Müəllifin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfə olaraq hazırladığı məqalə, hekayə və dram əsərlərindən ibarət olan kitab Bakl Dövlət Universitetinin şəhid tələbəsi, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun xatirəsini əbədiləşdirmək məqsədilə "Yazarlar" jurnalı tərəfindən hər il həyata keçirilən "25 yarpaq" layihəsi çərçivəsində nəşr olunmuşdur.
Kitabın redaktoru Zaur Ustac, rəyçi və ön sözün müəllifi Qərənfil Dünyaminqızı, məsləhətçi və tərtibatçısı Ayətxan Ziyad (İsgəndərov), naşiri Tuncay Şəhrilidir.
Kitabı gənc həmkarının ilk işi olduğu üçün "Debüt" adlandıran tərtibatçı redakroru Ayətxan müəllim müəllifi oxuculara belə təqdim edir: "Südabə Məmmədova. 26 iyul 2005-ci ildə Tovuzda anadan olub. BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbəsidir. Yazıları "Yazarlar" jurnalı, "525-ci qəzet", "Bütöv Azərbaycan" qəzeti və digər media orqanlarında yayımlanıb. Şərq TV-də aparıcı, Trend Xəbər Agentliyində müxbir olaraq çalışıb. Media İnkişaf Agentliyində BDU üzrə ilk birillik Media Səfiri, TAİB təşkilatında Protokol Komissiyasının rəhbəri kimi fəaliyyət göstərib. BSU-nun "Yaşıl dünya naminə həmrəylik ili" adlı II mərhələli müsabiqəsində hər iki mərhələnin qalibi olub.
"Debüt" tələbə-jurnalistin oxucuları ilə ilk görüşüdür."
Südabə Məmmədova "Debüt"ün işıq üzü görməsi münasibətilə "Yazarlar" jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni müəllifə yalnız bir dəfə təqdim olunan "Ziyadar" mükafatı ilə təltif olunmuşdur. Kitab artıq ölkəmizin əsas kitabxanalarının kitab fondlarına daxil edilmiş və bu proses ilin sonuna qədər mərhələli şəkildə davam edəcək. Arzu edənlər kitabı "Kitabevim.Az" kitab mağazaları şəbəkələrindən əldə edib öz kitabxanalarını belə bir nümunə ilə zənginləşdirə bilərlər. Bundan əlavə kitabı "Novella" kitab evindən simvolik bir qiymətə kirayə də götürüb oxumaq olar.
Gənc yazarı və bu böyük miqyaslı işdə əməyi olan hər kəsi təbrik edirəm. Ayətxan müəllimə xüsusi təşəkkürlər!
Mina Rəşid