Bakı, 13 mart, AZƏRTAC
Bütün uğurlarımızın təməlində iqtisadi müstəqillik və ölkənin yeni strateji inkişafı dövründə iqtisadiyyatın davamlılığının təmin edilməsi sahəsində uğurlu vergi siyasəti dayanır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Maliyyə nəzarəti - dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasının təminatçısı kimi” mövzusunda konfransda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib
Onun sözlərinə görə, 2019-cu ildən kölgə iqtisadiyyatı ilə mübarizə, iqtisadiyyatda şəffaflıq səviyyəsinin artırılması, haqlı rəqabətin qorunması, dövlətin vergi tənzimləmə alətlərindən fəal istifadəsi, sahibkarlığın dəstəklənməsi vergi siyasətində əsas yanaşma hesab edilir.
“Məhz bu dövrdən başlayan zamanı sahibkarlıq subyektlərinə vergi uçotuna yanaşmanın əsaslı şəkildə dəyişdiyi dövr kimi xarakterizə etmək olar. Vergi uçotunun düzgün qurulması və şəffaf fəaliyyətin təmin edilməsi istiqamətində sərgilədiyimiz yanaşmalar, habelə qanunvericilik və inzibatçılıq sistemlərində aparılan işlər vergiödəyicilərinin uçotunun qurulmasına münasibətdə və kölgə iqtisadiyyatının qarşısının alınması istiqamətində əhəmiyyətli nəticələrə səbəb olur”, - deyə O.Nəsərli vurğulayıb.