AZ

Monopolist şirkətlər və onların yaratdığı risklər

Ölkənin iqtisadi inkişafına birbaşa təsir göstərən amillərdən biri də bazarda rəqabət mühitinin səviyyəsidir.

Kommunal xidmətlər və nəqliyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən bir sıra şirkətlər faktiki olaraq monopolist mövqedədir. Bu şirkətlərin bazardakı dominantlığı iqtisadi inkişafa mənfi təsir göstərir. Onların özəlləşdirilməsi ilə bağlı müxtəlif mülahizələr və fikirlər səslənsə də, praktik addımlar atılmır. Həmin şirkət və qurumlar rəqabətsiz mühitdə fəaliyyət göstərdiyindən, xidmət keyfiyyətini artırmaq üçün heç bir təzyiq hiss etmirlər. Bununla da idarəetmədəki problemlər və innovasiyalara marağın olmaması xidmətlərin keyfiyyətinin aşağı düşməsinə, istehlakçıların əziyyət çəkməsinə səbəb olur.

Xüsusilə də tez-tez təmir adı altında kommunal xidmətlərin göstərilməsində yaranan fasilələr, nəqliyyat sistemində olan yüksək qiymət və aşağı xidmət məhz bazarda ciddi rəqabətin olmamasının verdiyi rahatlığın yaratdığı fürsətdir.

Bu isə eyni zamanda qiymət siyasətinə də təsir edir. Alternativ olmadığından istehlakçılar yüksək qiymətə aşağı keyfiyyətli xidmət almağa məcbur qalırlar. Məsələn, elektrik enerjisi, qaz, su təchizatı və nəqliyyatın müxtəlif sahələrində olan xidmətlər keyfiyyət problemləri, tariflərin baha olması əhalinin sosial rifahına mənfi təsir göstərir.

Bu fonda monopolist dövlət şirkətləri çox vaxt zərərlə işlədiyini açıqlayaraq büdcədən böyük həcmdə subsidiya və maliyyə yardımı alır. Bu həm də dövlətin maliyyə yükünü artırır və digər prioritet sahələrə ayrılmalı olan vəsaitin səmərəsiz istifadəsinə gətirib çıxarır. Həmçinin, korrupsiya riski yüksək olur və qeyri-şəffaf idarəetmə iqtisadi inkişafı ləngidir.

Rəqabət mühiti olmadığı üçün monopolist şirkətlər texnoloji yeniliklərə investisiya qoymağa maraqlı olmur. Bu isə sektorun inkişafını ləngidir və ölkənin beynəlxalq bazardakı rəqabət qabiliyyətini zəiflədir. Qüvvədə olan Rəqabət Məcəlləsi bazarda tək olduqlarından həmin şirkətlərə tətbiq oluna bilmir.

Zaman-zaman kommunal xidmətlər və nəqliyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən şirkətlərin özəlləşdirilməsi məsələsi gündəmə gəlib, bunun müəyyən üstünlüklər və yeni imkanlar yarada biləcəyi deyilib. Belə ki, özəl şirkətlər bazara daxil olduqda, xidmətlərdə keyfiyyətin artması qaçılmaz olacaq. Çünki rəqib şirkətlər müştəri qazanmaq üçün daha yaxşı xidmət təqdim etməyə çalışır. Bir çox ölkələrdə elektrik enerjisi və nəqliyyat xidmətlərinin özəlləşdirilməsi bu sahələrdə keyfiyyətin yüksəlməsinə səbəb olub. Özəlləşdirilmiş şirkətlərin dövlət büdcəsindən maliyyə almaması ilə dövlət vəsaitinə qənaət edilir və bu vəsait təhsil, səhiyyə və digər vacib infrastrukturlara yönəldilir.

Bu riskləri belə sistemləşdirmək olar:

*Qiymətlərin artma ehtimalı - Bəzi hallarda daha çox qazanc əldə etmək üçün xidmətlərin qiyməti artıra bilər. Əgər qiymətə nəzarət paketi tamamilə həmin şirkətin öz səlahiyyətinə verilərsə, istehlakçılar üçün əlavə yük yarana bilər;

*İş yerlərinin azalması – Özəlləşdirilmiş şirkətlər səmərəliliyi artırmaq üçün işçi sayını azalda bilər. Bu da işsizliyin artmasına əsas yarada bilər;

*Strateji sahələrin idarəetməsində çətinliklər – Su, enerji və nəqliyyat kimi mühüm sahələrin tam özəlləşdirilməsi dövlətin bu sahələrə nəzarət imkanlarını zəiflədə bilər.

Buna görə də tam olaraq özəlləşdirilmə üçün keçid müddəti və strateji planlama təbiq olunmalıdır. Paralel fəaliyyət, yəni nəzarət paketinin müəyyən qisminin dövlətdə qalması mexanizmi daha cəlbedici görünür. Çünki yuxarıda qeyd etdiyimiz kimi nəzarət imkanlarının tam olaraq verilməsi əlavə problemlərə yol aça bilər. Bu proses tənzimləyici qurumların ciddi nəzarəti altında aparılmalı, qiymət artımı və işsizlik riskləri nəzərə alınmalıdır. Yalnız balanslaşdırılmış və şəffaf özəlləşdirmə strategiyası iqtisadi inkişaf üçün real fayda verə bilər.

Lakin özəlləşmə olmadan da monopoliyanı aradan qaldırmaq mümkün deyil.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan Respublikaçı Alternativ Partiyasının sədri, iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə, inhisarçı bazarın üçdə birindən çoxuna nəzarət edən şirkətlərə deyilir:

“Əgər bir şirkət bazarda 33 faizdən çox paya sahibdirsə, o inhisarçı sayılır. Məhz ölkəmizdə inhisarçılıqla bağlı qanunvericilik bazası var, belə olan halda inhisar qanunvericiliyi ona qarşı işə düşür. Bu nöqteyi-nəzərdən Azərbaycanda rəsmi olaraq bu qaydalara dövlət şirkətləri düşür. Amma qeyri-rəsmi olaraq Azərbaycanda inhisarçı şirkətlər çoxdur. Bir neçə şirkət var ki, Azərbaycanda topdansatış bazarına nəzərət edirlər. Ölkəyə ərzaq gətirilməsi və ya daxildə ərzaq istehsalı və onların pərakəndə satış mağazalarına paylanılmasına nəzarət edirlər. Bu şirkətlərin bazarda inhisarçı mövqedə olması onların bazarlardakı qiymətlərə diqtə etməsinə imkan və fürsətlər yaradır”.

Seçilən
3
cebheinfo.az

1Mənbələr