AZ

Soyuq havalara diqqət: təzyiqi yüksəldir

Soyuq hava şəraiti təzyiq xəstələrinə mənfi təsir göstərir. 

HİT.az xəbər verir ki, kardiologiya üzrə mütəxəssis dosent Dr. Taner Şəkər qış aylarında soyuğun damarları daraltdığını və bunun arterial təzyiqin yüksəlməsinə səbəb olduğunu bildirib.

Dosent Dr. Taner Şəkər bildirib: "Xəstələrimiz soyuq havalarda təzyiqin yüksəldiyini müşahidə edirlər. Xüsusilə 65 yaş və yuxarı şəxslərdə bu vəziyyətə daha tez-tez rast gəlirik. Yay aylarında təzyiqin düşdüyü hallarla qarşılaşdığımız kimi, qış aylarında da, xüsusilə soyuq hava şəraitində, təzyiq yüksəlməsi daha çox qeydə alınır. Bədəndə baş verən bəzi dəyişikliklər səbəbindən bəzi hallarda mövcud təzyiq dərmanlarının dozası yetərli olmur. Bu səbəbdən xəstələrdə əlavə dərman istifadəsi və ya doza artımı ehtiyacı yaranır".

Təzyiqi yüksək olan, xüsusilə 65 yaşdan yuxarı şəxslərin mütəmadi olaraq təzyiqlərini ölçmələrinin vacib olduğunu vurğulayan Dr. Şəkər bildirib ki, "Hər hansı bir əlamət olmasa belə, bu xəstə qrupunda təzyiqin yüksəldiyini sıx müşahidə edirik. Xüsusilə soyuq havalarda damarlarda daralma (vazokonstruksiya) baş verdiyi üçün təzyiq artımı qaçılmaz olur.

Bundan əlavə, qış aylarında qidalanma vərdişlərinin dəyişməsi, insanların daha çox hazır və duzlu qidalara yönəlməsi, bu qidaların tərkibində yüksək miqdarda natrium (duz) olması təzyiqin yüksəlməsinə səbəb ola bilər. Həmçinin, qışda insanların fiziki aktivliyinin azalması da təzyiq artımına yol açan amillərdən biridir.

Bu vəziyyətin qarşısını almaq üçün xəstələrin soyuq havalardan qorunması vacibdir. Dr. Şəkər bununla bağlı tövsiyələrini belə sıralayıb:

* Yaşadıqları mühitin kifayət qədər isti olmasına diqqət yetirməlidirlər.
* Açıq havada idman etmək əvəzinə, qapalı və temperaturun sabit olduğu məkanlarda fiziki fəaliyyətlərini davam etdirməlidirlər.
* Bütün tədbirlərə baxmayaraq, təzyiqin normallaşmadığı hallarda mütləq bir mütəxəssis həkimə müraciət etməlidirlər.

Dr. Şəkər qeyd edib ki, təzyiq xəstələri qış aylarında sağlamlıqlarını qorumaq üçün həm qidalanmalarına, həm də fiziki aktivliklərinə diqqət yetirməli və həkim nəzarətində olmalıdırlar.

Samir

Seçilən
4
hit.az

1Mənbələr