Böyük sərvət transferi çərçivəsində qarşıdakı onilliklərdə 100 trln. dollardan çox vəsaitin sahibini dəyişəcəyi proqnozlaşdırılır.
Valyuta.Az xəbər verir ki, "Cerulli Associates" şirkətinin son hesabatına görə, 2048-ci ilə qədər ailə üzvlərinə ötürüləcək ümumi məbləğ təxminən 124 trln. dollar olacaq.
"Bank of America Global Research"in tədqiqat analitiki Key Hop bildirib ki, istər ərlərin pullarını həyat yoldaşlarına buraxması, istərsə də cütlüklərin sərvətlərini övladlarına ötürməsi nəticəsində "bu vəsaitin böyük hissəsi qadınlara çatacaq".
"Bank of America İnstitutu"nun "Qadınlar və sərvət" adlı hesabatına əsasən, təxminən 54 trln. dollar sağ qalan həyat yoldaşlarına veriləcək. Bu proses "üfüqi sərvət transferi" kimi tanınır və bu vəsaiti alanların 95%-ni qadınlar təşkil edir.
Bundan əlavə, 47 trln. dolların da gənc nəsildən olan qadınlara miras qalacağı gözlənilir.
"Nəticə olaraq, qadınlar tarixdə heç olmadığı qədər böyük sərvəti idarə edəcəklər", – hesabatda qeyd edilir.
Qadınların rifahı artır
Tarixən qadınlar maliyyə imkanları baxımından kişilərdən geri qalıblar. Bunun əsas səbəblərindən biri davamlı gender maaş fərqidir – qadınlar hələ də kişilərlə müqayisədə orta hesabla 20% daha az maaş alırlar.
Lakin qadınlar indi daha yüksək təhsil səviyyəsinə malikdirlər və kişilərlə eyni, bəzən isə daha çox işləyirlər. Bu da onların maaşlarının artmasına və rəhbər vəzifələrdə daha çox təmsil olunmasına səbəb olub.
"Bank of America İnstitutu" qeyd edir ki, artmaqda olan maaşlar və böyük sərvət transferi qadınları iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevirəcək.
"McKinsey" şirkətinin araşdırmasına görə isə, 2030-cu ilə qədər ABŞ-də şəxsi sərvətin təxminən üçdə ikisi qadınların nəzarətinə keçəcək. Bu isə tarixdə cinsiyyət baxımından ən böyük sərvət transferi olacaq.
Maliyyə planlama mütəxəssisi və "Life Planning Partners" şirkətinin təsisçisi Kerolin Makklanahan bildirir ki, qadınlara ötürülən bu vəsait onlara əvvəllər malik olmadıqları maliyyə təhlükəsizliyi yaradacaq.
"Buna tam zəmanət vermək olmaz, lakin bu, qadınların üzərindəki təzyiqi azalda bilər", – Makklanahan vurğulayıb.
Qarşıdakı illərdə qadınlar tarixdə ən böyük sərvət transferinin əsas benefisiarları olacaqlar. Bu isə qadınların maliyyə gücünü artıracaq və onları iqtisadi inkişafın mühüm oyunçularına çevirəcək.
Rəhim