AZ

Qəbələyə səfər edən xarici turistlərin sayı 12,8 faiz artıb

Qəbələ, 13 mart, Mustafa Dadaşov, AZƏRTAC

Cari ilin yanvar-fevral aylarında Qəbələ rayonundakı hotel və mehmanxana tipli müəssisələrə 12 min 250 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 6 min 577 nəfəri və ya 53,7 faizi Azərbaycan, 5 min 673 nəfəri və ya 46,3 faizi xarici ölkə vətəndaşı olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, yanvar-fevral aylarında Qəbələnin hotel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1778 nəfər və ya 17 faiz artıb. İki ayda yerli turistlərin sayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 1136 nəfər və ya 20,9 faiz, əcnəbi turistlərin sayında isə 642 nəfər və ya 12,8 faiz artım qeydə alınıb.

İdarədən verilən məlumata görə, cari ilin yanvar-fevral aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları əvvəlki aylarda olduğu kimi, yenə də üstünlük təşkil edib. Belə ki, iki ayda bu ölkənin 2477 vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, yanvar-fevral aylarında Qəbələyə Birləşmiş Ərəb Əmirliklərindən 874, Səudiyyə Ərəbistanından 463, Pakistandan 414, Küveytdən 262, Qətərdən 111, Omandan 100, Türkiyədən 73, İsraildən 51, Gürcüstandan 44 turist səfər edib. Gələnlərin 633 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

İki ayda Qəbələ rayonu ərazisində yerləşən 20 mehmanxana və mehmanxana tipli müəssisədən 15-i fəaliyyət göstərib. Bir gün qonaqlamaq üçün orta qiymət 122,8 manat təşkil edib. Turistlərin qalma müddəti 1-2 gün olub. Bu müddətdə turizm obyektlərində 918 işçi çalışıb.

 

Seçilən
5
azertag.az

1Mənbələr