Ermənistanda və Gürcüstanda 1-ci sinifdən başlayaraq şahmat məcburi fənn kimi tədris olunur. Bu qərarın qəbul edilməsində əsas məqsəd şahmatın təhsil alanların diqqət, konsentrasiya, yaddaş, təhlil, məntiq, qərar qəbulu kimi bacarıqlarını yaxşılaşdırmaqdır. Bunun sayəsində onlar bu idman sahəsində dünya reytinqində də ön pillələrə çıxırlar.
Son illərdə isə Azərbaycanda şahmatın inkişafı zəifləyib. Halbuki 4-5 il öncə Azərbaycan şahmat üzrə dünya reyintinqinin ilk onluğuna daxil idi.
Bəs bizdə necə, orta məktəbdə şahmat tədris olunsa, yaxşı olmazmı? Məsələn, şagirdlər üçün həftədə neçə dəfə idman dərsi varsa, onların birini sırf şahmatın tədrisi üçün ayırmaq mümkündür.
Gürcüstanın Marneuli rayonunun Qaçağan kəndindəki 2 nömrəli məktəbdə kimya-biologiya fənnini tədris edən Esmira Ələkbərli “Yeni Müsavat”a bildirib ki, artıq iki ildir ki, Gürcüstanda azərbaycanlıların oxuduqları məktəblərdə də şahmat məcburi fənn kimi tədris olunur: “Şahmat fənn olaraq ayrıca idman və yaxud da ibtidai sinif müəllimləri tərəfindən tədris olunur. Gürcüstanda Azərbaycan diasporunun dəstəyi ilə Tiflisdə, Marneulidə, Qardebanidə, Dumanisidə, Bolnisidə inteqrasiya mərkəzləri fəaliyyət göstərir. Həmin mərkəzlərin hamısında ödənişsiz şahmat kursları fəaliyyət göstərir".
E.Ələkbərlinin sözlərinə görə, məktəblərdə də iki ildir ki, şahmat ayrıca fənn olaraq tədris olunur: “Şahmat əqlin gimnastikasıdır, beyni və əqli düşündürür, uşaqların məntiqinin formalaşmasında böyük rol oynayır. Bu yaxınlarda Gürcüstanda yaşayan azərbaycanlı gənc şahmat üzrə müsabiqədə qalib gəldi. Dərslər öz bəhrəsini verdi”.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov qəzetə açıqlamasında deyib ki, 2009-2014-cü illəri əhatə edən dövlət proqramında şahmatın ayrıca fənn kimi keçirilməsi nəzərdə tutulubmuş: “Paytaxtda və bölgələrdə bir müddət şahmat fənn kimi tədris olundu, lakin sonradan bilinməyən səbəbdən ləğv olundu”.
F.Həsənovun dediyinə görə, Avropada məktəblərin əksəriyyətində şahmat ayrıca dərs kimi keçirilir: “Bu, elə idman növüdür ki, uşaqların sərbəst düşünməsinə yaxından kömək edir. Dəcəl uşaqların enerjisini şahmata yönəltmək olar. Onların bütün fikri oyunda olacaq. Şahmat həm idmandır, həm incəsənətdir, həm də elmdir. Şahmat axıra qədər öyrənilməyib”.
Federasiya vitse-prezidenti bildirir ki, Azərbaycanda şahmat fənn kimi tədris olunanda ən yaxşı nəticələri Naxçıvandan olan şagirdlər göstərdi. “Ona görə ki, Naxçıvanda 1-ci sinifdən 9-cu sinfə qədər həftədə iki dəfə şahmatdan dərs deyirlər. Bunun da müsbət təsirləri oldu. 90-cı illərdə isə Naxçıvandan olan bir uşaq axtarırdıq ki, heç olmasa şahmat anlayışı olsun. Tədrisdən sonra orada beynəlxalq qrossmeyster, Avropa çempionatlarında iştirak edən uşaqlar yetişdi.
Digər bölgələrimizdə isə bu iş uğurlu baş tutmadı. Çünki rayonlarımızda şahmat fənnini fizika, tarix, kimya müəllimləri tədris edirdi. Halbuki rayonun şahmat məktəbindən pedaqoq çağırmaq lazım idi. Kimya müəllimi şahmatı necə öyrədə bilərdi ki".
F.Həsənov Azərbaycanda uşaq şahmatının vəziyyətindən də danışıb: “90-cı illərə qədər Azərbaycanın bütün rayonlarında ayrıca şahmat məktəbləri var idi. O zaman bu sahə üzrə mütəxəssis qıtlığı var idi. Sadəcə olaraq, məqsəd bu idi ki, uşaqları küçələrdən yığsınlar, məşğul etsinlər. Zamanla İdman Akademiyasında şahmat məşqçiləri hazırlamaq üçün ayrıca fakültələr açıldı. Şahmatla bağlı qəzet çap olundu. Televiziyada şahmat dərsləri ilə bağlı efirlər getdi. Beləliklə, dirçəlmə başladı. İndi də bir çox rayonlardan Avropa çempionatlarına qatılıb yaxşı yerlər tutanlar var”.
Təhsil eksperti Kamran Əsədov bildirib ki, şahmatın təhsil proqramına məcburi fənn kimi daxil edilməsi beynəlxalq təcrübədə uğurlu nəticələr verib: “Azərbaycanda şahmatın inkişafında müşahidə olunan müəyyən geriləmə əsas səbəblərindən biri şahmatın kütləviləşdirilməsinin zəifləməsi və məktəblərdə sistemli şəkildə tədris edilməməsidir.
Şahmatın orta məktəblərdə məcburi fənn kimi tədris olunması bir çox üstünlüklər qazandıra bilər. Bu fənnin rəsmi şəkildə tədris edilməsi şagirdlərin təkcə şahmat oyununda deyil, riyaziyyat, fizika, informatika və digər məntiq tələb edən fənlərdə də onların uğur qazanmasına kömək edir.
Azərbaycanda idman dərslərinin birinin şahmata ayrılması kifayət qədər məntiqli bir yanaşmadır. Hazırda orta məktəblərdə həftədə iki saat idman dərsi keçirilir. Bunun bir saatının şahmat üçün ayrılması həm ümumi idman proqramına mane olmayacaq, həm də uşaqlara intellektual bacarıqlar qazandıracaq. Fiziki idman dərslərinin uşaqların sağlamlığı üçün əhəmiyyəti böyükdür, lakin şahmat da beyin idmanı kimi qəbul edildiyindən, şagirdlərin intellektual inkişafına eyni dərəcədə töhfə verə bilər.
Dünya təcrübəsinə nəzər yetirsək, şahmatın məktəblərdə tədrisinin uğurlu nəticələr verdiyi ölkələr arasında Rusiya, Çin, Hindistan və ABŞ-ın da olduğunu görərik. Məsələn, Hindistanda şahmatın təhsilə inteqrasiyası nəticəsində ölkə dünya səviyyəsində güclü şahmatçılar yetişdirir. Çin isə gənc yaşlarından şahmatın məcburi şəkildə öyrədilməsi ilə beynəlxalq turnirlərdə üstünlük qazanmağa başlayıb. Bu yanaşma Azərbaycanın şahmat ənənələrini qorumaq və inkişaf etdirmək üçün də effektiv bir addım ola bilər".
Ekspert deyir ki, şahmatın tədrisi üçün məktəblərdə müəyyən infrastruktur və metodika hazırlanmalıdır: “İlk növbədə, ibtidai siniflərdən başlayaraq şahmatın tədrisi üçün uyğun dərsliklər və metodiki vəsaitlər hazırlanmalıdır. Bundan əlavə, müəllimlərin şahmatı öyrətmək üçün xüsusi təlimlərdən keçməsi vacibdir. Hər məktəbdə bir neçə ixtisaslı şahmat müəlliminin olması təmin edilməlidir. Həmçinin şahmat siniflərinin yaradılması və şahmat avadanlıqlarının məktəblərə paylanması prosesi həyata keçirilməlidir”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta