AZ

"Nəticəyə yox, gələcəyin milli komandasını formalaşdırmağa köklənmişik" - Fernando Santuş

Bu gün millimizin baş məşqçisi Fernando Santuşun mətbuat konfransı təşkil olundu.

"Football-plus.az" xəbər verir ki, mütəxəssis konfransda yığmamızın Haiti və Belarusa qarşı keçirəcəyi yoldaşlıq görüşləri üçün heyətini açıqladı.

Xəbər verdiyimiz kimi, Santuş ilk dəfə millimizə 1-ci liqa klubundan da futbolçu çağırıb. Söhbət "Qəbələ"nin şərəfini qoruyan Şahin Şahniyarovdan gedir. O, seçimini belə izah etdi:

"Şahin çox keyfiyyətli futbolçudu. Bilindiyi kimi, mən və köməkçilərim aşağı liqalardakı oyunları izləyirik. Orda təkcə Şahin yox, başqa futbolçular da diqqətimizi çəkib. Hətta U-17 və Əvəzedicilər Liqasının qarşılaşmalarını da izləmişik. Orada bir çox oyunçular diqqətimizi cəlb edir. Milliyə aşağı liqalardan çox oyunçu çağıra bilmərik. Təcrübəlilərə də ehtiyac var. Hamı bir-birinə yardım etməlidi. Yaşından asılı olmayaq, millinin qapısı bütün azərbaycanlı oyunçuların üzünə açıqdı. Amma özlərini yaxşı tərəfdən göstərməlidilər".

Santuş Haiti və Belarus millilərinin rəqib kimi seçilməsindən də danışdı:

"AFFA rəhbərliyinə Bakıda iki oyun keçirməyi təklif etdim. Buna uyğun danışıqlar apardıq. Həmçinin, toplanış vaxtı rəsmi matçlarda eyni vaxtdadı. Bu üzdən xeyli millinin oyunları var. Bununla belə, Haiti millisi FİFA reytinqində bizdən 30 pillə öndədi. Məncə, zəif rəqib deyil. Əksinə, çox yaxşı və keyfiyyətli komandadı. Məqsədimiz məhz qələbə qazanmaq olsaydı, daha zəif rəqib seçərdik. O başqa məsələ ki, azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik. İndi nəticəyə yox, gələcəyin milli komandasını formalaşdırmağa köklənmişik".

Santuş Emin Mahmudov Abbas Hüseynovun zədəli, başqalarının isə formada olmadıqları üçün dəvət almadığını bildirdi. Ardınca Misli premyer-liqasında növbəti mövsümdən legioner limitinin ləğv olunmasıvə futbolçuların oyun günlərində oruc tutmasına icazə verib-verməyəcəyi haqda danışdı:

"Legioner limitininin ləğvinin faydalı olub-olmadığını zaman göstərəcək. Gözləmək lazımdı. Komanda sayı da artırılıb. Qarşıdakı aylarda nəticəni görəcəyik. Oruc tutan futbolçularla bağlı suala gəlincə, buna hörmətlə yanaşmalıyıq. Təbii ki, icazə veriləcək və məşq saatlarını vəziyyətə uyğun seçəcəyik".

KƏNAN BAHADIR
Seçilən
7
football-plus.az

1Mənbələr