AZ

ABŞ ilə Avstraliya arasında ticarət çəkişməsi dərinləşir

Bakı, 13 mart, AZƏRTAC

Avstraliyanın Baş naziri ABŞ-ın polad və alüminium idxalına 25 faiz rüsum tətbiq etməsindən sonra cümə axşamı vətəndaşları yerli mal almağa çağırıb.

AZƏRTAC Avstraliya Yayım Korporasiyasına (ABC) istinadla xəbər verir ki, Antoni Albanese Vaşinqtonun milli təhlükəsizlik naminə fundamental olaraq müdafiə etdiyi bu addımından sonra avstraliyalıların yerli məhsulları almağa təşviq ediləcəyini bildirib.

Çərşənbə günü qüvvəyə minən tarifləri tamamilə əsassız adlandıran Baş nazir ABC radiosuna verdiyi müsahibədə bəzi ölkələrin vətəndaşlarının timsalında olan sübutlara əsaslanaraq avstraliyalıların ABŞ mallarını boykot etməsi ehtimalı ilə bağlı sualdan yayınıb. Amma martın 25-də elan ediləcək federal büdcəyə “Avstraliya malları al” kampaniyasına əlavə dəstək üçün maliyyə vəsaitinin daxil ediləcəyini bildirib. O deyib: “Mən yerli mağazalarda alış-veriş edən avstraliyalıları öz məhsullarımızı almağa çağırıram”.

Kanberra ABŞ Prezidenti Donald Trampın ilk dövründə tətbiq edilən rüsumlara bənzər tariflərdən azad edilmək üçün Birləşmiş Ştatlarla danışıqlar aparmağa çalışmışdı. Albanese Baş nazirin müavini Riçard Marlesin ABŞ-a cavab rüsumları tətbiq etməyi rədd etdiyi üçün danışıqların davam edəcəyini bildirmişdi, amma Vaşinqtonun hərəkətlərinin də məyusedici olduğunu qeyd etmişdi.

Marles rüsumların ABŞ–ın özünə ziyan vuracağını, amma cavab tədbirlərinin Avstraliya iqtisadiyyatının və ya avstraliyalıların maraqlarına cavab verməyəcəyini deyib.

Tramp administrasiyasının bu addımını müdafiə edən ABŞ-ın ticarət naziri Hovard Lutnik isə Avstraliyanı tənqid edib. O bildirib: “Dünyanın qalan hissəsinə aid zibilxanalar var. Bəzi ölkələr həddindən artıq məhsul istehsal edir və onu ucuz qiymətə satır. Avstraliya daha aşağı qiymətə çoxlu alüminium istehsal edir. Demək istəyirəm ki, bu iş bitməlidir və Prezident analoji tədbirlərlə Amerikanı qoruyur. Biz hansısa başqa ölkənin polad və alüminiumuna arxalana bilmərik. Milli təhlükəsizlik hər şeydən üstündür”.

Seçilən
1
azertag.az

1Mənbələr