“Səudiyyə Ərəbistanı humanitar yardıma sadiqdir və təsirlənmiş ölkələri ixtisaslı və davamlı təşəbbüslərlə dəstəkləyir”.
Hafta.az-ın “The İndependent”ə istinadən yazdığına görə, bunu Kral Salman Yardım və Humanitar Tədqiqatlar Mərkəzinin - Ksrelief-in baş direktoru Dr. Abdullah ər-Rabia deyib.
O, Türkiyə və Suriyada fövqəladə hava körpüsünün qurulmasına, qida, sığınacaq və tibbi layihələri əhatə edən kütləvi yardım kampaniyasının başlanmasına səbəb olan zəlzələdən sonra kral direktivlərinə istinad edərək, Səudiyyə Ərəbistanının fəlakətlərə tez reaksiya verməkdə aparıcı rol oynadığını deyib. Bildirib ki, bu səylər fövqəladə yardımla məhdudlaşmır, koklear implantlar və amputasiyaların reabilitasiyası kimi xüsusi tibbi kampaniyalar da daxil olmaqla daha dayanıqlı layihələrə çevrilib və bunlar mərkəzin müvəqqəti yardımdan daha çox səlahiyyətləndirmə və inkişafa yönəldiyini əks etdirir.
Kralın əmri ilə başladılan Səudiyyə ictimai kampaniyasının müvəffəqiyyətinə diqqət çəkərək, bu prosesin təkcə dövlət yardımı ilə məhdudlaşmadığını, həm də vətəndaşların birbaşa ianələrini əhatə etdiyini deyən ər-Rabia könüllülük məsələsinə də toxunub. Dr. ər-Rabia, KSrelief-in könüllülük sahəsində qabaqcıl təcrübəyə malik olduğunu, könüllülərin sayının dünya üzrə 76 minə çatdığını, o cümlədən Suriyadakı humanitar dəstək proqramlarında iştirak etmək üçün bir neçə saat ərzində qeydiyyatdan keçən 3 min könüllünün böhran dövründə xalqlar arasında həmrəylik və əməkdaşlığın ölçüsünü əks etdirdiyini bildirib.
Qəzzaya gəlincə, ər-Rabia bildirib ki, Səudiyyə Ərəbistanı oradakı yerüstü çətinliklərə baxmayaraq yardım göndərməyə davam edir. Eləcə də, yardımların çatdırılmasını təmin etmək üçün Misir və İordaniya vasitəsilə havadan atış və marşrutlaşdırma üsullarından yararlanır. O, həmçinin vurğulayıb ki, Səudiyyə Ərəbistanı tarixən Qəzzanı dəstəkləməkdə ön sıralarda olub və orada həyatın normala dönməsini təmin etmək üçün yenidənqurma səylərinə güclü töhfə verəcək.
Ər-Rabia sonda qeyd edib ki, Səudiyyə Ərəbistanı sadəcə KSrelief vasitəsilə humanitar böhranlara tez cavab verməyəcək, eyni zamanda bütün dünyada böhranlardan təsirlənənlərə sabitlik, iqtisadi güclənmə və müalicə təmin etmək üçün humanitar yardım proqramlarını genişləndirməyə davam edəcək.
Yeri gəlmişkən, KSrelief haqqında məlumatlara qısaca nəzər salaq:
Kral Salman Yardım və Humanitar Tədqiqatlar Mərkəzi (KSrelief) 13 may 2015-ci ildə Səudiyyə Ərəbistanının humanitar yardım göstərmək səylərini koordinasiya etmək üçün İki Müqəddəs Ocağın Xadimi Kral Salman bin Əbdüləzizin göstərişi ilə yaradılıb.
Mərkəz yarandığı gündən indiyədək 106 ölkədə ümumi dəyəri 7,33 milyard dolları keçən 3361 layihə həyata keçirib.
KSrelief-in yardımından faydalanan ölkələr göstərilən ümumi yardım məbləğlərinə görə aşağıdakı kimi sıralana bilər:
KSrelief-in köməyindən ən çox faydalanan ölkə Yəməndir. Bu ölkədə 4 milyard 543 milyon 564 min 241 dollar dəyərində 1035 layihə həyata keçirilib. İkinci ölkə Fələstindir, burada 512 milyon 611 min 907 dollar dəyərində 130 layihə icra olunub. Üçüncü yerdə olan Suriyada isə KSrelief tərəfindən 477 milyon 109 min 340 dollar dəyərində 365 layihə həyata keçirilib.
6 fevral 2023-cü ildə Türkiyənin cənubunda və Suriyanın şimalında baş verən dağıdıcı zəlzələdən sonra KSrelief, zərər çəkənlərə daimi sığınacaq təmin etmək üçün Türkiyə və Suriyada 3 min ev tikib, zəlzələdən ən çox zərər çəkən bölgələrdən olan Hatayda daha min ev tikməyi planlaşdırır.
KSrelief tərəfindən zəlzələdən zərər çəkənlərə dəstək olmaq üçün başlatdığı "Sahem" kampaniyası Səudiyyə ictimaiyyətinin böyük marağına səbəb olub və cəmi bir həftə ərzində 90 milyon dollardan çox vəsait toplanıb. Bu ianələr mənzil, səhiyyə və iqtisadi dəstək layihələrinin maliyyələşdirilməsinə, humanitar yardımın gücləndirilməsinə və zərər çəkmiş minlərlə insanın həyatına davamlı təsirin yaradılmasına yönəldilib.
Yaradıldığı gündən KSrelief humanitar fəaliyyətləri təşviq etmək üçün çoxsaylı beynəlxalq konfrans və forumlar keçirib və sair.