1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Argentinanın paytaxtında pensiyaçılara dəstək üçün keçirilən etiraz aksiyası zamanı təxminən 150 nəfər saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "La Nacional" qəzeti xəbər verib.
Bundan başqa, azı 56 nəfər xəsarət alıb, onlardan altısı polis əməkdaşıdır. Bir zabit güllə yarası və açıq sınıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş atıb, polis maşınını və bir neçə zibil qutusunu yandırıblar.
Qeyd edək ki, dünəndən etibarən Argentinanın paytaxtında polis və etirazçılar arasında toqquşmalar baş verib. Təxminən min nəfər aksiyaçı pensiyaçılara dəstək ifadə etmək üçün Buenos-Ayresin mərkəzinə toplaşıb, nəticədə polis əməkdaşları ilə qarşıdurma yaranıb. Aksiya iştirakçılarının əksəriyyəti müxtəlif futbol klublarının formalarını geyinmiş gənclər olub.
Azarkeşlər pensiyaçılara qoşularaq onların daha yaxşı həyat şəraiti tələbini dəstəkləyiblər, təqaüdçülər aşağı pensiya səviyyəsi və həyatın baha olması ilə bağlı narazılıqlarını ifadə ediblər.
Aksiya haqqında məlumat sosial şəbəkələr vasitəsilə yayılıb. Nümayiş yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 00:00) başlamalı idi, lakin narazı vətəndaşlar artıq saat 16:00-da (Bakı vaxtı ilə 23:00) meydana toplaşıb. Azarkeşlər yollardan birini bağlayıb və polis onları mühasirəyə alıb. Bir anda vəziyyət gərginləşib: etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına plastik butulkalar atmağa başlayıb, polis isə buna cavab olaraq gözyaşardıcı qaz tətbiq edib, həmçinin su şırnaqları və rezin güllələrdən istifadə edib.
Aksiya hələ də davam edir, şəhər mərkəzinə çoxlu sayda polis qüvvəsi cəlb olunub, ətraf küçələrdə xüsusi texnika yerləşdirilib.