Qazaxıstanın Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu və Avropa İttifaqının (Aİ) beynəlxalq tərəfdaşlıq üzrə komissarı Yozef Sikela arasında Astanada aparılan danışıqların yekunları üzrə nadir torpaq metalları sahəsində layihələrin inkişafı üzrə əməkdaşlıq və Avropa İnvestisiya Bankı tərəfindən Qazaxıstan İnkişaf Bankına kredit zəmanətləri haqqında iki saziş imzalanıb.
“Report”un Qazaxıstan bürosu xəbər verir ki, Y.Sikela Mərkəzi Asiya ölkələrinə turnesi çərçivəsində Qazaxıstana səfər edib.
Dəyəri 3 milyon avro olan birinci saziş Aİ və Mərkəzi Asiya arasında kritik əhəmiyyətli nadir torpaq materialları sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlib. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən həyata keçirilən saziş bu resursların işlənməsində birgə layihələrin müəyyənləşdirilməsinə kömək edəcək.
Komissarın sözlərinə görə, müasir iqtisadiyyatlar təmiz texnologiyalar və rəqəmsal qurğular üçün vacib minerallardan çox asılıdır, bunların istehsalı üçün 50-dən çox müxtəlif xammal növü tələb olunur.
"Avropaya öz iqtisadiyyatını modernləşdirmək üçün bu xammal materialları lazımdır, geniş ehtiyatlara malik Qazaxıstan isə təbii tərəfdaşdır", - Y.Sikela qeyd edib.
Onun sözlərinə görə, bu resursların tədarükü üçün bazarlarla səmərəli əlaqələr lazımdır. "Məhz buna görə bizim qarşılıqlı əməkdaşlığımız güclü şəkildə infrastruktura fokuslanıb və Transxəzər nəqliyyat dəhlizi dönüş nöqtəsidir. O, Avropa və Asiya arasında tranzit vaxtını 15 günə və ya hətta daha az müddətə qədər azalda bilər, bu isə bütün regionda ticarət və investisiyalar üçün yeni imkanlar açacaq", - o bildirib.
Avropa İnvestisiya Bankı və Qazaxıstan İnkişaf Bankı arasında imzalanmış 200 milyon avro məbləğində kredit sazişi həmçinin Aİ tərəfindən 18 milyon avroluq zəmanətin təqdim edilməsini nəzərdə tutur.
Komissar qeyd edib ki, bu maliyyələşdirmə “Global Gateway” strategiyasının Transxəzər nəqliyyat dəhlizi üzrə flaqman proqramlarının məqsədlərinə uyğun olaraq dayanıqlı nəqliyyat və bərpa olunan enerji mənbələrinə investisiyaların dəstəklənməsinə kömək edəcək.
"Bu maliyyə sazişi əlaqələrin sürətli inkişafına, bərpa olunan enerji mənbələri infrastrukturunun genişləndirilməsinə və Qazaxıstanın "Global Gateway" strategiyasının əsas komponenti olan Transxəzər nəqliyyat dəhlizinə daha da inteqrasiyasına töhfə verəcək", - o bildirib.