ABŞ-nin yaxşı münasibətlərdə olmadığı ölkələrdən biri də İrandır. İran ABŞ-ni “Böyük Şeytan” adlandırır, Vaşinqton isə Tehranı terrorizmi dəstəkləyən əsas dövlətlərdən biri kimi görür. İllər ərzində iki ölkə arasında gərginliyin artıb-azalmasına və bəzi dövrlərdə diplomatik həll yollarının axtarılmasına baxmayaraq münasibətlər heç vaxt tam normallaşmayıb.
Bəs iki dövlət bir-birini niyə düşmən kimi görür? Düşmənçiliyin tarixi nə zamandan başlayır?
Sfera.az iki ölkə arasında pisləşən münasibətlərin tarixini araşdırıb.
İran və ABŞ arasındakı münasibətlər II Dünya müharibəsindən sonra pisləşməyə başlayıb. 1953-cü ildə ABŞ və Böyük Britaniya İranın Baş naziri Məhəmməd Müsəddiqin hökumətini devirmək üçün çevriliş həyata keçirib. Müsəddiq neft sənayesini milliləşdirdiyi üçün Qərb ölkələrinin maraqlarına zərbə vurmuşdu. Çevrilişdən sonra hakimiyyətə gətirilən Məhəmməd Rza Pəhləvi isə Qərblə yaxın münasibətlər qursa da onun diktatura idarəçiliyi daxildə ciddi narazılıqlara səbəb oldu. Bunun ardınca 1979-cu ildə İran İslam İnqilabı baş verdi və Ayətullah Xomeyni hakimiyyətə gəldi.
Xomeyni ABŞ-ni “Böyük Şeytan” adlandıraraq İranın daxili işlərinə qarışmaqda günahlandırıb. Elə həmin il ABŞ-nin Tehran səfirliyində 52 amerikalı diplomat 444 gün girov saxlanıb. Bu hadisə iki ölkə arasındakı düşmənçiliyin əsas dönüm nöqtəsi olub.
İran-İraq müharibəsi zamanı (1980-1988) ABŞ-nin mövqeyi iki ölkə arasında münasibətlərin daha da kəskinləşməsinə səbəb oldu. ABŞ dolayısı ilə Səddam Hüseyn rejimini dəstəkləyərək İrana qarşı dayanıb. Müharibənin gedişində ABŞ və İran arasında birbaşa qarşıdurmalar da yaşanıb. 1988-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələri İran sərnişin təyyarəsini vuraraq 290 nəfərin ölümünə səbəb olub.
2002-ci ildən etibarən İranın nüvə proqramı ABŞ-nin əsas narahatlığına çevrilib. Vaşinqton İranı nüvə silahı əldə etməyə çalışmaqda ittiham edərək beynəlxalq sanksiyalar tətbiq edib. 2015-ci ildə İran və dünya gücləri (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) arasında Nüvə Razılaşması (JCPOA) imzalanıb. Ancaq Donald Tramp 2018-ci ildə bu sazişdən çıxaraq İrana qarşı sərt sanksiyalar tətbiq edib.
Son illərdə ABŞ və İran artıq açıq qarşıdurmadadırlar. 2020-ci ildə ABŞ İran İnqilab Keşikçiləri Qvardiyasının yüksək rütbəli komandiri Qasım Süleymanini Bağdadda öldürdü. Bu, İran-ABŞ münasibətlərini daha da gərginləşdirdi. 2021-ci ildə Co Bayden administrasiyası nüvə sazişini bərpa etmək istəsə də, proses nəticəsiz qaldı. İndi isə yeni İran Prezidenti Məsud Pezeşkianın ABŞ və Qərblə mümkün dialoq mesajları gündəmə gəlib.
Bu, İran-ABŞ münasibətlərində yumşalma yarada bilərmi? Mütəxəssislərin fikrincə, ABŞ və İran arasındakı münasibətlərin normallaşması üçün bir neçə əsas problem həll edilməlidir. ABŞ tələb edir ki, İran nüvə silahı əldə etməsini dayandırmalıdır, İranın Yaxın Şərqdəki müttəfiqləri (Hizbullah, Husilər və s.) ABŞ və İsrail üçün təhdid olmamalıdır, İran öz cəmiyyətində ABŞ-yə qarşı təbliğat aparmamalıdır.
Ekspertlərin fikrincə, hələlik görünən odur ki, 40 ildən çox davam edən düşmənçilik tezliklə başa çatmayacaq.
Bəsti Rəfizadə