«Turan Tovuz»da anarxiya baş alıb gedir.
Qərb klubunun yalnız əsas deyil, əvəzedici komandası da «burulğana düşüb».
Növbəti xoşagəlməz hadisə Əvəzedicilər Liqasının 26-cı turunda yaşanıb. Bakıda «Neftçi-2»nin qonağı olan tovuzluların heyətində 3 nəfər qırmızı vərəqə alıb.
İlk hissə «Turan Tovuz-2»nin üstünlüyü şəraitində keçib. Vüqar Bağırov (33) və Tural Bayramlı (38) ev sahiblərinin qapısına yol tapıb.
Fasilədən sonra Rəşad Abdullayevin çalışdırdığı «ağ-qaralar» gedişatı 180 dərəcə dəyişib. Məhəmməd Məmmədli (48), Elcan Əbilov (83-pen) və Kamal Kazımov (88) ümumi hesabı bakılıların xeyrinə dəyişib.
Bu da tovuzlu oyunçuları «cin atına mindirib». Belədə meydanda ara qarışıb, məzhəb itib.
Baş hakim Kamranbəy Rəhimov sarı və qırmızı vərəqələri cibindən çıxarmağa «xəsislik» etməyib.
«Neftçi-2»dən Kamal Kazımov (87) və Həbib İsmayılovu (90+5) meydandan qovubsa, əyalət təmsilçisindən Cavid Qasımov (90+1), Sadiq Quliyev (90+5) və Dinamin Bağırovu (90+6).
Onlardan C.Qasımov baş məşqçisinə münasibətdə hörmətsiz davranıb. Belə ki, rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə «qırmızı» alan gənc Nizami Ocaqverdiyevin gözü qarşısında ehtiyat skamyaya təpik «ilişdirib».
Tovuzlu mütəxəssis ona sayğısız yanaşmasına rəğmən, Cavidə heç bir etiraz bildirməyib.
SPORTİNFO.AZ