Bakı, TurkicWorld
Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar, ABŞ-ın Hyuston şəhərində keçirilən CERAWeek konfransında çıxışı zamanı Sakarya qaz yatağının ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayacağını bildirib.
TurkicWorld Azervoice-a istinadən xəbər verir ki, Bayraktarın sözlərinə görə, hazırda Sakarya qaz yatağından gündəlik 7,5 milyon kubmetr qaz hasil edilir.
Gələn ay bu rəqəm 9,5 milyon kubmetrə, 2026-cı ildə isə 20 milyon kubmetrə çatdırılacaq. Bununla, 2026-cı ildə Türkiyənin daxili tələbatının 15 faizi, 2030-cu ilə qədər isə 30 faizi Sakarya qazından təmin ediləcək.
Nazir Bayraktar Türkiyənin enerji siyasətində əsas prioritetin enerji təhlükəsizliyini təmin etmək və idxaldan asılılığı azaltmaq olduğunu vurğulayıb. O, qeyri-ənənəvi neft və qaz hasilatı sahəsində də yeni addımlar atdıqlarını bildirib.
Bu məqsədlə Türkiyə Petrolleri Anonim Ortaklığı (TPAO), Continental Resources və TransAtlantic şirkətləri ilə əməkdaşlığa başlayıb. Bu çərçivədə Diyarbəkir hövzəsində qeyri-ənənəvi neft və qaz hasilatına diqqət yetiriləcək və bu, ABŞ-Türkiyə enerji əməkdaşlığında bir ilk olacaq.
Bayraktar LNG sahəsində həyata keçirilən infrastruktur layihələrinin qonşu bazarlara, xüsusilə də cənub-şərqi Avropaya qaz ixracını mümkün edəcəyini deyib. O, Türkiyənin gələcəkdə Suriya və İraqa qaz tədarük edə biləcəyini də qeyd edib.
Nazir həmçinin Somali dəniz sahəsində 3D seysmik tədqiqatların davam etdiyini və yaxın gələcəkdə Liviyada da araşdırmalara başlanacağını açıqlayıb.enerjisi
Bayraktar Türkiyənin qeyri-karbon enerji mənbələrinə, xüsusilə də günəş enerjisinə böyük önəm verdiyini bildirib. O, bu sahədə 2 gigavatlıq güc ayrıldığını və yaxın vaxtlarda beynəlxalq bir şirkətin Türkiyədə günəş enerjisi layihəsinə sərmayə qoyacağını elan edəcəklərini söyləyib.
Qeyd edək ki, Türkiyə son illərdə enerji sahəsində idxaldan asılılığı azaltmaq və enerji təhlükəsizliyini təmin etmək üçün mühüm addımlar atır. Sakarya qaz yatağının istifadəyə verilməsi və yenilənə bilən enerji layihələri bu strategiyanın əsas hissəsini təşkil edir.