Aparıcı sənayə ölkələrindən ibarət Böyük Yeddilər (G7) qrupunun xarici işlər nazirlərinin Kanadanın Kvebek şəhərində bir neçə gün danışıqlar aparacağı gözlənilir. Bu danışıqlara Rusiyanın üç ildi davam edən hərbi müdaxiləsinə qarşı Ukraynaya dəstəklə bağlı görüşlər daxildir.
Danışıqlar Birləşmiş Ştatların Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən danışıqların ardınca Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmaq və təhlükəsizlik yardımını davam etdirmək barədə qərar verməsindən sonraya təsadüf edib.
Ukrayna çərşənbə axşamı səkkiz saata yaxın davam edən danışıqlardan sonra ABŞ-ın Rusiya ilə müharibəbə “təcili müvəqqəti 30 günlük atəşkəs” təklifini qəbul etməyə hazır olduğunu elan edib. Kreml hələ ki, təklifi qəbul etməyib.
ABŞ dövlət katibi Marko Rubio çərşənbə günü Kanadaya gedərkən jurnalistlərə bildirib ki, ABŞ Rusiyanın sülh sazişinə razılığını qiymətləndirmək üçün “çoxsaylı təmas nöqtələrinə” malik olacaq.
“İndi hamımız səbirsizliklə Rusiyanın cavabını gözləyirik və onları bütün düşmənçilik hərəkətlərini dayandırmağı ciddi şəkildə nəzərdən keçirməyə çağırırıq… beləliklə, daimi sülh tapmaq üçün bir proses başlaya bilər,” Rubio çərşənbə günü Amerikanın Səsinə bildirib.
Rubio əlavə edib ki, əgər Rusiya atəşkəslə razılaşarsa, müşahidəçilərin olması vacibdir.
“Əgər onlar [ruslar] ‘hə’ desələr, müəyyən etməli olduğumuz əsas məsələlərdən biri hər iki tərəfin yerindəki kiçik silah atışlarını və mümkün toqquşmaları monitorinq etmək üçün kimə etibar edəcəyidir,” Rubio jurnalistlərə deyib.
Çərşənbə günü Ağ Evdə ABŞ Prezidenti Donald Tramp bildirib ki, indi cavab vermək “Rusiyadan asılıdır.”
“Və ümid edirəm ki, Rusiyadan bir atəşkəs ala bilərik,” o deyib. “Əgər bunu bacarsaq, düşünürəm ki, bu, bu dəhşətli qırğının sona çatmasının 80 faizi olacaq.”
Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, atəşkəs tərəflərə “müharibəni bitirmək üçün addım-addım plan hazırlamağa, o cümlədən Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə” imkan verəcək.
Almaniya kansleri Olaf Şoltz 30 günlük atəşkəs təklifini alqışlayıb və çərşənbə günü X-də deyib ki, bu, “Ukrayna üçün ədalətli sülh yolunda vacib və düzgün addımdır.”
“Biz Ukrayna və Birləşmiş Ştatların yanındayıq və Ciddədən gələn təklifləri alqışlayırıq. İndi Putindən asılıdır,” Şotlz deyib.
Kremlin sözçüsü Dmitri Peskov çərşənbə günü jurnalistlərə bildirib ki, Rusiya Birləşmiş Ştatlardan bu təkliflə bağlı məlumatlandırılmanı gözləyir.
ABŞ dövlət katibi Marko Rubio çərşənbə axşamı müxbirlərə deyib ki, Ukrayna müharibəyə son qoymaq üçün konkret addım atıb.
“İndi ümid edirəm ki, biz bu təklifi ruslara götürəcəyik. Biz ümid edirik ki, onlar ‘hə’ deyəcək, onlar sülhə ‘hə’ deyəcək. Top indi onların meydançasındadır,” o deyib.
Ciddədə danışıqlarda Marko Rubio ilə birlikdə ABŞ tərəfindən nümayəndə heyətinə rəhbərlik edən milli təhlükəsizlik müşaviri Mayk Valtz deyib ki, o “yaxın günlərdə” rusiyalı həmkarı ilə danışacaq.
Cümə axşamı NATO-nun baş katibi Mark Rutte Ağ Evi ziyarət edəcək. Bu müzakirələrin hamısı sülh prosesini irəlilətmək səylərinin bir hissəsidir.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-Ukrayna danışıqlarında iştirak etməyib, amma o, çərşənbə axşamı gündəlik müraicətində deyib ki, atəşkəs planı “müsbət təklifdir.”
visiontv.az