AZ

Qazaxıstan ABŞ-ı Trans-Xəzər marşrutunu dəstəkləməyə çağırıb

Astana, 13 mart, AZƏRTAC

“CERAWeek 2025” beynəlxalq enerji konfransı çərçivəsində Qazaxıstan Respublikasının energetika naziri Almasadam Satkaliyev Hyustonda amerikalı həmkarı Kris Rayt ilə görüş keçirib.

AZƏRTAC Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşün əsas mövzuları neft-qaz sənayesində birgə layihələrin həyata keçirilməsi, iki ölkə arasında strateji energetika dialoqunun inkişafı, o cümlədən enerji təchizatının şaxələndirilməsi və yaşıl enerji sahəsində əməkdaşlıq məsələləri olub.

Nazirlər Kaşaqan, Tengiz və Karaçaqanak layihələrinin gedişatını ətraflı müzakirə ediblər. Qazaxıstan tərəfi bu layihələrə ABŞ investisiyalarının və texnologiyalarının cəlb edilməsinin vacibliyini vurğulayıb.

Tərəflər istixana qazları emissiyalarının azaldılması, bərpaolunan enerji mənbələrinin inkişafı, mülki nüvə enerjisi sahəsində əməkdaşlıq və mühüm mədən materiallarının çıxarılması kimi sahələrdə əməkdaşlığın perspektivlərini nəzərdən keçiriblər. Qazaxıstan kiçik modul reaktorların inkişafı və istismarı sahəsində ABŞ-ın təcrübəsini öyrənməkdə maraqlı olduğunu bildirib.

Qazaxıstan neftinin nəqli marşrutlarının şaxələndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Nazir A. Satkaliyev Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətini vurğulayıb və onun inkişafında ABŞ-ın dəstəyinə ümid etdiyini bildirib.

Tərəflər, həmçinin sanksiyaların məhdudlaşdırılmasının Qazaxıstan neftinin dünya bazarlarına tədarükünün sabitliyinə təsiri ilə bağlı məsələləri müzakirə ediblər.

Qazaxıstanlı nazir bildirib: “Qazaxıstan və ABŞ enerji sektorunda strateji tərəfdaşlardır. Biz əməkdaşlığımızı yüksək qiymətləndiririk və onun daha da genişləndirilməsi, o cümlədən yaşıl enerji və yeni texnologiyalar sahəsində böyük potensialın olduğunu görürük”.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
1
azertag.az

1Mənbələr