Son rəy sorğularının nəticələrinə görə, ABŞ Prezidenti Donald Trampın hərəkətləri sadə amerikalılar arasında getdikcə artan narazılığa səbəb olur.
“AzPolitika” xəbər verir ki, “Axios” nəşrinin yazdığına görə, narazılıq xüsusilə iqtisadi siyasətlə bağlıdır.
Belə ki, seçki kampaniyasında Tramp daha ucuz qiymətlərə stavka etsə də, seçicilər onun siyasətinin - ABŞ-nin ən yaxın ticarət tərəfdaşları ilə ticarət müharibəsindən tutmuş kütləvi deportasiyalara qədər - əks nəticəyə gətirib çıxardığını görməyə başlayıblar.
Çərşənbə günü yayımlanan CNN sorğusu göstərib ki, sorğuda iştirak edən amerikalılardan yalnız 45%-i Trampın indiyə qədər prezident kimi gördüyü işi bəyənir, 54%-i isə buna qarşıdır.
Eyni zamanda, seçicilərin 56%-i Trampın iqtisadiyyatı necə idarə etməsini bəyənmir. “CNN”-in məlumatına görə, bu göstərici onun ilk prezidentlik müddətinin istənilən dövründən çoxdur. Respondentlərin 61 faizi Trampın tariflərlə bağlı davranışını, 52 faizi isə federal büdcəni idarə etməsini bəyənmədiyini bildirib.
Eyni mənzərə “Emerson College Polling”-in yeni sorğusunda da görünür. Şirkətin icraçı direktoru Spenser Kimballun qeyd etdiyi kimi, sorğunun nəticələri göstərir ki, “Trampın ilkin “bal ayı mərhələsi” başa çatmaq üzrədir”: "Tramp üçün əsl problem seçicilərin öz maliyyə gələcəklərini necə qəbul etmələri olacaq". O əlavə edib ki, seçicilər onun iqtisadiyyata münasibətini bəyənmir, tariflərin iqtisadi artıma zərər verəcəyinə inanır və Trampın kriptovalyuta siyasətlərinə şübhə ilə yanaşır.
Qeyd edək ki, Donald Trampın Kanada, Meksika və Çinə qarşı yüksək tariflər tətbiq etməsi fonunda ABŞ fond bazarı ucuzlaşmaqda davam edir. Strateqlər və iqtisadçılar ABŞ-nin iqtisadi tənəzzülü ilə bağlı proqnozlarını artırırlar. Trampa yaxın milyarderlər də sürətlə sərvətlərini itirirlər. Məsələn, Trampın prezidentliyinin ilk 50 günündə İlon Maskın sərvəti 148 milyard dollar azalıb. Ceff Bezos 29 milyard dollar, Mark Zukerberq 5 milyard dollar itirib.
Ağ Ev isə ölkədəki iqtisadi vəziyyətin günahını əvvəlki administrasiyanın üzərinə atmağa çalışır.
“AzPolitika.info”