
Şimali Koreya lideri Kim Çen In Pxenyanda 2024-cü ildə sökülən Qış Sarayının yerində nüvə raket buraxılış meydançası yaradıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti peyk görüntülərinə istinadla məlumat yayıb.
Ceyms Martin Nüvə Silahlarının Yayılmaması Araşdırmaları Mərkəzinin analitiklərinin fikrincə, baza qolf meydançası kimi “maskalanıb”.
Onların sözlərinə görə, meydança beton əsaslarla möhkəmləndirilib və onun üzərinə otla birlikdə nazik torpaq qatı əlavə edilib.
Digər ekspertlər isə qeyd edirlər ki, düz, beton əsaslı ərazilər uzaq mənzilli ballistik raketlərin buraxılması üçün idealdır və meydançadakı bəzi binalar tipik qolf meydançaları üçün nəzərdə tutulan binalardan fərqlidir.
Xüsusilə, binalar arasında “Hwasong-19” kimi raketləri şaquli vəziyyətdə saxlaya bilən və təxminən 36 metr hündürlüyü olan dörd mərtəbəli bina da var.
Bundan əlavə, bu ərazidəki yollar qitələrarası ballistik raketlərin daşınması üçün də idealdır.