlıqların müdafiəsi naminə” hərbi müdaxiləyə zəmin yaradılır. Əlbəttə, bu dəfə Qərb koalisiyası deyil, Rusiya-İran ikiliyi tərəfindən...  

“Suriyada hazırda Rusiyanın hərbi bazaları var və özü də onlar tam Əsəd qüvvələrinin yerləşdiyi bölgədədir. Hamı birmənalı şəkildə bilməlidir ki. İsrail Suriyaya düşmən deyil. Bu ölkənin ən böyük düşməni İrandır, Rusiyadır. Bu gün Lazkiyə, Tartus, Bəniyas və sair kimi yerləri ələ keçirən İrandır. İran bu yerləri 24 saatda tutdu, İsrail isə sərhəddən keçir və sonra geri qayıdır.  İran girdiyi yerdən çıxmır. Suriyada yaşanan hərbi-siyasi problemlərin 99 faizi İrandan qaynaqlanır. Ona görə də Suriya təcili olaraq İsraillə sülh bağlayaraq, İranı ölkədən tamamilə uzaqlaşdırmalıdır. Suriyada bütün qətllərin arxasında İran dayanır”, – deyir Sabir Məşhur.

Mən bu yerdə haşiyə çıxaraq bildirmək istəyirəm ki, müxaliflər paytaxt Dəməşq şəhərində möhkəmlənən ilk günlərdə hər kəsin bir tələbi vardı. Hamı deyirdi ki, Şara hökumətinin ilk işi Bəşər Əsədi Moskvadan almaq olmalıdır. Bu adamlar iki şeyi anlamalı idilər. Birincisi, Bəşər Əsəd üzdə olan fiqur kimi hazırda Suriyaya o qədər də təhlükə törətmir. Onun qardaşı Mahir Əsəd və tabeliyindəki yüksəkçinli hərbçilər, onlara bağlı uniformasını çıxarıb hücrələrdə fürsət gözləyən minlərlə əli silah tutan döyüşçülər Şaranın xalqı üçün qurmaq istədiyi gələcəyə ən böyük riskdir. İkincisi, tələb etməklə iş bitəsi deyildi. Moskva Bəşər Əsədi heç vaxt Suriyaya qaytarmayacaq. Niyəsini bilirsiniz, ona görə ki, Əsəd Suriyada nə qədər kəşfiyyat zabiti var, hamısının əsli-nəslini, yerini-yurdunu tanıyır. Əsəd yaxşı bilir ki, ölkədə şiələr bir yana, hansı sünni ona işləyə bilər. O, bütün yüksəkçinli hərbçilərin, kəşfiyyat şeflərini, polisi və onların ailələrinin harada qaldığını bilir. Belə bir kəşfiyyat xəzinəsini Moskva necə təslim edə bilər?

Bu fikrimizi Sabir Məşhur da təsdiqləyir və Şara hökumətinə sual ünvanlayır: Əsəd gücləri. Durzilər, Hizbullahın tör-töküntüləri, xaricdən də İsrail, İraqın şiə qüvvələri Suriyaya daxil olsa onlarla nə edəcəksən? “Deyəndə ki, təcili güclərini Türkiyə ilə birləşdir, çoxları məni Türkiyənin tərəfini tutmaqda günahlandırdı. Elə deyil! Əsəd qüvvələri bir günün içində sahildəki ən strateji şəhərləri ələ keçirdi. Deyəcəksiniz ki, nə olsun, Şara yenidən aldı. Bəli, aldı, amma heç kim deyə bilməz ki, 5-10 il sonra onlar daha da güclənərək həmin bölgələrdə yenidən qiyam qaldırmayacaq. Ona görə də məncə, əsədyönümlü ailələrə qarşı həmin bölgələrə hazırda qaçqın və məhz Əsədin cinayətləri üzündən evsiz-mülksüz qalan əhalini yerləşdirərək siyasi tərkibi dəyişmək lazımdır. Ən başlıcası, Rusiyanın hərbi bazaları qeyd-şərtsiz ərazidən çıxarılmalıdır. O bazalar Əsəd tərəfdarlarının tam ortasında qala olaraq onları müafiə edir. Orada yaşanan qiyam məhz həmin bazalardan idarə olunub. Rusiya prezidentinin müşaviri Aleksandr Dugin qiyamdan bir neçə gün əvvəl boş yerə deməmişdi ki, “Bir gün gələcəyik, sizi tək buraxmayacağıq”. 

Dugindən söz düşmüşkən, sahil bölgələrində dövlətə qarşı silahlı qiyam başlamazdan cəmi 1 həftə əvvəl o, efirə çıxıb demişdi ki, üsyan başlayan kimi rus ordusu yenidən Suriyaya girəcək. Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsində də eyni ssenari həyata keçirilmişdi. Əvvəl separatçılar silahlandırıldı, qondarma dövlət elan etdirildi, sonra da hərbi müdaxilə planı icra olundu. Nəticəsi də göz önündə. Duginin dediklərini xatırlayaq: “Reallıq budur ki, indi Rusiya iki cəbhədə döyüşə bilməz. Ona görə də daxildə yaşanan qiyamlarla Suriya dövlətçiliyinə son qoyulacaq – Suriya paramparça olacaq, Liviyanın gününə düşəcək, silahlı qruplar bir-birini qıracaq. Əlbəttə, real şəraiti nəzərə alaraq Rusiya Yaxın Şərqdən çəkildi və indi bütün qüvvəmizi Ukrayna ilə müharibədə qələbə qazanmaq üçün sərf edirik. Müharibə başa çatan kimi Rusiya yenidən Yaxın Şərqdəki statusunu artıqlaması ilə əldə edəcək”.

Təbii ki, Dugin yuxudan qalxıb bu çıxışı etmək üçün kefindən efirə qaçmayıb. Onu danışmağa Rusiya kəşfiyyatı məcbur edib. Ona deyiblər ki, efirə çıx və insanları hər şeyin yaxşı olacağına hazırla. Adam açıq-aşkar deyir ki, Moskva İrana bağlı şiə silahlı qruplarını silahla dəstəkləməyə davam edir. O deyir ki, şiələr Rusiyanın dəyişməz müttəfiqləridir. Əlbəttə, o, sünni müsəlmanların Moskvanı iki dəfə fəth etdiyini, Mərkəzi Asiyada hegemon olduğunu, vaxtilə Krim da daxil olmaqla, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstanı və sair nəzarətdə saxladığını yaxşı bilir. Yəni Rusiya sünnilərin heç vaxt onlarla eyni cəbhədə olmadığını, hansısa geosiyasi məsələdə razılaşmadığını, müttəfiqlərinin birmənalı şəkildə şiələr olduğunu deyirlər. Bu səbəbdən də açıq bildirirlər ki, müsəlman ölkələrini İslamın iindən işğal edəcəklər.

Bununla bağlı Dugin deyir: “Çətin günlərində şiə İranı, “Hizbullah”ı, İraq şiələrini, Husiləri və “Həmas”ı müdafiə edəcəyik. Onlar Şimali Koreya kimi, Ukrayna cəbhəsində bizi müdafiə edən strateji ortaqlarımızdır. Dugin burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da ismarış göndərir – “Sözünün arxasında durmayan böyük bir dövlətin lideri ilə birlikdə işləməyəcəyik”, – deyir. Ərdoğan bunun əvəzini ağır ödəyəcək. O, geosiyasi sıralamasını bütün dünyanın gözləri önündə dəyişdi. Trampla hesablaşacağımız gün gəldikdə Suriyada olduğu kimi sizi dəstəkləyə biləcəyimizi deməyimiz mümkündür...”.

Bu göstərir ki, Rusiya Ukraynada müharibəni başa çatdırandan sonra Suriyaya mütləq qayıtmağa səy göstərəcək.

Şıxış yolu var: Suriyanı bütün tərəflərin seçkidə səs verəcəyi şəxs idarə etməlidir. Ona görə də indiki siyasi şəraitdən yararlanmaq lazımdır. Duginin sözü olmasın, mütləq Ərdoğandan dərs götürülməlidir. O, çevrilişə cəhd olayını əlüstü fürsət bilib ordunu, polisi – bütün dövləti Fətullah Gülənə bağlı ünsürlərdən təmizlədi. Şaranın da əlində hazırda qızıl fürsət var. Şara seçkiyə məhz indi gedərsə yüz deyil, milyon faiz seçkini qazanacaq və bu səbəbdən də təcili seçkilər keçirilməlidir. Bütün xalq hazırda onun arxasındadır. Şara xalq tərəfindən seçilsə seçilmiş prezident olacaq, eləcə də seçilmiş parlament, hökumət olacaq və kimsə Suriyanın daxili işlərinə qarışa bilməyəcək.

Sonda bu fikirdə israr edirik: əvvəla, fürsət bilib tezliklə seçkiyə gedilməli, ən qısa zamanda Rusiya bazaları ölkə ərazisindən çıxarılmalı, İranla və ona bağlı ünsürlərlə mübarizə sərtləşdirilməli, xarici qüvvlərin oyuncağa çevirmək istədiyi durzilər və digər azsaylı xalqlar kürdlər kimi, hər şeyin yaxşı olacağına inandırılmalı, İsraillə sülh bağlanmalı və Türkiyə ilə hərbi-siyasi müstəvidə birlik əldə olunmalıdır. Əsəd rejiminin onillər boyunca mənən parçaladığı Suriyanı məhz belə qorumaq və dirçəltmək mümkündür...

Seçilən
6
hafta.az

1Mənbələr