AZ

Heyvanların identikləşdirilməsi mövzusunda növbəti görüş keçirilib

Bakı, 13 mart, AZƏRTAC

Kürdəmir rayonunda heyvandarlıq təsərrüfatlarının sahibləri və fermerlərlə heyvanların identikləşdirilməsi mövzusunda görüş keçirilib.

Görüşdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin, yerli icra hakimiyyətinin, inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə “Heyvanların İdentifikasiyası və Qeydiyyat Sistemi” barədə geniş məlumat verilib, heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinə nəzarətin həyata keçirilməsi, heyvan və heyvan mənşəli məhsulların izlənməsi zamanı heyvanların identifikasiya olunmasının zəruriliyi izah olunub. İdentifikasiya məlumatları olmayan iribuynuzlu heyvanların və atların, habelə baytarlıq sənədləri olmayan heyvanların heyvan bazarı ərazisinə daxil olmasına icazə verilməməsi tələbi diqqətə çatdırılıb.

Qeyd edilib ki, identifikasiya işlərinin aparılması üçün heyvanlar fərdi qaydada birkalanmalı (nişanlanmalı) və bunun üçün AQTA tərəfindən müəyyən edilmiş xüsusi tanınma nömrəsindən istifadə olunmalıdır.

Görüşdə tədbir iştirakçılarının sualları cavablandırılıb, təkliflər dinlənilib.

 

Seçilən
3
azertag.az

1Mənbələr