AZ

Media: Misir HƏMAS və İsrailə yeni atəşkəs planı təklif edib

Bakı, 13 mart, AZƏRTAC

Misir HƏMAS hərəkatına və İsrailə Qəzza sektorunda 60 günlük atəşkəs, girovların azad edilməsi və müharibəyə son qoyulması üçün danışıqlara başlanması ilə bağlı yeni nizamlanma təklifləri təqdim edib.

AZƏRTAC xəbər verir ki, “The National” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, HƏMAS hərəkatının təşəbbüsə ilkin reaksiyası “ümidverici” olsa da, İsrail hakimiyyəti hələlik təklifə cavab verməyib.

“Misirin planı yeni yol xəritəsidir və onun əsas məqamları Vaşinqtonla razılaşdırılıb. Bu, Qəzza sektorunda atəşkəsin bitdiyi martın 1-dən bəri yaranmış vəziyyətdən çıxış yolu kimi nəzərdə tutulub”, - deyə nəşrin həmsöhbəti bildirib.

Misirin təkliflərinə əsasən, atəşkəsin yeni mərhələsi Qəzzada saxlanılan beş nəfər ABŞ vətəndaşının da daxil olduğu 10 əsirin azad edilməsi ilə başlayacaq. Bunun müqabilində İsrail müəyyən sayda fələstinli girovu azadlığa buraxacaq. Həmçinin Qəzza sektoruna humanitar yardım çatdırılmasına, yanacaq və zəruri malların tədarükünə qoyduğu qadağa aradan qaldırılacaq. Bundan əlavə, danışıqların uğurla nəticələnəcəyi təqdirdə, İsrail qoşunları Qəzza sektorundan tamamilə çıxarıla və daimi atəşkəslə bağlı müzakirələr aparıla bilər.

Qeyd edək ki, Qəzza sektorunda atəşkəs razılaşmasının birinci mərhələsi martın 1-də başa çatıb. Bu müddət ərzində HƏMAS hərəkatı həlak olanlar da daxil olmaqla 33 nəfəri qaytarıb, İsrail isə bunun müqabilində 1500-dən çox girovu azadlığa buraxıb. Ertəsi gün İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza sektoruna humanitar yardımın çatdırılmasının dayandırıldığını və bütün keçid məntəqələrinin bağlandığını elan edib.

Seçilən
2
1
azertag.az

2Mənbələr