AZ

Nağd ödənişlərlə bağlı qadağalar ola bilər - Kağız pul dövrü bitir?

2024-cü ildə Azərbaycanda adambaşına 163 nağdsız əməliyyat aparılıb. Bu da 2023-cü illə müqayisədə 75,3 % çoxdur. “2024-2026-cı illər üzrə Maliyyə Sektorunun İnkişaf Strategiyası”nın əsas məqsədlərindən biri isə növbəti illər ərzində adambaşına düşən orta illik nağdsız əməliyyat sayının potensial olaraq 200-ə çatdırılmasıdır.

Bu tendensiya nağd ödənişləri sıradan çıxara bilərmi? Yaxın zamanlarda kağız pullara ehtiyac qalmayacaq?

Globalinfo.az-a danışan iqtisadçı Pərviz Heydərli deyib ki, ölkədə nağdsız əməliyyatların ildən-ilə artması təqdirəlayiq haldır:

“Vaxt var idi, hökumət bunu stimullaşdırmağa çalışırdı. Bundan ötrü müxtəlif üsul və mexanizmlər üzərində işlənilirdi. Ancaq pandemiyadan sonra sözügedən sahədə sanki sıçrayış baş verdi. 2020-ci ildə qeyri-nağd ödənişlər birdən-birə yüksək həcmdə artdı. Sonrakı illərdə isə bu, tendensiya halını aldı”.

İqtisadçı qeyd edib ki, nağdsız ödənişlərin həcminin getdikcə artması neqativ hal deyil:

“Bu, həm büdcəyə vergi yığımının effektliliyinin təmini, həm də uçot işlərinin dəqiq aparılması və dövriyyəyə nəzarətin dəqiq şəkildə təşkili baxımından əhəmiyyətlidir. Hökumət stimullaşdırıcı tədbirləri bir az da genişləndirməlidir. Məsələn, bir sıra iri alış-verişlərin məcburi qaydada qeyri-nağd əsasda həyata keçirilməsinə dair inzibati qaydaların tətbiqi mümkündür. Bununla belə sözügedən sahədə məhdudlaşdırıcı amillər də var. Bir sıra banklar biri-birilərinə məxsus plastik kartlar arasında pul köçürmələrinə rüsumlar müəyyənləşdiriblər. Bu da nağdsız köçürmələr üçün maneələr yaradır. Kağız pullardan istifadəyə son qoyulması ümumən qlobal miqyasda baş verəcək prosesdir. Onsuz da buna doğru gedirik. Qeyri-nağd hesablaşmaların və əməliyyatların artması buna aparan yollardan biridir”.

Seçilən
4
news24.az

1Mənbələr