AZ

Kriptovalyuta bazarında 63%-lik geriləmə - Təhlil

Kriptovalyuta bazarında ticarət həcmi fevral ayından bəri kəskin şəkildə azalıb. 

Valyuta.az xarici mənbələrə istinadən xəbər verir ki, fevralın əvvəlində gündəlik ticarət həcmi 440 milyard dollara çataraq bu ilin ən yüksək səviyyəsinə yüksəlib. Lakin martın 12-də bu göstərici 63% azalaraq 163 milyard dollara düşüb.

Məlumat platformaları “CoinGecko” və “CoinMarketCap” bazarın eyni tendensiya ilə aşağı düşdüyünü bildirir. “CoinMarketCap”ə görə, ticarət həcmi martın əvvəlində zirvəyə çatdıqdan sonra 52% azalıb.

Analitik şirkəti "Santiment" bu gün sosial platforma "X"də paylaşdığı açıqlamada bazarın yorğunluq, ümidsizlik və kapitulyasiya (təslim olma) mərhələsinə keçdiyini bildirib.
"Əgər ticarət həcmi, qiymət artımı zamanı belə azalırsa, bu, investorların bazara inamının sarsıldığını göstərir."

Son iki həftədə bazarın ümumi kapitallaşması 900 milyard dollar dəyər itirərək 2,8 trilyon dollara düşüb. Xüsusilə son 10 gün ərzində bazarda 15%-lik geriləmə qeydə alınıb. Ekspertlər bildirirlər ki, bu enişin əsas səbəbi ABŞ-da gözlənilən iqtisadi resessiya və qlobal ticarət gərginliyinin artmasıdır.

"Santiment" analitikləri bildirir ki, azalan ticarət aktivliyi bazar iştirakçılarının tərəddüd etdiyini göstərir. Çünki daha az treyder hazırkı qiymətlərdən alış etməyin sərfəli olacağına inanır. Bazarın gələcək trayektoriyası qeyri-müəyyən qalır. Əgər güclü alış dalğası olmazsa, qiymət artımları uzunmüddətli olmayacaq və bazar yenidən düşə bilər.

"Santiment" xəbərdarlıq edir ki, ticarət həcminin azalması bazar impulsunun zəiflədiyini göstərir və bu da qiymət artımlarının dayanıqsız ola biləcəyinə işarədir: "Bu vəziyyət bazarın qısa müddətli yüksəlişdən sonra yenidən geriləmə ehtimalını artırır."

Hazırda kriptovalyuta bazarının ümumi dəyəri 2,8 trilyon dollar səviyyəsindədir ki, bu da ötən ilin eyni dövründə qeydə alınan göstəriciyə bənzəyir. Bazarın hansı istiqamətdə hərəkət edəcəyini gələcək günlərdə ticarət həcminin artıb-artmaması müəyyən edəcək.

Sərvanə Rəmixanova

Seçilən
0
valyuta.az

1Mənbələr