Azərbaycan və Şimali Makedoniya arasında münasibətlər son illərdə sürətlə inkişaf etməkdədir. Ölkələrimiz mövcud əlaqələrin daha da möhkəmlənməsi istiqamətində mühüm addımlar atır. Bu mənada Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın 11 mart tarixində Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişaf etdirilməsi baxımından olduqca əhəmiyyətlidir.
Cənab Prezident İlham Əliyev xanım prezidenti qarşılayaraq, onunla keçirdiyi ikitərəfli və çoxtərəfli görüşlərdə mühüm bəyanatlar səsləndirdi. Ölkə başçıları iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edərək müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxundular. Möhtərəm Prezident İlham Əliyevi mətbuata verdiyi bəyanatında hər iki ölkənin ikitərəfli əlaqələrin gücləndirilməsi istiqamətində fəal iş apardığını, bu münasibətlərin əsas istiqamətlərinin siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı olduğunu bildirdi. Görüş zamanı Azərbaycan və Şimali Makedoniya arasında müxtəlif sahələri əhatə edən bir sıra müqavilə və sazişlər imzalandı. Bunlara diplomatik münasibətlərin tənzimlənməsi, iqtisadi əməkdaşlıq, enerji və ticarət sahələrində razılaşmalar daxildir.
Qeyd edək ki, iqtisadi əməkdaşlıq sahəsində Azərbaycan və Şimali Makedoniya arasında ticarət dövriyyəsinin artırılması və qarşılıqlı sərmayələrin təşviqi üçün imkanlar mövcuddur. Azərbaycan Avropa bazarına enerji tədarükündə mühüm rol oynadığı üçün Şimali Makedoniya da bu sahədə əməkdaşlıqda maraqlıdır. Məlumdur ki, son illər baş verən beynəlxalq proseslər səbəbindən Avropa Azərbaycan qazına ciddi ehtiyac duyur və bu sahədə əməkdaşlıq getdikcə genişlənir. Nəzərə alsaq ki, TAP və TANAP kimi enerji layihələri vasitəsilə Azərbaycan qazının Avropaya tədarükü həyata keçirilir bu da öz növbəsində Şimali Makedoniya üçün də yeni imkanlar yaradır. Bundan əlavə, Azərbaycan bərpa olunan enerji sahəsində də böyük layihələr həyata keçirir. Qarabağ və Şərqi Zəngəzur regionlarında günəş və külək enerjisi potensialının inkişaf etdirilməsi Şimali Makedoniya ilə bu sahədə mümkün əməkdaşlığı da gündəmə gətirir. Ümumi mənzərə onu nümayiş etdirir ki, Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli münasibətlər davamlı olaraq inkişaf edir, bu da özlüyündə gələcək üçün böyük ümidlər və prespektivlər formalaşdırır.
Elməddin Bəşirov;
Neftçala rayonu