Cəbrayıl, 13 mart, Aydın Yavərzadə, AZƏRTAC
30 illik işğal zamanı Cəbrayılın Horovlu kəndi də digər yaşayış məntəqələrimiz kimi darmadağın edilib. 2020-ci il oktyabrın 4-də Zəfər yürüşünün 8-ci günündə Cəbrayıl şəhəri ilə bərabər Horovlu kəndi də Azərbaycan Ordusu tərəfindən azad edildi. 2023-cü il mayın 4-də yenidən təməli qoyulan kənddə aparılan tikinti-quruculuq işləri sayəsində artıq bu yaşayış yerinə də həyat yenidən qayıdır. AZƏRTAC-ın bölgə müxbiri Horovlu kəndində olub, görülən işlərlə bağlı qeydlərini qələmə alıb.
Horovlu kəndi Cəbrayıl şəhərindən 8 kilometr məsafədə yerləşir, rayon üzrə 3 ən böyük kənddən biridir. İşğal zamanı yerlə-yeksan edilən kənd indi yenidən qurulur. Hazırda Horovluda tikinti işləri sürətlə davam edir. Kəndin layihələndirilən ümumi ərazisi 248 hektardır.
Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov bildirib ki, birinci mərhələdə 103 hektar ərazidə 334 evin tikintisi aparılır: “İnşa edilən evlər iki, üç, dörd və beş otaqlıdır. Kənddə inzibati bina, çoxfunksiyalı bina, məktəb binası, uşaq bağçası da inşa olunur. Horovlu kəndinə qayıdacaq hər bir kənd sakinini gözəl evlər qarşılayacaq. Ümumilikdə, fərdi yaşayış evlərinin tikintisi 75 faiz icra edilib. Bu evlərin bir çoxunda bəzək işləri bitib, eləcə də daxili mühəndis kommunikasiya işləri yerinə yetirilib. Bütün evlərdə izolyasiyaya xüsusi önəm verilib ki, bu da daha çox enerjiyə qənaət deməkdir. Bütün evlərdə enerjinin itməməsini təmin etmək üçün evlərin girişində tambur – dəhliz nəzərdə tutulub. Hər bir evin həyətyanı sahəsi mövcuddur. Bundan başqa, hər bir evin həyətində çoxməqsədli yardımçı tikili də var”.
Kəndin dayanıqlı su təchizatını təmin etmək məqsədilə kəhrizlərin bərpası üçün layihə də həyata keçirilir. Artıq 5 kəhriz bərpa olunub.
Horovlunun abadlaşmasında çalışanlar arasında kəndin doğma sakinləri də var. Vüqar İsmayılov Horovlu kəndindəndir. Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. İkinci Qarabağ müharisində isə oğlu Vaqif döyüşlərə qoşulub və şəhidlik zirvəsinə ucalıb. Deyir ki, bu torpaqlar doğma olmaqla bərabər, həm də müqəddəsdir. Çünki hər qarışı uğrunda canlarını fəda edən oğulların sayəsində öz sahiblərindədir.
“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz bizlərə qələbə sevincini yaşatdı və torpaqlarımızın azad edilməsi ilə bərabər, həm də şəhidlərimizin qisası alındı. Mənim oğlum da 44 günlük döyüşlərdə şəhid olub. Mən bir şəhid atası olaraq doğma kəndimizin yenidən qurulmasında iştirak edirəm. Horovlu yenidən abadlaşır gözəlləşir”, - deyən Vüqar İsmayılov bildirib ki, işğaldan öncə də Horovlu kəndi çox səfalı yer olub. Hər tərəf yaşıllıq və iri gövdəli ağaclardan ibarət idi. Lakin işğal zamanı onlar da məhv edilib. “Amma indi kəndimiz yenidən qurulur, tikinti işləri ilə yanaşı, yeni ağaclar da əkilir", - deyə o vurğulayıb.